İlahi Rəhmət Mövsümü


Osman Nuri Topbaş
Bu yazıya 948 dəfə baxılıb.

Qurani-Kərimdə adı zikr edilən və Allahın saleh qullarından olan Zülqərneyn (ə.s.) bir gecə ordusu ilə səfərdə idi. Bu ərəfədə əsgərlərinə:

"Ayağınıza ilişən şeyləri yığın!"- deyə bir əmr verdi. Əsgərlər bu əmri eşidincə onlardan bəziləri:

"Neçə saatdır yol gedirik, çox yorğunuq. Bu azmış kimi bir də gecə vaxtı ayağımıza ilişən və nə olduğunu belə bilmədiyimiz şeyləri yığaraq boş yerə özümüzə yük edəcəyik! Ən yaxşısı heç bir şey yığmayaq!" -deyərək ayaqlarına ilişən şeylərdən bir dənə belə götürmədilər.

Bəziləri isə: "Madam ki, komandirimiz əmr etdi, hər nə qədər yorğun da olsaq, bir az yığaq, heç olmasa əmrə müxalif olmayaq. Çünki ordunun komandirinə itaət etmək lazımdır", -deyərək az bir şey yığdılar. Əsgərlərdən bəziləri də: "Komandirimiz, əlbəttə, heç bir şeyi boş yerə  əmr etməz. Şübhəsiz, bildiyi bir şey vardır. Biz anlaya bilməsək də, söylədiyi hər şeydə bir hikmət gizlidir",- deyərək ciblərini doldurdular. Gecənin qaranlığı, yerini yavaş-yavaş günəşin

işıqlarına verməyə başlayınca bir də baxdılar ki, yığdıqları şeylər qızıldan başqa bir şey deyilmiş.

Məgər qızılla dolu bir vadidən keçirmişlər, ayaqlarına dəyən şeylərin qızıl olduğunu anlaya bilməmişlər. Bu böyük sürpriz qarşısında komandirlərinin əmrinə itaət etməyərək yerdən heç bir şey yığmayanlar: "Ah, nə etdik biz?! Necə bir qəflətə uyduq?! Məgər qızıl dəryasından keçmişik, amma bir damla da olsun nəsiblənməmişik! Nə üçün dinləmədik komandirimizin sözünü! Kaş ki, biz də götürsəydik! Heç olmasa bir dənə götürsəydik!"- deyərək çox peşman oldular.

Az bir şey yığan əsgərlər isə: "Ah, gərək daha çox götürərdik. Ciblərimizi, əbalarımızı tam doldursaydıq", - deyə çox heyfsiləndilər. Qızıllardan ən çox yığanlar isə:

"-Kaş ki, komandirimizin bu əmri ilə, gərəksiz və lazımsız əşyalarımızı da atsaydıq və

beləcə qızıllardan daha çox yığa bilsəydik. Hətta hər şeyimizi yalnız qızılla doldursaydıq!" -deyərək, digərlərindən çox toplamalarına baxmayaraq, yenə də böyük bir hüznə qərq oldular.

❁ ❁ ❁

Cənabı Haqq, əşrəfi məxluqat olaraq yaratdığı insanoğlunu çox sevir və onlarla dost olmağı arzu edir. Belə ki, bu yaxınlığın təmini üçün bizlərə bəzi ikram vaxtları lütf etmişdir. Məsələn;

- Gecə və gündüzün dövranında, Peyğəmbərimiz (s.ə.s.); "Qulun, Rəbbinin rəhmətinə yaxın

olduğu zaman" ilk olaraq ifadə etdiyi, feyz dolu anları ilə səhərlər;

- Həftənin günləri içərisində, ikinci olaraq bəyan edilən "Üzərinə günəş doğan ən xeyirli gün", duaların məqbul olduğu sirli vaxt ilə cümələr;

- Ayların bir-birini izləməsi ilə gələn Zilhiccə ayı;

- Məhərrəm ayı və mübarək üç aylar;

- Bunlar arasında Ramazani-Şərif isə tam fərqli bir rəhmət iqlimi, müstəsna bir bağışlama mövsümüdür...

Cənabı Haqqın biz qullarına böyük bir lütfkarlığı, böyük bir lütfüdür…

Xüsusilə Ramazan gecələri arasında, sirli bir xəzinə kimi taliblilərini gözləyən Qədr gecəsi, bir ömürlük feyz və bərəkət mənbəyidir…

Fani həyat səfərində idrak etməkdə olduğumuz bu müstəsna zaman dilimləri, yuxarıdakı

hadisədə zikr edildiyi kimi, sanki bir qızıl vadisindən keçdiyimiz çox qiymətli vaxtlardır. Necə ki, Peyğəmbərimiz (s.ə.s.):

"Əgər qullar, Ramazanın fəzilətlərini bilsəydilər, bütün ilin Ramazan olmasını diləyərdilər…"

(Heysəmi, c. III, sf. 141) buyurmaqla bu ilahi nemətə diqqət çəkmişdir.

Bu vaxtlardan layiqiylə istifadə etmək üçün də, Ramazani-Şərifin səhərlərini, oyanıq bir könüllə

ifa edilən təhəccüd, təfəkkür, zikr və Quran tilavətləri ilə; Gündüzlərini, könlü Haqqa verərək edilən ibadət, infak və əməli salehlərlə; Razılıq saatı olan iftar vaxtlarını, istiğfar, dua və

bir möminə iftar etdirə bilməyin hüzuru ilə, Axşamlarını da xüsusilə əda edilən təravih namazları ilə canlandırmalıdır.

Müəlla ibn Fadl belə nəql edir:

"Sələfi salehin, Cənabı Haqqa, altı ay onları Ramazana çatdırması üçün dua edərdilər. Geri

qalan altı ayda da idrak etdikləri Ramazanı qəbul buyurması üçün dua edərdilər". (Kıvamus Sünnə, ət-Tərğib vət-Tərhib, II, 354)

Rəbbimiz, bizlərə Ramazani-Şərifin qədir-qiymətini idrak etdirsin. İbadətlərimizi, oruclarımızı,

namazlarımızı, tilavətlərimizi, sədəqə, zəkat, xeyir və gözəl işlərimizi, Ramazani-Şərifin böyük

bərəkəti ilə artıraraq qəbul buyursun.

Amin…

Haşiyələr: 1) Baxın: (Tirmizi, Dəavət, 118; Nəsayi, Məvakit, 35. 2)

2) Baxın: (Müslim, Cümə, 17, 18).


Osman Nuri Topbaş
Bu yazıya 948 dəfə baxılıb.