Sağlamlığından məhrum olsa da ibadətindən məhrum olmayan qadın


Mərziyyə Bədrəddin qızı
Bu yazıya 942 dəfə baxılıb.

Elmira xanım Quluyeva 1951 – ci ildə Sumqayıt şəhərində anadan olub və doğma şəhərində orta məktəbi bitirdikdən sonra Sumqayıt şəhərindəki Tibb texnikumuna daxil olub, əla qiymətlərlə oranı bitirib. Təhsilini bitirdikdən sonra sevincək əmək fəaliyyətinə başlayıb. Hamı kimi sevib – sevilib. Bu boylu - buxunlu, qəşəng, qarabuğdayı, irigözlü, xoşüzlü Elmiranın gözləri yavaş – yavaş zəifləyib və zamanla nurunu itirib. Dəfələrlə gözdən müalicə və cərrahiyyə əməliyyatı olunmasına baxmayaraq, həkimlər onun gözünü xilas edə bilmədilər. Bundan sonra o anasını itirdi. Daha sonra olanlar yalnız Allaha agahdır. İşini, sevdiyi oğlanı, yerişini (ayaqdan əlil) itirdi. Lakin bu dərin hörmət və ehtirama layiq qadın bir şeyi – Uca Allahına olan inancı, sevgini, axirətə inamını itirmədi. Bu qədər məhrumiyyətlərdən sonra onun Allaha, Peyğəmbərimiz Məhəmmədə (s.ə.s.), İslam dininə sevgisi günü-gündən artdı və artır.

Tanışlığımızın ilk günündən məndə ona qarşı rəğbət hissi yarandı. Get – gedə biz bir - birimizə isinişib doğmalaşdıq. Bir gün 8 Mart Beynəlxalq qadınlar bayramında bəhanə tapıb Elmira xanımı evimə qonaq çağırdım. Sözümü yerə salmadı. Qardaşı qızı Kəmalə ilə birlikdə bizə gəldi. Çay süfrəsi ətrafında söhbət etdik. Mən Elmiranı yaxından tanıdıqca heyrətlənirdim. Ondakı ağıllı mühakimələr, hər şeyi dəqiq, insaflı, obyektiv qiymətləndirmələr, gözəl mühakimələr məni heyrətləndirməyə bilməzdi. O necə mərhəmətli, necə xeyirxah, axırıncı tikəsini insanlarla bölüşən xeyirxah bir xanımdır?! Həmişə, hər yerdə söhbət edəndə çalışır bəzi qadınların ən çox sevdiyi dedi – qodudan, qeybətdən, xəbərçilikdən uzaq olsun. Onun sevimli bir mövzusu var: Allah sevgisi, Peyğəmbərimiz Məhəmməd (s.ə.s.) in sevgisi, ən saf, sonuncu və axirətə kimi hökümlü İslam dinidir. Elmira xanım harada olursa olsun həmişə Uca Rəbbimizin təkliyi, böyüklüyü, vəhdaniyyətindən danışmaqdan doymur. O heç vaxt, xəstə olsa da ruhdan düşüb, naşükürlük etmir. Hər iki gözü görməyən, ayaqları yeriməyən ibadət əhlindən olan bu qadından bir dəfə də olsun nə şikayət, nə narazılıq eşitməmişəm.

Az yaşım yoxdur, bu dünyada nələr görmüşəm. Lakin görmə qabiliyyətini tam itirmiş qadının çörək bişirdiyini görməmişdim. Təxminən, 1998-1999-cu illərdə bir dəfə Elmiranı ziyarət etməli oldum (onda hələ ayaqlarından şikəst deyildi). Çörək ətri evi başına götürmüşdü. Stolun üstündə təzə çörəklər var idi. Maraq məni götürdü, ay Elmira bacı, bu çörəkləri kim bişirib deyə soruşdum. Belə cavab verdi: “Axı mən neyləyim, dolana bilmirəm, 50 min (indiki 10 manat) təqaüd alıram. Allaha şükürlər olsun əlim var, ayağım var özüm üçün çörək bişirirəm dedi və gülümsəyib davam etdi, bu problem deyil, təki Allahım məni Özündən başqa heç kimə möhtac etməsin”. Elmira xanım gözünün nurunu, yerişini itirsə də, Allahını unutmur, gündə 5 dəfə dəstəmaz alıb namazını qılır. O, alın yazısı ilə, ona verilən həyatla razılaşır. Elmira xanım üsyan etməyərək: Bu dünyada Allahımdan  xəstəliklərimə dözüm, səbir, İslam dinində sabitlik və bir də xeyirli axirət istəyirəm.

Əziz oxucular, gəlin bir an da olsa bu xəstə qadının vəziyyətini gözümüz qarşısında canlandıraq. Bəzi insanların möhkəm sağlamlığı olmasına baxmayaraq, yaradılış səbəbini unudur, Uca Rəbbini yada salıb ibadət etmir. Bu dəmirdən möhkəm iradəli qadına üzümü tutub deyirəm: Elmira bacı, Allah səndən razı olsun. Sən kor deyilsən, əsil korlar var, sən əlil deyilsən, əsil əlillər var. Əziz bacım Elmira, Uca Allahımdan sənə səbir, İslam dinində sabitlik, xeyirli axirət diləyirəm.

 

“Ey İman gətirənlər Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olaraq ölün!”

Əl – İmran Surəsi, Ayə 102                                                                                                                     


Mərziyyə Bədrəddin qızı
Bu yazıya 942 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.