Qaynana-Gəlin Münasibətləri


Gülnarə Seyidova
Bu yazıya 836 dəfə baxılıb.

Evlilik həyatını zədələyən, boşanmalara qədər gedib çatan gəlin-qayınana arasındakı çəkişmələrin müəyyən səbəbləri anlaşılmazlıqlar, yanlış düşüncələr, küsəyənlik, şəxsiyyət  fərqlilikləri, gəlin və qayınananın həddini aşması, başqasını idarə etmə istəyi, qısqanclıq, ruhi xəstəliklər, eqoizm, cahillikdir.

Eyni insanı, yəni oğlunu və ərini sevən iki qadın, yersiz səbəblərlə razılaşa bilməyərək həyatı əvvəl özlərinə, sonra bütün ailə fərdlərinə zəhər edirlər. İnadlaşmalarla başlayan mübahisələr bir müddət sonra boşanmalara səbəb ola bilir.

 

Qayınana və gəlin arasında problemlərin yaranma səbəbləri.

İki yetkin insan arasındakı münasibət nə üçün qarşıdurmaya çevrilir? Bunun bir deyil bir neçə səbəbi ola bilər:

1. Münasibətlərin savaşa çevrilməsi: Əslində, bu savaşda gəlin və ya qayınana ortaq sevdikləri kişi üçün daha əhəmiyyətli olduqlarını sübut etməyə çalışırlar. Bu həm də eqoizmin bir göstəricisidir. Bütün bunların nəticəsində yaranan qısqanclıqlar, aradakı münasibətləri məhv edərək uçurumlara səbəb olur.

2. Yanlış inanclar: İnsanlar yaşadıqları bəzi yanlış inanclar səbəbi ilə bir-birlərinə neqativ duyğular bəsləyər. Və bu duyğularla da aqressiv davranışlar sərgiləyər.

Bəs yanlış inanclar nələrdir?

Qayınanalar üçün; "Bu mənim oğlumdur, gəlin onu məndən ayıracaq", "Bu gəlin oğulumu əsəbiləşdirəcək", "Oğulumun sevdiyi yeməkləri mən bilərəm və gəlin nə bilir yemək bişirməyi?!" , "Onsuz da o “Yad qızı”dır", "Gəlin almışam, mənə qulluq etməlidir" kimi səhv inanclar, gəlinini qızı kimi görməsinə, onu mənimsəməsinə mane olacaq, mənfi fikirlərə səbəb olacaq.

Gəlin üçün; "Oğlunu məndən qısqanır, ona görə də bizi ayırmaq istəyir", "Məqsədi səhvlərimi göstərib yoldaşımı məndən soyutmaqdır", "Hər fürsətdə məndən oğuluna şikayət edir", "Məni özünə xidmət etməyim üçün alib", "Mənə cadu etdirib, uşaqlarımı məndən soyutmağa çalışır", "Oğuluna məndən daha yaxşı yemək bişirdiyini göstərmək üçün bizə yeməklər bişirir” kimi bəzi səhv və neqativ düşüncələr qayınanasına anası kimi yaxınlaşmasına mane olur.

Kişi üçün, "Özləri bilər, nə istəsələr etsinlər", "Əvvəlcə anama gəlin olmağı bacar, ondan sonra səni yoldaş olaraq qəbul edərəm", "Anamı xoşbəxt edə bilməzsənsə, məni heç edə bilməzsən" kimi laqeyd yanaşmalar, qarşıdurmanın daha da alovlanmasına səbəb olacaq.

3. Ətrafdakı insanların təsiri: Bəzən müşahidə edilən problemli münasibətlər və ya bəzən yaxın insanların yönləndirici ifadələri insanlarda neqativ fikirlərə və bu səbəbdən hələ tanımadan səhv düşüncə və davranışlara səbəb olur. Məsələn, hələ evlənməmişdən evvəl özünə deyilən "Qayınanana özünü əzdirmə, çox xidmət edib pis öyrətmə, qayınanalar gəlinini qısqanar" kimi yanlış ifadələr gəlinə təsir edəcəyi kimi; "Oğulunu əldən buraxma, gəlini çox əzizləyib təpənə çıxarma" kimi səhv yönləndirmələr də qayınananın aqressiv davranışına səbəb ola bilər.

4. Ünsiyyət səhvləri: Qayınana və gəlin arasında, evliliyin ilk günlərindən etibarən yaşanan çətinliklər haqqında danışılmaması və ya kinayəli sözlərlə və tənqidlər şəklində dilə gəlməsi daha ciddi problemlərin meydana gəlməsinə, qarşıdurmaların irəliləməsinə səbəb olur.

5. Yanlış həyat təcrübələri: Təbii ki, yaşanan qarşıdurmalarda bunların da təsiri çox böyükdür. Gəlin baxımından uşaqlığında yaşadıqları, ata tərəfdən nənəsi və anası arasında yaşanan problemlər təsirli olduğu kimi, qayınana baxımından da öz qayınanası ilə yaşadığı problemlərin təsiri ilə gəlininə qarşı da aqressiv davrandığı görülür.

Bu problemlərin nəticəsində kimlər zədə alir?

Sözsüz ki, bu yalnız gəlin və qayınana ilə əlaqədar bir problem deyil.

1. Arada qalan kişi: Kişi həm gəlinin, həm qayınananın paylaşmaqda çətinlik çəkdiyi adamdır. O, hörmətdə və sevgidə tarazlığı təmin etmək məcburiyyətindədir. Bir tərəfdən anası, digər tərəfdən yoldaşı… Yəni bir tərəfdə məsuliyyətliyini aldığı, həyatı onunla paylaşacağına dair söz verdiyi yoldaşı, digər tərəfdə haqqını əsla ödəyə bilməyəcəyi anası vardır. Kişi, dəyər verdiyi bu iki insanın çətinliyini yaşayar, hər ikisini də itirmək istəməz. Amma tərəfləri yola gətirə bilmədiyi üçün sıxıntı yaşayar, ani əsəb partlamaları ya da psixoloji problemlər yaşaya bilər. Onun da başa düşülməyə ehtiyacı vardır, problemlərin tək həll nöqtəsi olaraq görülməməlidir.

2. Uşaqlar: Həyatımızı mənalandıran uşaqlar, qarşıdurmanın səbəblərini anlamaqda çətinlik yaşayarlar. Ata tərəfdən nənələrinin və analarının nəyi paylaşa bilmədiklərini anlaya bilməzlər. Bəzən analarına, bəzən də ata tərəfdən nənələrinə hirslənərlər. Necə davranmalı olduqlarını bilməzlər. Bəzən sevincli, lakin bəzən də eşitdikləri bəzi ifadələr səbəbi ilə əsəbi olarlar. Bəzən iki tərəfi idarə etmək məcburiyyətində qalmaq və ya gah yaxşı, gah pis olmaq uşaqlarda şəxsiyyət problemləri meydana gətirə bilər.

Bu problemlərin uşaqlara təsirini nəzərə alaraq daha diqqətli yanaşılmalı, problemləri onlara hiss etdirməmək lazımdır. Uşağa anasının ata nənəsini, ata nənəsinin isə anası pislənməməlidir. Yaşanılanların uşağın şəxsiyyətinə təsir edəcəyi unudulmamalıdır.

3. Ətraf: İnsanların cəmiyyətə model olmaq kimi öhtəlikləriləri vardır. Bu səbəblə həssas olmaları və problemlərinin ətrafdakı insanlara təsir edə biləcəyi unudulmamalıdır.

4. Gəlin və qayınana: Təbii ki, bu müddətdə ən çox qarşıdurmanın baş qəhrəmanları, yəni gəlin və qayınana daha çox zərər görəcəklər. Həm psixoloji, həm də ailə əlaqələri yönündən çətinliklər yaşayacaqlar. Bütün bunları nəzərə alaraq qayınana-gəlin əlaqələrinin yalnız iki adama deyil, bütün bir cəmiyyətə zərər verdiyini bilməliyik. Bütün qayınana və gəlinlərə sevgi, anlayış və hörmət dolu dinc bir həyat diləyirik.

 


Gülnarə Seyidova
Bu yazıya 836 dəfə baxılıb.