Mütəqilliyə Aparan Yol


Mətanət Kərimova
Bu yazıya 778 dəfə baxılıb.

18 oktyabr Azərbaycanın yeni tarixində əlamətdar günlərdən biridir. 1991-ci il oktyabrın 18-də Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdi.

XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi. Azərbaycan Respublikasının dövlət müstəqilliyini elan etməsi Sovet İttifaqının çöküşü və "soyuq müharibə"nin sona çatması kimi qlobal geosiyasi proseslər fonunda baş verirdi. Nəhəng imperiyanın iflası müttəfiq respublikaların hamısı üçün müstəqil dövlətçiliyin yolunu açmışdı.

71 illik sovet rejimi də Azərbaycan xalqının müstəqillik arzularını tamamilə tükəndirə bilməmişdi. Odur ki, XX əsrin 80-ci illərinin sonunda başlanan tarixi-siyasi proseslərdə Azərbaycan xalqının istiqlala bağlılığı, müstəqil dövlətçiliyə sahib olmaq hissləri digər müttəfiq respublikalara nisbətən daha impulsiv və bariz şəkildə özünü göstərirdi.

Bu gün Azərbaycanıın dövlət müstəqilliyini bərpa etməsinin növbəti ildönümünü qeyd edərkən bu tarixi hadisəni zəruri edən tarixi xronikaya nəzər salmaq vacibdir.

Rusiyada demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da mərkəzdənqaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında, 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi: “Azərbaycan xalqının ali dövlət maraqlarına əsaslanaraq, 1918-1920-ci illərdə Azərbaycanın artıq bir suveren dövlət kimi dünya ictimaiyyəti tərəfindən tanınması, Azərbaycan konstitusiyasına əsasən bütün beynəlxalq normalara riayət edilməsi, milliyyətindən asılı olmayaraq bütün vətəndaşların insan hüquqlarını qorumaq, başqa dövlətlərin sərhəddini tanımaq və pozmamaq, bütün ölkələrlə dostluq əlaqəsi yaratmaq, BMT və başqa beynəlxalq orqanların qanunlarına riayət etmək və digər səbəblərlə əlaqədar Azərbaycan Respublikası öz istiqlaliyətinin bərpa olunması qərarını qəbul edir”.

Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edilir. 1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edilir. Azərbaycan Demokratik Respublikasının süqutundan 71 il sonra dövlətimiz öz istiqlaliyyətinə qovuşur. Qəbul olunan Konstitusiya Aktında müstəqil Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş ADR-in davamçısı olması faktı rəsmən təsdiqləndi. 1991-ci il oktyabrın 18-dən Azərbaycan istiqlal, suveren bir ölkədir və xalq bunu bir bayram kimi qeyd edir. 1994-cü ilin 15 oktyabr tarixindən Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü hər il qeyd edilir.

 


Mətanət Kərimova
Bu yazıya 778 dəfə baxılıb.