Qurban İslamın Simvoludur


Əbdürəhman Həbib oğlu
Bu yazıya 1056 dəfə baxılıb.

 

Qədim bir tarixə malik olan qurban bayramı insanların qəlbində və hafizəsində yaşayaraq gəlib bu günə çatmışdır.

Təəssüf ki, bu mübarək bayram haqqında bir çox bacı və qardaşlarımız bəsit, yalnış, şəriətə və sünnəyə uyğun olmayan məlumatlara malikdirlər. Bu məqaləni yazıb tərtib etməkdə məqsədim sünnəyə və şəriətə uyğun olaraq Qurbanlıq bayramını necə icra etməyi onların nəzər diqqətinə  çatdırmaqdır.

Qurban ilk əcdadımız, ilk insan, ilk Peyğəmbər Hz. Adəm (ə.s.)-la başlayan “tövhid mücadiləsi” olaraq Hz İbrahim (ə.s.) – ın nümunəsində ən yüksək, ən pak, ülvü məqam- Allah yolunda fədakarlığın mücəssəməsi, möhtəşəm İslam simvoludur. Qurban bütün ümmətlərə vacib buyurulmuş ümumi ibadətdir. Bu məqamın məhz dəyəri, qiyməti, səbəbi, hikməti Uca Rəbbimizi ixlasla yad etməkdir.

Qurani-Kərimdə belə buyurulur: “Biz hər bir ümmət üçün qurbangah (yaxud məbəd) müəyyən etdik (və ya hər bir ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər (bismillah desinlər). Sizin tanrınız yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət edin. (Ya Rəsulum!) Sən də (Allaha) itaət edənlərə (təvazökar olanlara Cənnətlə) müjdə ver! (Həcc surəsi, 34)

Qurban lüğəvi mənasına görə ərəbcə “q-r-b” kökündən törəmiş məsdər kimi “mənən yaxınlaşma, yaxın olmaq və məşvərət edilən (yaxud danışılan) mənalarını verməklə yanaşı, eyni kökdən törəmiş isim kimi götürdükdə, “qulu Allaha yaxınlaşdıran” səbəb, vəsilə anlamına gəlir. Qurban kəlməsi kök etibarı ilə məsdərdir, ikilik (təsniyə) və cəm şəkilçiləri qəbul etmir. Qurban adət - ənənəmizdə Allaha yaxınlaşmaq üçün kəsilən heyvana (qurbanlığa) deyilsə də, əsl mənası Allaha yaxın olmaq üçün nəzərdə tutulan hər hansı bir şey deməkdir ki, bu da istər qurbanlıq, istərsə digər sədəqələrdən daha əhatəli və ümumi məzmun ifadə edir. İslam ədəbiyyatında isə Qurban “Allaha ibadət və yaxınlaşma niyyəti ilə müəyyən vaxta, müəyyən bir heyvanı üsuluna uyğun kəsmək” deməkdir. Qurban sözünün lüğətdə “yaxınlaşmaq” mənasına gəlməsi də onun həqiqi məna və məramını ehtiva edir. Qurban Allaha yaxınlaşmanın rəmzidir. Qurban Allaha təslimiyyətin, təmənnasız sevginin və fədəkarlığın nümunəsidir. Qurban ibadəti mömünlərə Hz. İbrahimin və Hz. İsmailin Allahın qurban əmrinə itaətin təslimiyyətini xatırladır. Hz İbrahimin “Allahım, məni məndən sonra gələnlərə gözəl xatirə et” duası qəbul olunmuşdur. Uca Rəbbimizin qəbul etdiyi bu dua Hz. İbrahim və Hz. İsmayılın xatırlamaqda bir ibadət tərbiyəsi bir təslimiyyət dərsi, bir təvəkkül və qədərə razılıq nümunəsi var. Hz. İbrahim Allah Təalanın əmrinə tabe olaraq öz oğlu 13 yaşlı İsmayılı qurban etməyə, Hz. İsmayıl da Allah rızası üçün qurban edilməyə razı olmuşdur. Qurban Allah Təalanın Hz. İbrahimi çəkdiyi imtahanın davamıdır. Qurban müsəlmanın Allaha qurban verdiyi imtahanlardan biridir. Qurban bu hadisəni Allahın əmrlərinə təslimiyyət və itaətdə bir üfüq, bir qayə kimi insanlara təqdim edir. Hz. İbrahim oğlu İsmayılı üzüstə uzadıb kəsmək istədikdə Allah  Təala onları imtahandan alnıaçıq çıxdıqlarını bildirərək, vəhy mələyi Cəbrail (ə.s.) vasitəsi ilə qoç göndərmişdi. Bu möhtəşəm hadisənin xatirəsi Qurban adəti ilə davam edir. Peyğəmbərimiz də bunu öz ümmətinə belə tövsiyə edir;

“Qurban kəsin, çünki Qurban kəsmək atanız İbrahimin sünnəsidir”. Qurban Allaha yaxınlaşmaq və yalnız Onun rızasını qazanmaq üçün kəsilir. Allahdan qeyrisinin adına qurban kəsmək haramdır və belə edənlərə Peyğəmbərimiz (s.ə.s.) Allah Ondan qeyrisinin adına qurban kəsənə lənət etsin”, - deyə xəbərdarlıq edir. Qurbanın qanının axması ilə müsəlmanın qəlbi və ruhu hüzura qovuşur. Qurban onu kəsənin əhli əyanı üçün də hüzur və xoşbəxtlikdir. Qurban bəlaları dəf edən, ötürən və sovuşduran etibarlı bir vasitədir.

Allah Rəsulunun kəlamı ilə desək; “Az miqdarda sədəqə çox bəlaları dəf edir”.

Zeyd  ibn  Ərkam (r.a.) nəql edir. Səhabələr: Rəsulullah (s.ə.s.)dən: Ey Allahın Rəsulu,  bayram günü kəsilən bu qurbanın hökmü nədir? – deyə soruşdu. Allah Rəsulu: “Ulu babamız İbrahimin (ə.s.) sünnəsidir” ,– buyurdu

Əshab: “Çox yaxşı Qurban kəsməklə nə qədər savab qazanırıq, Ey Allahın Rəsulu, dedilər: Qurbanın hər tükünə bir savab deyə Allahın Rəsulu buyurdu. İslam fiqhinə görə vacib və nafilə Qurbanlar dörd yerə bölünür.1. Üthiyyə qurbanı. 2. Hədy qurbanı. 3. Nəzir (adaq) qurbanı. 4. Nəsiqə (əqiqə) qurbanı.

Qurban Bayramının ilk üç günü (zilhicənin 10, 11, 12- də) Allaha yaxınlaşmaq və ibadət niyyəti ilə İlahi rızanı qazanmaq üçün kəsilən qurbana üthiyyə deyilir, Qurbanı kəsməyə isə “ Təzhiyə” deyilir. Müqəddəs Qurani-Kərimdə bütün qurban növləri ilə bərabər, həm də Həcc mövsümü kəsilən Hədy  Qurbanları ilə əlaqəli bir çox ayələr vardır:

1.  Qurban ibadətinin Hz. İbrahimin sünnəti olması (Həcc surəsi, 22/26 -28)

2.  Allahdan qeyrisinin adına kəsilmiş qurbanların haram olması (Maidə surəsi,

 5/3)

3.  Qurbanın sırf Allah üçün olması (Ənam surəsi, 6/162)

4.  Qurban kəsərkən “Bismillah” deməyin vacibliyi (Həcc surəsi, 22/43)

5.  Qurbanlıqda qullar üçün müəyyən xeyrin olması (Həcc surəsi, 22/33)

6.  Qurban ibadətinin bütün ümmətlərdə olması və bunda məqsədin Allahın adını (çəkilməsi) olması

7.  Qurbanlıqlar İslam adətlərindəndir; qullar üçün xeyirlidir və kəsilərkən Allahın adı çəkilir. (Həcc,  22/36)

8.  Qurbanlıqların əti və qanı deyil, yalnız qəlblərdəki təqva Allaha çatır (Həcc surəsi, 22/37)

9.  Qurban bayramı namazını qılmaq və ardınca da Qurban kəsmək əmri (Kövsər surəsi,  108/2)

Yuxarıdakı ayələrin əmrinə və Peyğəmbər sünnətinə əsasən zilhiccə ayının 10,11,12- də hacıların Haram bölgəsində Qurban kəsdiyi kimi eyni vaxtda dünyanın hər bir tərəfində yaşayan möminlər öz qurbanlarını kəsərək bayramlarını qeyd edirlər.

Peyğəmbərimiz  Məhəmmədə  (s.ə.s)  ilk dəfə qurban kəs əmri “Kövsər” surəsində Uca Rəbbimiz əmr etmişdir. “Kövsər” surəsində qurban kəs əmrinin səbəb və nəticəsi bəyan edilir; (Ya Peyğəmbər!) həqiqətən, biz sənə kövsər (Cənnətdəki Kövsər irmağını və ya bu nemət, yaxud Quran, peyğəmbərlik bəxş etdik! Ona görə də bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs! Doğrusu sənin düşməninin özü sonsuzdur”. ( Kövsər s.108/1-3) Qurban kəsmək tək varlılar üçün yox, kasıblar üçün də bir vəsilədir. Kasıblar qurban kəsə bilməsələr ixlaslı niyyətlə axirət savabı qazana bilərlər.

Abdullah bin Amr b.əl-Asdan rəvayət edildiyinə  görə Rəsullulah (s.ə.s.) belə buyurmuşdur: “Mənə Qurban gününü  bayram kimi qeyd etmək əmr edildi Allah onu bu ümmət üçün bayram buyurmuşdur”. Bir adam ondan soruşdu: “Ey Allahın Rəsulu, əgər mənə  borc verilmiş bir heyvandan başqa heç nəyim yoxdursa, onu kəsə bilərəm?” Rəsulullah (s.ə.s.): “Xeyr, ancaq saçını, dırnaqlarını qısaltsan, bığını azaltsan, ədəb yerlərini təraş etsən, sənin üçün Allah qatında Qurban yerinə keçər”, – deyə buyurmuşdur. Qurban Sırat körpüsündə minik olacaq deyə peyğəmbərimiz (s.ə.s.) buyurur: “Qurbanlarınızı iri heyvanlardan kəsin. Şübhəsiz ki, Qurbanlıqlar Sirat körpüsündə sizə minik olacaq. İmkanı olduğu halda Qurban kəsməyənlər haqqında sevgili Peyğəmbərimiz buyurmuşdur: “İmkanı olduğu halda Qurban kəsməyən bizim namazgahımıza yaxınlaşmasın”. Qurban bayramında Qurban kəsmək yetkinlik yaşına çatmış, səfərdə olmayan, əqli cəhətdən sağlam olan, azad və şəriətə görə maddi imkanı çatan hər bir müsəlmana vacibdir. Qurban iman əhlinə aid ibadətdir. Qurban qeyri – müsəlmanlara vacib deyil. Qurban kəsiləcəyi vaxt - nəhr üç gündür. Qurbanın birinci günündə kəsilən Qurban daha fəzilətlidir. Qurbanlar bayram namazı qılındıqdan sonra, bayram namazı qılınmayan yerlərdə isə bayram günü fəcr vaxtından sonra kəsilir. Bundan qabaq Qurban kəsmək olmaz. Qurbanı gecə vaxtı kəsmək tənzihən məkruhdur. Qurbanlar İslam dinində müəyyənləşdirilidiyi qaydalar əsasında şəriətə uyğun kəsilməlidir. Belə kəsim formasına təskiyyə deyilir.Təskiyyə iki şəkildə icra olunur.

1.  Boğazı çənəyə bitişik yerindən kəsmək – zəbh . Bu üsulla kəsilən heyvana zəbiha deyilir.

2.  Boğazın sinəyə bitişik yerindən kəsmək – nəhr .Qoyun, keçi və sığır cinsindən olan heyvanları zəbh, dəvələri isə nəhr üslu ilə kəsmək sünnətdir. Əksinə etmək məkruhdur. Heyvanı kəsərkən aşağıdakı şərtlərə diqqət yetirmək lazımdır. Əvdac adlanan bu dörd nahiyyənin tamam kəsilməsi şərtdir.

1.  Nəfəs borusu. 2. Qida borusu. 3.-4 boyunun hər iki tərəfində olan şah damar. Yuxarıda göstərilən bu dörd qisim kəsilməsə, Qurban səhih deyildir, əti də yeyilmir. Quban kəsən şəxsdə aşağıdakı xüsusiyyətlərin  olması vacibdir:

1.  Qurban kəsənin əhli kitaba mənsub müsəlman olması

2.  Kəsməyə yetəcək qədər ağlı və kəsim işini yadında saxlayacaq qədər hafizəsi olmalıdır.

3.  Heyvanı kəsməyə gücü çatsın

4.  Qurban kəsərkən Allahın adını çəkməsi, yəni “Bismillah” deməsi. Buna təsmiyə deyilir.Qurban yalnız Allahın adı ilə kəsilir. Allahın adı ilə “Bismillah” deyilmədən  kəsilmiş heyvanın ətini yemək olmaz. Buna görə də bütbərəst və digər batil din mənsublarının, dinsizlərin kəsdiyi heyvanın ətini yemək haramdır. Çünki onlar “Bismillah” deyilmədən kəsilir. Əhli kitabın kəsdiyinin yeyilməsi onların da, müsəlmanlar kimi Allaha inanması ilə bağlıdır.Yahudi və Xristiyanlar Allahdan qeyrisinin adını çəkməklə kəssələr, onların da kəsdiyini yemək olmaz. Əgər kəsim zamanı niyyətimizdə “Bismillah”  demək varsa, lakin kəsim zamanı “Bismillah” demək unudulursa, kəsim caizdir. Qurban sünnətə uyğun kəsilməlidir. Qurbanlıq şəriətə uyğun rahat və çox incitmədən kəsmək üçün iti və iri bıçaq hazırlanır və heyvanın görmədiyi yerə  qoyulur. Sonra Qurbanlıq heyvan kəsim yerinə əziyyət vermədən gətirilir. Heyvan üzü və ayaqları qibləyə sarı sol böyrü üstə yerə uzadılır. Arxa sağ ayaqı boş buraxılır, digər üçü bağlanır və qurban sahibi və ya onun vəkili üzü qibləyə tərəf bu ayələri oxuyur:

“İnni vəccəbtu vəcbiyyə lilləzi fətəraş – cəmavati vəl – arda banifən. (Ənam s. 6/79)

İnnə salati və nusuri və məbyəyə və məməti lilləbi rabbil ələmin (Ənam”s. 6/162) Bu ayələrdən sonra “Allahu Əkbər, Allahu Əkbər. Lə İlahə İlləllahu vallahu Əkbər. Allahu Əkbər və lilləhilhamd” şəklində təkbir gətirilir “Bismilləhil Allahu Əkbər deyilərək əvvəlcədən hazırlanmış bıçaqla heyvanın boğazı – damar və nəfəs borusu tamamilə kəsilir, qanı yaxşıca axıdılır. Heyvan bu şəkildə kəsiləndən sonra tam ölənədək gözləmək lazımdır. Sonra heyvanın başı üzülür dərisi soyulur, qarnı kəsilir, içalatı çıxarılır və əti doğranır. Qurbanlıq heyvanının sahibi tərəfindən kəsilməsi məndubdur. Başqasına da kəsdirmək olar. Təsmiyyəni kəsən adam edir. Qurban kəsən və sahibi əllərini üst-üstə qoyub kəssələr, təsmiyyəni ikisi də eyni vaxtda deməlidir.

Ənam: dəvə, camış, inək, qoyun və keçi deməkdir. Qurban bayramında kəsilən udhiyyə 3 növə bölünür.

1.  İbil  (dəvə cinsi)

2.  Bəqar (inək və camış cinsi)

3.  Qoyun (qoyun və keçi cinsləri) Qurban kəsmək heyvanlarla bağlı ibadət olduğuna görə, zəkat düşən davarlar xasdır. Heç bir dəniz heyvanı, xoruz, toyuq, qaz, dəvəquşu kimi quşları qurban kimi kəsmək olmaz. Bunları qurban niyyəti ilə kəsmək harama yaxın məkruhdur. Çünki bunda məcusilərə bənzərlik vardır. Əti yeyilən vəhşi maral (çöl maralı), ceyran, dağ keçisi, cüyür və çöl öküzü kimi vəhşi heyvanları da kəsmək olmaz. Zürafə də daxil olmaqla yuxarıda adları çəkilən heyvanları əhliləşdirdikdən sonra kəsmək olar. Ənam surəsi, 143/144 – cü ayələri ilə, Nəhl surəsi 5/8 ayələrini birgə götürdükdə. “Bəhmətül-Ənam”  (Bəhimə kəlməsi ərəb dilində dördayaqlı heyvanların ümumi adıdır). (Ənam isə pəncəli təkdırnaqlı heyvanlar xaric, otla bəslənən gövşüyən heyvanlardır, buna görə də dəvə, inək, camış, qoyun və keçinin bu çərçivəyə daxil olması mütləqdir) Dördayaqlı vəhşi çöl heyvanlarının əti halal olsa da, onları qurban kəsmək ya haramdır, ya da harama yaxın məkruhdur. Qoyun və keçinin ya bir yaşı tamam olmalı və ya qoyunlar 7 – 8 aylıq olmasına baxmayaraq, bir yaşlı heyvan kimi görünməlidir. Dəvənin ən azı 5, inəyin isə 2 yaşı olmalıdır. Peyğəmbərimiz bir çox hədislərdə Allaha yaxınlaşmaq və ibadət məqsədi ilə kəsilən heyvanları qüsursuz, eyibsiz olması diqqət yetirməyi nəql edir.

a)  Çox qüsur sayılan və heyvanı qurban kəsilməsinə mane olan böyük üzrlər.

b)  Az qüsur sayılan və heyvanın kəsilməsini məkruh da olsa, caiz sayılan kiçik qüsurlar.

Qurban kəsməsinə mane olan qüsurlar:

1.  İki və ya bir gözünün kor olması

2.  Kəsim yerinə getməyi gücü çatmayacaq dərəcədə topal olması

3.  Bir və iki qulağının kəsik olması

4.  Dişlərinin çoxunun və ya hamısının tökülmüş olması

5.  Bir və ya iki buynuzunun dibindən qırıq olması

6.  Quyruğunun yarısı və ya 1/3-nin kəsilmiş olması

7.       Xayaları və məmələrinin üçünün qopmuş olması

8.       Sümüklərində ilik olmayacaq dərəcədə arıq olması

9.       Doğuşdan qulaq və quyruğunun olmaması

10.  İpə - sapa yatmayan və sürüyə göndərilməyəcək dərəcədə dəli heyvan

11.  Murdar bir şey yemiş, bunlar da üsuluna görə təmizlənmədikcə qurban etmək caiz deyildir. Yuxarıda adları çəkilən xüsusiyyətlərdən birinin heyvanda olması onun qurban kəsilməsinə mane olar.

Qurban kəsməyə mane olmayan kiçik qüsurlar aşağıdakılardır (Aşağıdakı keyfiyyətlərin qurbanda olması məkruh sayılır):

1.       Gözləri çəp və zəif görə bilər

2.       Bir ayağı topal olan, lakin digər üç ayaqı ilə axsayaraq da olsa gəzə bilən heyvan

3.       Doğuşdan buynuzsuz və buynuzu az qırılmış heyvan

4.       Qulaqları deşik və yarıq və ya ucları sallanmış, kəsilmiş heyvan

5.       Dişlərinin bəzisi düşmüş heyvan

6.       Otlamasına mane olmayacaq dərəcədə dəli heyvan

7.       Quyruğunun, qulağının və xayalarının bir qismi kəsik (2/3-dən çox olmamalıdır) heyvan

8.       Doğuşdan kiçik qulaqlı heyvan

9.       Qotur, lakin kök heyvan

10.  Axtalanmış heyvan

Əti yeyilən heyvanların yeyilməyən 7 nahiyyəsini yemək haramdır.

1.  Heyvanlardan axıb çıxan qan

2.  Erkək cinsiyyət orqanı

3.  Dişi cinsiyyət  orqanı

4.  Erkək heyvanların yumurtası (xayaları)

5.  Ət içindəki yuvarlaq vəzlər

6.  Sidik kisəsi

7.  Öd kisəsi

Adaq (nəzir) olmayan qurbanı ətindən kəsən zəngin olsa da yeyə bilər. Qurbanın əti 3 hissəyə bölünür. Bir hissəsi öz ailəsinə nəfəqə, ikinci hissəsi dost və tanışa ziyafət, üçüncü hissəsi də kasıblara sədəqə verilir.

Qurbanlıq heyvanın südü ilə yararlanmaq, yaxud dərisini, ətini sataraq pul qazanmaq məkruhdur. Belə bir iş edilibsə, pulu sədəqə vermək lazımdır. Qurbanlıqdan qəssaba zəhmət haqqı vermək olmaz. Qurbanın dərisini satmaq düzgün sayılmır.

Bir adam savabını vəfat etmiş bir qohumuna və sevdiyi kimsəyə bağışlamaqla qurban kəsə bilər. Mərhumun adına sədəqə verdiyi, həccə gedildiyi kimi, qurban da kəsə bilər.

Həqiqətən, Peyğəmbərimiz  ümmətindən qurban kəsə bilməyənlərin adına qurban kəsmişdir. Əbu Davud “Sünnə” - sində “ölən şəxsin adına “qurban kəsmək” adlı müstəqil başlıq altında bu hədisi rəvayət edir. Hz. Əli (r.a.) biri Peyğəmbərimizin (s.ə.s.) adına olmaqla iki qoç kəsərdi. Ondan bunun səbəbini soruşanda; “Allah Rəsulu məndən nə qədər ömrüm var, Onun üçün qurban kəsməyi vəsiyyət etdi. Əsla bunu tərk etmərəm” – deyə buyurmuşdur.

Dəyərli bacı və qardaşlarımız Allah Təala bizi İslam dinində sabit eyləsin, elmimizi artırsın. “Lə iləhə iləllah Muhammədən Rəsulullah” kəlməsini dilimizdən və qəlbimizdən əskik etməsin. Hər il bizi Allah rizasına qurban kəsənlərdən etsin. Allah Təaladan bütün müsəlman ölkələrinə, o cümlədən Azərbaycanımıza sülh, bərəkət, əmin- amanlıq qismət etməsini arzu edirəm.

İstifadə olunan mənbələr

1.  Qurani-Kərim

2.  Mehmed Dikmən İslamilmihalı səh. 469

3.  Bilmen, Böyük İslam İlmihalı

4.  Musa Nub “Hər yönü ilə qurban”                    


Əbdürəhman Həbib oğlu
Bu yazıya 1056 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.