Suçiçəyi Və Qızılca Xəstəliyi


Vüqarə Məmmədova
Bu yazıya 8526 dəfə baxılıb.

Praktik olaraq bütün insanlar uşaqlıqda  suçiçəyi  infeksiyasına yoluxurlar. Xəstəlikdən sonra yaranan immunitet çox yüksək olur və təkrar xəstələnmə halı olmur. Suçiçəyinin simptomları titrətmə, hərarət, qarın nahiyyəsində ağrı, baş ağrıları və ümumi naxoşluqdan başlayır. Xəstəliyin əvvəlində uşağın hərarəti qalxır, onun ümumi halı, iştahası və yuxusu pozulur. Sonra səpgi əmələ gəlir. Səpgi ilk əvvəl xırda qırmızı ləkə şəklində olur. Bir neçə saatdan sonra ləkə qabarcığa çevrilir. Qabarcıqlar 1-2 gündən sonra açılır və onların yerində qartmaq əmələ gəlir. Suçiçəyi qabarcıqları nəinki dərinin müxtəlif yerlərində, ağızda, göz qapaqlarında,başın tüklü hissəsində,  həmçinin ağız və daxili orqanların selikli qişasında da əmələ gəlir.

        Xəstəlik, adətən, yüngül keçir. İmmuniteti zəif olan, həmçinin digər ağır xəstəliklər nəticəsində zəifləmiş uşaqlarda xəstəlik ağır formalarda keçə bilər.Yoluxmuş uşaqların müalicəsi, adətən, ev şəraitində aparılır. Uşaqlara vitaminlərlə zənginləşdirilmiş pəhriz rejimi tətbiq edilir. Uşağın alt paltarlarını hər gün, yataq dəstlərini isə 1-2 gündən bir dəyişdirmək lazımdır. Onun dırnaqlarını qısa kəsmək, əllərini tez-tez yumaq məsləhət olunur. Uşağı çimizdirmək də olar, ancaq çiməndən sonra bədəni dəsmalla ehmalca qurulamaq lazımdır. Hər qida qəbulundan sonra uşaq ağız boşluğunu yaxşıca qarqara etməlidir. Onun yataq otağının havasını tez-tez dəyişmək və hər gün nəm əsgi ilə təmizləmə işləri aparmaq lazımdır. Dəridəki səpgilərə brilyant yaşılı ("zelyonka") və ya kalium-permanqanat məhlulu ("marqantsovka") sürtmək lazımdır. Bu, dəridəki qaşınmanı azaltmağa, qabarcıqların irinləməsinin qarşısını almağa, onların tez quruyaraq yerində qartmaq əmələ gəlməsinə kömək edir.

         Ağız boşluğunun selikli qişası Kastellani məhlulu ilə silinir. Müalicə zamanı antibiotiklərdən istifadə edilməsinə, yalnız çox nadir hallarda baş verən fəsadlar zamanı icazə verilir. Sağalma xəstəliyin başladığı gündən etibarən 10 gündən tez olmayaraq baş verir. Sağalmadan 1,5-2 həftə ərzində uşağın immun sistemi bir qədər zəiflədiyi üçün onu bir müddət qorumaq (soyuqdəymədən və s.), uşaq bağçası və ya məktəbə getməsinə icazə verməmək lazımdır. Hal-hazırda suçiçəyinə qarşı peyvənd üçün vaksin hazırlanmışdır. Lakin bu peyvənd hələki uşaqlar üçün mütləq hesab edilən peyvəndlər siyahısına daxil edilməmişdir.

QIZILCA: Qızılca – geniş yayılmış kəskin yoluxucu xəstəlikdir. Bu xəstəlik hərarətin artması, burunun, gözlərin və boğazın selikli qişalarının kataral iltihabı ilə və dəridə ləkəli səpgilərin əmələ gəlməsi ilə təzahür edir. Qızılca hal-hazırda məlum olan ən yoluxucu xəstəliklərdən biridir. Bu infeksiya üçün demək olar ki, 100% həssaslıq xarakterikdir – yəni əgər daha əvvəl qızılca keçirməmiş və peyvənd olunmamış bir insan xəstə ilə əlaqədə olsa xəstələnmə ehtimalı çox yüksəkdir. Buna görə vaksinasiyanı vaxtında etmək lazımdır və infeksiya mənbəyində antiepidemik tədbirlər görmək zəruridir. İnfeksiya hava-damcı yolu ilə ötürülür. Virus ətraf mühitə danışıq, öskürək, asqırma zamanı yayılır.  İnfeksiyanın mənbəyi – qızılca xəstəsidir, hansı ki, inkubasiya dövrünün son 2 günündən başalayaraq, səpgilərin əmələ gəldiyi 4-cü günədək yoluxucudur. Səpgilərin 5-ci günündən xəstə yoluxucu sayılmır. Xəsətəliyi keçirən insanalarda ömürlük immunitet yaranır. Qızılca keçirmiş analardan doğulmuş uşaqlar 3 ay ərzində bu xəstəliyə tutulmurlar, çünki bu müddət ərzində onların qanında ananın qoruyucu anticismləri olur. Qızılca keçirməmiş və ona qarşı peyvənd olunmamış insanlar, bütün ömür boyu bu xəstəliyə qarşı həssas olurlar və hər yaş dövründə xəstələnə bilərlər. İnkubasiya dövrü, yəni ilk simptomların başlamasına qədər yoluxma müddəti, 7 gündən 14 günədək davam edir. Yadda saxlamaq lazımdır ki, xəstəlik səpgidən deyil, zökəm simptomlarından başlayır: temperatura 38-40°C, kəskin halsızlıq, iştahanın olmaması, quru öskürək, zökəm. Daha sonra konyunktivit başlayır (gözün selikli qişasının iltihabı). Xəstəliyin ilk simptomlarından təxminən 24 gün sonra yanaqların selikli qişasında (azı dişləriylə üzbəüz) xırda ağımtıl səpgilər əmələ gəlir. Xəstəliyin 3-5 günündə parlaq ləkəli səpgilər əmələ gəlir və bu ləkələr birləşməyə meylli olur. Əvvəlcə bu səpgi qulaqların arxasında və alında əmələ gəlir sonra qısa müddət içində aşağı hissələrə yayılır: üz, boyun, bədən və əl-ayağa. Səpginin kiçik çəhrayı ləkələri ölçüdə tez böyüyür, əyri formada olur və bəzən birləşir. Səpgilərin maksimal olduğu zaman əmələ gəldikdən 2-3 gün sonra hərarət yenidən 40,5°C qədər qalxa bilər. Səpgi 4-7 gün qalır. Ləkələrin yerində qəhvəyi piqmentasiya yerləri qalır, 2 həftədən sonra isə dəri təmizlənir.                                                                                                           Qızılcanın yaranmasına şübhəniz olsa gözləmədən həkimə müraciət edin. Bu sadəcə diaqnozun tez qoyulması və müalicənin başlaması üçün deyil, həmçinin xəstənin olduğu kollektivdə epidemiyaya qarşı tədbirlərin görülməsi üçün vacibdir. Sahə həkimi diaqnozu evdə xəstəliyin kliniki simptomlarına əsaslanaraq qoyur və müalicə təyin edir. Ağırlaşmamış qızılcanın müalicəsi zamanı yataq rejimini, bol maye qəbulu, zökəm və boğaz ağrısına qarşı dərmanların qəbulu, bəlğəm gətirən preparatlar və vitaminlər qəbul edilir. Qızılca ağırlaşdığı halda, sonrakı  müalicəni stasionarda aparırlar.

         Qızılcaya qarşı peyvənd – çox zəifləmiş virusla süni yolla yoluxmadır. Bunun nəticəsində orqanizm qoruyucu immunitet yaradır. Bəzi uşaqlarda peyvənddən 6-cı gündən 20-ci günədək hərarətin qalxması, bəzən də konyunktivit və çox olmayan səpgilər şəklində  zəif reaksiyalar ola bilər. Bu simptomlar 2-3 gün qalır və sonra fəsadsız keçir. Qorxmayın, bunlar mümkündür və təhlükəlizdir. Lakin hər ehtimala qarşı peyvənddən sonra hər hansı ağırlaşma olduqda, mütləq həkimə müraciət edin. İlk vaksinasiyanı uşaqlara 12 aylığında edirlər, ikincini – 6 yaşda. Qızılcaya qarşı vaksinasiya monovaksinlərlə və trivaksinlərlə (qızılca, məxmərək və epidemik parotit) aparıla bilər. Peyvənd 15 il ərzində davamlı qoruyucu effekti təmin edir. Diri vaksinləri hamilə qadınlara, vərəm xəstələrinə, leykoz, limfoma və HİV xəstələrinə təyin etmirlər. Qızılca aşkar edildikdə infeksiya mənbəyində, yəni uşağın olduğu kollektivdə, profilaktik tədbirlər görürlər. 


Vüqarə Məmmədova
Bu yazıya 8526 dəfə baxılıb.