Üç Qardaşın Hekayəsi


Samirə Mahmudova
Bu yazıya 822 dəfə baxılıb.

Dünya həyatının ləzzəti və möhtəşəmliyi bütün gözəllikləri ilə insanın önünə sərilir. Qəlbinin səsinə və ağlının ona doğruları ilham etməsinə fikir verməyən nəfsinin istəklərinə boyun əyən insan, bu dünyada bu gözəllikləri şər yöndə istifadə edir. Nəticədə ibadətin əsas qayəsi olan qulluqdan uzaqlaşaraq həyatını yaşamaq üçün deyil, yemək üçün yaşamağa həsr edir. Dünyaya gəlmə səbəbini unudur, heç ölməyəcəkmiş kimi iki əlli bu dünyadan yapışır. Öz istəklərinin əldə edilməsi üçün lazım gələrsə mənliyini, vicdanını belə ayaqlar altına alır. Dünyaya bu qədər rəğbət etməsi imanın zəifləməsi və daha sonra hardasa itirməyinə qədər gedib çıxır.

Həva və həvəslərinin arxasınca gedənlər arzularını hər şeydən üstün tutmaqla onu ilahlaşdırmaq kimi bir dəlalətə düşərlər. Allahın əmrlərini yox sayıb nəfslərinin istəklərinin arxasınca sürüklənərlər. Belələrinin aqibəti haqqında Allah Təala Qurani-Kərimdə belə buyurmuşdur:

“(Ey Rəsulum!) Nəfsini özünə ilah edəni gördünmü? Onun vəkili sənmi olacaqsan? (O özü haqqı axtarıb tapmalıdır). Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti (sən deyən sözü eşidəcək) və ya ağıllı başlı fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə də ondan daha çox dəlalət içindədirlər” (Furqan, 25/43-44).

Rəsulullah (s.ə.s.) nəfslərini ilaha çevirib dünyaya şər toxumu səpənlərin halını belə təsvir etmişdir:

“Boş xəyallara qapılıb Kəbir Mütəal olan Allahı unudan bəndə necə də pis bəndədir! Despot və qəddar olub Cabbar olan Allahı unudan bəndə necə də pis bəndədir! Qəflətə dalaraq oynayıb gülən, qəbirləri və (yerin altında) çürüməyi unudan bəndə necə də pis bəndədir! Əxlaqsızlıq və azğınlıq edən, əvvəlini və sonunu unudan bəndə necə də pis bəndədir! Dindar görünüb insanları aldadaraq dünyəvi mənfəətlər ardınca qaçan bəndə necə də pis bəndədir! Şübhəli şeylərlə dinini pozan bəndə necə də pis bəndədir! Hərislik və tamahı səbəbilə günahlara qurşanan bəndə necə də pis bəndədir! Dünya malına olan hədsiz arzu və istəklərinə görə zillətə düşən bəndə necə də pis bəndədir!”(Tirmizi,Qiyamət,17/2448).

İnsan yaşadığı dünya həyatı boyunca əməllərini yaxşı ölçüb biçməli, beş günlük dünyanın bir gün sonunun gələcəyini idrak edərək axirətə yönəlik hazırlıqlarını axsatmamalıdır. Onu yalnız buraxmayan axirət yoldaşına – saleh əməllərinə sadiq qalaraq özünü təminat altına almalıdır. Allah Rəsulu bu mövzuda üç qardaşın hekayəsini rəvayət edərək insanları saleh əməllər arxasınca getməyə təşviq edir:

“Hz. Peyğəmbər (s.ə.s.) bir gün səhabələrinə “Hər hansı birinizin ailəsi, malı və əməlləri nəyə bənzəyir deyimmi?” deyə soruşur. Səhabələr bir ağızdan: “Allah və Rəsulu daha yaxşı bilər” deyirlər. Peyğəmbər (s.ə.s.) onlara çox gözəl bir hekayə danışır. Bu hekayədən duyğulanan səhabələrdən Abdullah inb Kürz ayağa qalxaraq bu hekayəni şer formasında yazmaq istədiyini bildirir. Allah Rəsulu icazə verincə Abullah b. Kürz o gecəni evində keçirərək səhəri günü Peyğəmbərin hüzuruna çıxır. Səhabələr də toplanırlar. Abdullah şeri oxumağa başlayır:

“Mən, ailəsi, malı və əməlləri olmaqla üç qardaş olan və öləcəyi anda onları çağıraraq onlara belə deyən bir kişi kimiyəm: “Başıma gələn bu çətin gündə mənə kömək oldunuz. Bu gün çox uzun və qorxunc bir ayrılığın başlanğıcıdır. Bu mövzuda mənə nə kimi kömək edə bilərsiniz?” Cavab olaraq qardaşlardan biri dedi: “Mən həyatda olduğum müddətcə sənə itaət edər və hər dediyini edərəm. Lakin ayrılıq vaxtı gəldiyində sənin üçün heç bir şey edə bilmərəm. Əgər məndən bir şey istəyəcəksənsə indi istəməlisən. Çünki səninlə birlikdə gəlsəm bir çox təhlükələrə düçar olaram”. İkinci qardaş dedi: “Mən səni, həqiqətən, çox sevər və fəzilət baxımından hər kəsdən üstün tutaram. Sənin üçün yorular və sənə nəsihətlər verə bilərəm. Ancaq ölüm gələndə ona qarşı sənin üçün heç bir şey edə bilmərəm. Bu mövzuda əlimdən ağlamaqdan başqa bir şey gəlməz. Bəli, vəfat etdiyində hıçqıra-hıçqıra ağlayar, soruşanlara səni tərifləyərəm. Cənazənə qatılıb digərləri ilə birlikdə səni son yolçuluğuna qədər daşıyaram. Qəbrə qoyduqdan sonra isə evimə qayıdıb sanki heç bir şey olmamış kimi və səninlə aramızda dostluq və qardaşlıq yoxmuş kimi işimə davam edərəm”. Bu ikinci qardaş onun ailəsidir, birincisi isə onun malı idı. Bu ikisinin ölən qardaşa ən kiçik belə faydaları olmadı. Növbə üçüncü qardaşa gələndə o dedi: “Mən sənin həqiqi qardaşınam. Qorxunc və təhlükəli anlarında mənim kimi bir dost və qardaş tapmazsan. Qəbrində səni yalnız buraxmaram və hər cür təhlükəyə qarşı səni qoruyaram. Qiyamət günündə hesablar ortaya töküləndə hasənatını artırmaq üçün tərəzinin sağ gözünə oturaram. Bunun üçün məni heç unutma və qədrimi bil. Çünki mən sənin üçün daima şəfqətli və səni heç bir zaman xəcalətli etməyən bir nəsihətçiyəm”. Bu üçüncü qardaş insanın özü üçün önündən göndərdiyi saleh əməlləridir. İnsan etdiyi əməlləri axirətdə görəcəkdir”.

Bu şeri dinləyən Rəsulullah (s.ə.s.) və onunla birlikdə orada olan əshabı ağladı. Sonralar səhabələr dünya sevgisi içlərində baş qaldırmasın deyə tez-tez Abdullahı yanlarına çağıraraq bu şeri oxutdurub ağlayardılar.  


Samirə Mahmudova
Bu yazıya 822 dəfə baxılıb.