Hicab Təqvadır


Əbdürəhman Həbib oğlu
Bu yazıya 1018 dəfə baxılıb.

Sovetlər birliyi dağılandan sonra, Azərbaycan öz müstəqilliyini qazanandan bəri, ölkəmiz hərtərəfli – maddi, mənəvi və siyasi cəhətdən inkişaf etmiş bir ölkəyə çevrilmişdir. Azərbaycanda, İslam dinimizdə də, ürəkaçan nailiyyətlər az deyildir. Hər yanda hicablı qız – gəlinlər, tikilən və tikilməkdə olan məscidlər, Cümə günlərində ibadət əhli ilə dolu məscidlərimiz, gənclərimizin daha çox ibadətə gəlməsi, Orucluq və Qurbanlıq bayramlarının hər il  daha bərəkətli və təntənəli keçirilməsi dediklərimizi təsdiqləyir. “Qurani – Kərim”-də Allah-Təala belə bəyan edir: “Mən cinləri və insanları, yalnız Mənə ibadət etmək üçün yaratdım”. Əz –Zariat 51/56. Bu məqaləni yazmaqda səbəb 16 iyun 2014-cü ildə metroda hicablı, dizdən yuxarı yarıq don geyinmiş bir qız görməyim oldu. Bu məni çox təəccübləndirdi. Təəssüflər olsun ki, bu nataraz geyimli gənc qız heç də tək bir fakt deyildir. Belə hallara çox tez-tez rast gəlmək olur. Məsələn, başı bağlı, qolları və ayaqları (dizdən aşağı) açıq, bədənin bütün əzalarını nümayiş etdirən geyimlər və s.

         Əziz bacılar, dünyada və həyatda hər bir peşə və iş sahibini öz geyimi, qadınlarınsa öz geyimləri vardır. Mətbəxdə bir cür, tarlada bir cür, fermada bir cür, ictimai yerlərdə isə başqa cür geyinirlər. Uca Rəbbimiz geyim haqqında “Qurani – Kərim”də belə bəyan edir: “Ey Adəm övladları! Sizə həm çılpaqlığınızı örtmək, həm də geyim və bəzəkli libas bəxş etdik. Lakin təqva libası daha xeyirlidir. Bu Allahın ayələrindəndir ki, bəlkə öyüd – nəsihətə qulaq asasınız. Əraf 7/26”. Yuxarıdakı ayədən aydın olduğu kimi söhbət örtünməkdən – hicab geyinməkdən gedir və bunun daha xeyirli olması mömin qadınlara bildirilir. Hicab geyinmək Allah – Təalaya və Onun Peyğəmbərin (s.ə.s.)ə itaət etməkdir. Rəbbimiz qadınlara hicab geyinməyi əmr edib. “Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar), öz-özlüyündə görünən (əl, üz,) istisna olmaqla, zinət yerlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər. Ən-Nur 24/31”. Əfsuslar olsun ki, bəzən İslam dinimizə yaraşmayan bir tərzdə geyinmiş qadın və qızlara şəhərimizin müxtəlif yerlərində rast gəlmək olur. Başqa bir ayədə Allah – Təala qadınlara buyurur: “Evlərinizdə qərar tutun. İlkin Cahiliyyət dövründəki kimi açıq – saçıq olmayın (Bər – bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!). Əl – Əhzab 33/33”. “Qurani – Kərim”in digər bir ayəsində Uca Rəbbimiz belə buyurur: “...Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun. Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər...”. Əl – Əhzab 33/53

Aşağıdakı ayədə isə Rəbbimiz belə buyurur: “Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (cariyələrə oxşamasınlar deyə,  bədənlərini başdan ayağa gizlədən) çarşablarını örtsünlər...” Əl – Əhzab 33/59.

Sevimli Peyğəmbərimiz demişdir: “Qadın – övrətdir.” Buradakı övrət sözü məhz qadının üstünü örtməsi mənasını verir. Allah – Təala hicabı qadınları pis bəd – nəzərlərdən qorumaq üçün paklıq simvolu etmişdir: “... Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir...” Əl - Əhzab 33/59.

Rəhimli və Rəhman Allahımız yaşlı, ağbirçək, ahıl, şəhvət hissi doğura bilməyən qadınlar örtüklərini çıxarmağa, üzlərini və əllərini açmağa icazə vermişdir. Allah – Təala buyurur: “Ərə getməyə ümidi qalmayan yaşlı qadınların qadağan olunmuş zinnət yerlərini (naməhrəmə) göstərmədən üst paltarlarını (çarşab, niqab və s.) çıxarmasında günah yoxdur...”  Bundan sonra Uca Rəbbimiz öz bəndəsinə daha xeyirlisini xatırladır: ... “Bununla belə (həmin geyimləri soyunmaqdan) çəkinmələri onlar üçün daha yaxşıdır. Allah (hər şeyi) eşidən və biləndir.” Ən – Nur 24/60. Peyğəmbər (s.ə.s) deyib: Uca Allah həyalı, örtülüdür və O, həyalı və örtülüləri sevir. O həm də, demişdir: “Uca və Qüdrətli Allah paltarlarını öz evlərindən başqa yerdə soyunan qadınları lənətləmişdir. Uca Rəbbimiz hicabın ismət rəmzi olduğunu elan edir və onu hətta, yaşlı qadınlara da məsləhət görür”. Rəbbimiz hicab haqqında buyurarkən yalnız və yalnız mömin qadınlara müraciət edir: “Mömin qadınlara de ki”... Ən – Nur 24/31 və başqa bir ayədə “... Və möminlərin övrətlərinə de ki...” Əl – Əhzab 33/59. Bəni – Tamim qəbiləsindən olan qadınlar möminlərin anası Ayişə (r.a.)nun yanına nazik paltarda gəldikdə ayişə onlara belə müraciət etdi: “Əgər siz möminsinizsə, bu paltar möminlər üçün deyil, yox əgər siz mömin deyilsinizsə, onda onlardan həzz alın”. Peyğəmbər (s.ə.s.) demişdir: “Öz gözəlliyini özgələrinə göstərən qadın Axirət Günü işıq üzü görməyən vahiməli zülmətə bənzəyir. Özünü nümayiş etdirmək günah və ədəbsizlikdir” . Bu barədə “Qurani – Kərim”də belə buyurulub: “Ədəbsizlik etdikləri zaman: “Atalarımızı belə gördük. Bunu bizə Allah əmr etmişdir”, – deyərlər. De ki, Allah ədəbsizlik əmr etməz. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?”. Əl - Əraf 7/28. Hicab qadınları onlara pis niyyətlə dikilmiş gözlərdən qoruyur. İslam tariximizi araşdırsaq, hələ Cahiliyyət dövründə belə, İslam dövründə də, bir çox qanlı münaqişələr, məhz qadın namusunun qorunması və toxunulmazlığı ucbatından baş vermişdir. Hz. Əli (r.a.) demişdir: “Mən eşitmişəm ki, sizin arvadlarınız topa-topa xaricdən gəlmiş gənc kafir tacirlərin yanına gedir və bazarda onlarla sürtüşürlər. Məgər bu sizi heç utandırmır?” Yuxarıdakı hədisdən göründüyü kimi Hz. Əli böyük bir həssaslıq və narahatçılıqla yaşadığı dövrdə bəzi cahil kişilərin öz qadınlarına biganə, laqeyd münasibətlərindən narahat olub, qadınları yad kişilərdən, yad nəzərlərdən qorumağı tövsiyə edərək onları tənbeh edir.

İslam dini məcburiyyət və məhrumiyyət dini deyildir. Əziz bacılar, hicab bağlamağı heç kəs sizə məcbur etmir. Əgər siz könüllü bir tərzdə özünüzü Allaha təslim edirsinizsə, bu çox yaxşı bir haldır. Hər bir işin öz ədəb və üsulu olduğu kimi İslam geyiminin də özünəməxsus ədəb və üsulu vardır. Gəlin buna düzgün əməl edək. Əgər bilmirsinizsə, necə geyinmək lazımdır soruşmaq, öyrənmək ayıblıq deyil. Ayıb, nataraz bir şəkildə xalqın qarşısına çıxmaqdır. Müsəlman bir – birinin aynasıdır. Bilmədiklərinizi müsəlman bacılardan və şəriəti bilən yaşlı müsəlman qardaşlarınızdan öyrənin. Mən bütün bacı və qardaşlarımıza İslam əxlaqı ilə yaşamağı, xeyirli Axirət arzulayıram.

“Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olaraq ölün”. Əl – İmran 302.


Əbdürəhman Həbib oğlu
Bu yazıya 1018 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI
  • Hicab Təqvadır
  • Dahilərdən kəlamlar