Övlad Və Mal Üzərindəki Məsuliyyətimiz


Əlif Güldar
Bu yazıya 1026 dəfə baxılıb.

      İslam dini özünə inanan bütün insanları Allahın yaratdığına və hər şeyin sahibinin O olduğuna iman etməyə çağırır. Bu inanca görə insanlar sahib olduqları hər şeyin gerçək sahibi deyil, ancaq əmanətçiləridir. Və hər biri özlərinə təslim edilmiş bütün əmanətləri ən gözəl şəkildə mühafizə edərək sahibinə təslim etməlidir.

      Övladlar ana-atalar üçün ən gözəl əmanətlərdir. Qiymətini bilməliyik. Oğurluq əsnasında tutulan 15 yaşındakı bir gəncdən sorğu zamanı “atan nəçidir?” deyə soruşuldu. Verdiyi cavab orada olanları çox çaşdırdı:

"-Fabrik sahibidir!.." Yaxşı, niyə oğurluq etdin deyə soruşulduğunda ağlamaya başlayan cavan əmilərinin ona qarşı pis rəftarından, anasını sevmədiklərindən, ana tərəfini xor gördüklərindən, anasının bu vəziyyətə dözə bilməyib atası ilə boşandığından, fabrikdə atasının yanına getdiyi zaman da qovulduğundan bəhs etmişdi. Hadisədə maraqlı bir tərəf də var ki, bu gənc oğurluğu özü üçün deyil, bacısının həbsdəki əri üçün etmişdi. Gəncin bu sevgi boşluğu pis niyyətli biri tərəfindən bu şəkildə istismar edilmiş, bacısına olan sevgisi uğruna oğru olmuşdu. Ana və ata övladlarından məsuldur. Əmanətlərini ən gözəl şəkildə mühafizə etmək məcburiyyətindədir. Onların ruhlarında meydana gələn boşluğu sevgi və diqqət aclığını söhbət və şüurla doldurmalıdır. Onlara hədəflər təyin etməli, onları bu hədəflərə çatdırmaq üçün ömür boyu dəstək olmalıdırlar. Onları yaxşı dost və yoldaş tapa biləcəyi saleh və sadiq insanlarla tanış etməlidir. Həmçinin gecə-gündüz Rəbbimizə dua etməlidirlər.

       İnsana verilən bir əmanət də maldır. Allah cümləmizə xeyirdə istifadə edəcəyimiz mallar nəsib etsin. Tabəri İbni Qanı, Təbərani, Beyhaki, İbni Abdilbər kimi müəlliflərin Əbu Umamədən nəql etdikləri rəvayət belədir.

         Bir gün Səhləbə bin Xatib Peyğəmbər (s.ə.s.) in yanına gələrək,

" - Ya Rəsulullah mənə mal verməsi üçün Allaha dua et" dedi.

Peyğəmbərimiz (s.ə.s.):

"-Təəssüf ey Səhləbə,  şükrünü əda etdiyin az mal, şükrünə güc çatdıra bilmədiyin çox maldan xeyirlidir"- buyurdu.

 Səhləbə təkrar eyni şeyi istədi. Allah Rəsulu (s.ə.s.):

"-Təəssüf ey Səhləbə, mənim kimi olmaq istəməzsənmi, çünki bu dağların qızıl və gümüş olaraq mənimlə birlikdə getməsini diləsəydim mütləq olardı"- buyurdu. 

Səhləbə təkrar israrla:

"-Ya Rəsulullah, mənə mal verməsi üçün Allaha dua et! And içirəm ki, Allah mənə mal versə hər haqq sahibinin haqqını mütləq verəcəyəm"- dedi.

Bunun üzərinə Allah Elçisi (s.ə.s.)  belə dua etdi:

"- Allahım Səhləbəyə mal ver!.."

Deyərkən Səhləbə bir neçə qoyun əldə etdi. Qoyunları tırtılların törəməsi kimi qısa bir zamanda artdı, Mədinəyə sığmaz olunca Taşraya köç etdi. Əvvəllər hər vaxt namazlarını Rəsulullahın (s.ə.s.) arxasında edərkən yalnız günorta və ikindidə iştirak etməyə başladı. Qoyunları bir az daha çoxalınca ancaq Cümə namazına qatıldı. Qoyunları daha da artdıqca uzaq bir vadiyə köçməli oldu. Cümə və camaatı tərk etdi. Bir dəfə Rəsulullah (s.ə.s.);

" -Səhləbəyə nə oldu, heç görünmür?" deyə soruşdu. Vəziyyətindən bəhs edilincə  kədərlənərək üç dəfə:

"-Heyf oldu Səhləbəyə!.."  buyurdu.

Bu vaxt Hz. Peyğəmbərə zəkatı əmr edən bu ayə nazil oldu:  

"Onların mallarından sədəqə al ki, bununla onları təmizləyəsən. Onlar üçün dua da et, çünki sənin duan onlar üçün sükunətdir. Allah hər şeyi haqqıyla eşidəndir, biləndir" (ət-Tövbə 103).      

      Bundan sonra Peyğəmbərimiz (s.ə.s.) Cüheynə və Bənu Səlimə qəbilələrindən seçdiyi iki nəfəri zəkat məmuru təyin etdi. Heyvanların yetərsay miqdarını ifadə edən bir namə verdi. Səhləbə ilə Bənu Süleymdən filan şəxsin zəkatlarını təhvil almalarını əmr etdi. O iki şəxs zəkat üçün göndərilənlər Səhləbənin yanına gəlib zəkatını təhvil almaq istədilər. Ancaq Səhləbə bunun bir cizyə ya da xərac olduğunu irəli sürdü. Əvvəl başqa insanlardan təhvil alın sonra bura gələrsiniz dedi.

 Onlarda Bənu Suleymdəki digər şəxsin yanına getdilər. O şəxs zəkat məmurlarının gəldiyini xəbər alınca dəvələrinin ən gözəlini, ən seçməsini hazırlayaraq onları çox gözəl qarşıladı. Zəkat məmuru ən yaxşılarının verilməsinin lazım olmadığını, çünki belə bir niyyətlərinin olmadığını söylədilər. O şəxs də, bu yaxşı dəvələrin zəkat olaraq aparılmasını könül xoşluğu ilə verdiyini, bunları Allahdan xeyir murad edərək verdiyini söylədi. Zəkat məmurları dəvələri götürüb yola düşdülər. Təkrar Səhləbəyə baş çəkdilər. Səhləbə zəkat qeydlərinə baxdı:

"- Bu cizyədən başqa bir şey deyil. Gedin, məni narahat etməyin!.." dedi başından  qovdu. Onlar da Mədinəyə döndülər. Rəsulullah (s.ə.s.) onları görər görməz daha bir söz demədən:

"-Heyf oldu Səhləbəyə buyurdu". Bənu Suleymdən zəkatını verən şəxs üçün də xeyir dualar etdilər. Bir müddət sonra Səhləbə haqqında bu ayə nazil oldu:

(Münafiqlərin) bəzisi də Allahla belə əhd etmişdir: “Əgər Allah bizə Öz nemətindən (mal-dövlət) bəxş etsə, biz mütləq sədəqə (həmin malın zəkatını) verəcək və sözsüz ki, əməlisalehlərdən olacağıq”. (Allah) Öz nemətindən onlara (istədiklərini) ehsan buyurduqda xəsislik etdilər və (əhdə vəfa etməyib itaətdən də) üz döndərdilər. Onlar elə zatən dönükdürlər! (Allaha) verdikləri vədə xilaf çıxdıqlarına, yalan danışdıqlarına görə Allah da onların ürəyinə qarşılaşacaqları günə (qiyamət gününə) qədər (davam edəcək) nifaq saldı. (ət-Tövbə: 75-77).

      Bu ayələri eşidən Səhləbənin bir yaxını gedib ona dedi ki:

"-Təəssüflər olsun sənə, ey Səhləbə!...  Sən həlak oldun; Allah sənin haqqında bu ayəni endirdi!.."

 Səhləbə də ağlayaraq Mədinəyə gəldi və:

"-Ya Rəsulallah, zəkatımı qəbul et!.." deyə yalvardı.

Amma Həzrət Peyğəmbər (s.ə.s.) onun zəkatını qəbul etmədi.

 Daha sonra Həzrət Əbu Bəkir və Həzrət Ömərin hakimiyyəti dönəmlərində də onların yanına gəlsə də, onlar da onun zəkatını qəbul etmədilər. Nəhayət, zəkatı qəbul edilməmiş olaraq Həzrət Osman dövründə vəfat etdi.

       İnfak və xüsusilə üzərimizə fərz olan zəkat Allahın qulu üzərindəki haqqıdır. Qulun əmanət olaraq özünə verilən ruzinin təyin olunan qədərini infak etməsi ya da zəkat olaraq verməsi ilahi bir əmrdir. Allah qorusun, mal və dünya sevgisi insanda mənlik və qürur duyğusunu artıra bilər. Ruziyə ram olub Rəzzaqı unutdura bilər. Rəbbimiz bizləri razılığına uyğun qazanan və yenə razılığına uyğun infak edən, əmanətlərimizə haqqıyla sahib çıxan qullarından etsin. Amin!

 

 

 

 


Əlif Güldar
Bu yazıya 1026 dəfə baxılıb.