Müsahibə - Məlahət Əmirova


Bizim Ailədən
Bu yazıya 899 dəfə baxılıb.

“Məlahət xanım yıxılana əl tutan, kimsəsizlərə ana olan, cəmiyyət üçün yararlı bir nəsil yetişdirən müəllimə, gözəl insan, mərhəmətli və təvazokar bir xanımdır”. Mərcan Şahbuzlu

                                              

Məlahət müəllimə, zəhmət olmasa özünüzü təqdim edin                         

1950-ci ildə Qərbi Azərbaycanda anadan olmuşam. 1967-1974-cü illərdə BDU-nin filologiya fakultəsində təhsil almışam. Universiteti bitirdikdən sonra orta məktəbdə müəllimlik fəaliyyətinə başlamışam. Artıq 40 ildir ki mən ibtidai sinif müəlliməsiyəm.

Məlahət müəllimə, məktəb sizin üçün nədir?

Məktəb bir insan yetişdirmə ocağıdır. Burada insan, şəxsiyyət yetişir, formalaşır, inkişaf edir. Burada sözsüz ki, əsas məsuliyyət də biz müəllimlərin üzərinə düşür. Amma biz bu məsuliyyətdən qorxmuruq, əksinə zövq alırıq. Bu belə də olmalıdır. Mən xoşbəxtliyimi məktəbdə tapmışam. Hər gün mən məktəbdə gülərüz körpələrlə rastlaşdıqda özümü çox xoşbəxt sayıram. Mən öz sənətimi və şagirdlərimi çox sevirəm. Çünki onlar artıq mənim həyatımın bir parçasıdırlar. Çalışdığım 40 il ərzində gözəl, tərbiyəli, əxlaqlı, savadlı və uğurları ilə bizləri sevindirən şagirdlərim olub. Şagirdlərimin ugurlarını, fəallığını eşitdikdə qürur duyuram, fərəhlənirəm. Onların uğurlarını özümünkü hesab edirəm, çünki bu uğurda mənim də payımın olduğunu bilirəm.

Bir insan yetişdirmək üçün nələr etmək lazımdır?

İnsan yetişdirmək çox çətindir. Onun hər yöndən inkişafına diqqət yetirməlisiniz. Təsəvvür edin 6-7 yaşlarında bir insan ilk dəfə sizinlə tanış olur. O, yaxşı ya pis tərbiyə olunmuş ola bilər. Siz ona elə yanaşmalısınız ki, onun məhv olmasına səbəb olmayasınız əksinə onun inkişafına yardım edib çiçəkllənməsinə səbəb olasınız. Mən şagirdlərimi yetişdirmək üçün ilk olaraq onun iç dünyasına daxil oluram, onu hər yöndən tanımağa çalışıram. Hətta lazım olanda ailəsi ilə də tanış oluram ondan sonra o uşaqla necə davranacağımı artıq anlayıram. Bütün uşaqlara eyni cür yanaşılmır. Onların fərqli xüsusiyyətləri vardır. Hər birinə özünə uyğun yanaşmaq lazımdır. Birinci sinifin sonunda uşağı bəlkə də tam tanımaq olmur. Amma artıq ikinci sinifin sonlarına doğru uşağın iç dünyasını kəşf etmək mümkündür. Ondan sonra onun tərbiyəsinə təhsilinə doğru yanaşmaq mümkündür. Bəzən uşaqların doğru yöndə tərbiyələnməsi ilə onların ailəsinə də yaxşı mənada təsir etmək mümkündür. Hər gün  dərsdən sonra şagirdlərim haqqında düşünürəm. Hansı şagirdə necə yanaşım, hansı şagirdlə necə rəfdar edim, hansı şagird hansı yükü götürə bilər və s. Bunu mütləq öyrənmək lazımdır. Bunlarla yanaşı insan yetişdirmək üçün tərbiyə, təhsil və inkişaf bir vəhdətdə götürülməlidir. Əgər onlardan birini unutsan deməli o uşağa heç nə çatdıra bilməssən. Bu gün dövlət başçımız İlham Əliyev və xanımı Mehriban Əliyevanın məktəblərə və təhsilə ayırdıqları diqqət və qayğı gözönündədir. Biz də Mehriban xanım kimi mərhəmətli, xalqını sevən, can yandıran olmalıyıq. Ona qol-qanad olmalıyıq. Bayaq qeyd etdiyim kimi insan yetişdirmək çox çətindir. Bu bir-iki adamın deyil, bütün cəmiyyətin diqqətində olmalıdır.

Təəssüflər olsun ki, məktəblərdə bəzən uşaqlar şiddət görür ya da təhqir olunurlar. Buna münasibətiniz?

İlk növbədə müəllim düşünməlidir ki, bu şagird bir şəxsiyyətdir. Məktəbə gələn uşaq nə görsə nə eşitsə dərhal beyninə həkk olunar, onun xasiyyətini formalaşdırar. Təhqirə və şiddətə əl atan bir müəllimdən şagirdlər nə öyrənə bilər? Bu şagirdlərin tərbiyəsində, təhsilində və psixologiyasında sözsüz ki, problemlər olacaqdır. Uşaqlar müəllimdən çəkinməməli qorxmamalıdır. Müəllimi özünə ən yaxın insan bilməlidir. Ona güvənməli, sevməli, onu gözləməlidir. Əgər bir məllimi şagidləri gözləmirsə deməli müəllim sevilmir. Bu sevgini müəllim yaratmalıdır. Əgər müəllim şagirdin sevgisini qazana bilməyibsə heç o sinifə daxil olmasa yaxşıdır.

Şagirdlərin keyfiyyətli təhsil almaları üçün valideynlər nə etməlidirlər?

Valideyn müəllimlə bir vəhdət təşkil etməlidir. Valideynlər ilk növbədə özlərini tərbiyələndirməli daha sonra övladı ilə məşqul olmalıdır. Valideyn öz övladı ilə birlikdə onun dərslərində iştirak etməli, öyrənməli və öyrətməlidir. Son zamanlar bir adət halına almış əlavə dərs məşğələləri uşaqları tənbəlliyə alışdırır. Zamanla onlar sərbəst formada dərs çalışma qabiliyyətini itirir. Halbuki, uşaqlar axtarışda olmalı, əziyyətə alışmalıdır. Mən özüm müəllim ailəsində böyümüşəm. Dərslərimizi valideynlərimlə birlikdə öyrənirdik. Əgər bir dərsdə çətinlik çəksək bütün ailə bu məsələ ətrafında səfərbər olurdu.

Ümumiyyətlə ailənin təhsilə təsiri çox önəmlidir. Biz şagirdə baxdığımız anda artıq onun necə bir ailədən çıxdığını görürük. Ailədə birlik, düzgünlük yoxdursa yalan varsa zərərli vərdişlər varsa bu ailə o uşağı məhv edəcək. Halbuki, valideynlər həyatlarını uşaqlarına, onların düzgün təlim-tərbiyəsinə həsr etməlidirlər.

Həyat və zəngin peşə təcrübəsi olan bir müəllimə kimi gənc müəllimlərə məsləhətləriniz

Uşaqlar gül kimidir. Onlara qulluq lazımdır. Əgər güllərə qulluq olunmazsa onlar saralar, solar məhv olarlar. Uşaqlar da belədir. Dəyər verilməzsə məhv olarlar. Hər bir vicdanlı müəllim şagirdlərinə can yandırmalıdır. Məsum körpələri soyutmayıb dərsə həvəsləndirməlidir. Uşaqlara heç vaxt demək olmaz, “sən bilmirsən, doğru demirsən”. Bunu demək olmaz. Onda uşağın özünə inamı itir. Bacarıqlı istedadlı uşaqları daha da həvəsləndirib irəliyə çəkmək lazımdır. Uşaqların təhsili ilə qane olub, kifayətlənərək onların qabiliyyətini məhdudlaşdırmaq olmaz. Onların daim irəliyə addımlamalarını təmin etmək lazımdır.

Uşaqları əzbərçi kitaba bağlı hala salmaq düzgün deyil, onların sərbəst düşünməsinə imkan verilməli, dərsdə fəal iştirak etmələri üçün həvəsləndirilməlidir. Şagirdlərimizə kiçik yaşlarından tariximizi, şair və yazıçılarımızı tanıtmaq, dünyagörüşlərini zənginləşdirmək lazımdır.

Dəyərli müəllimlər unutmayın siz gələcək nəsili yetişdirirsiniz. Dərsinizə başlamadan əvvəl bunu yaxşıca dərk edin.

Məlahət müəllimə, dəyərli vaxtınızı bizimlə söhbətə ayırdığınız üçün sizə təşəkkür edirik.

Mən də bu cür həssas mövzulara dəyər verərək, bu müsahibəni hazırladığınız üçün sizlərə təşəkkür edirəm.

 


Bizim Ailədən
Bu yazıya 899 dəfə baxılıb.