Öz Filmimizi Seyr Edəkmi?


Fatimə Zəhra
Bu yazıya 1143 dəfə baxılıb.

"Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini (şəhvəti) qadağan etmişsə, həqiqətən, onun yurdu Cənnətdir!" (ən Naziat, 40-41).

 

Rəsulullah (s.a.s), eqoist ləzzətləri kökündən söküb atan ölümü, tez-tez xatırlamağımızı əmr etmişdir. Qiyamət günündə isə Cənabı Haqq, hər kəsə öz əməl kitabını verib oxumasını əmr edəcək və heç şübhəsiz ki, hamımıza:

"Kitabını oxu! Bu gün sənə hesab soruşmaq üçün öz nəfsin kifayət edər", (əl-İsra, 14) buyurulacaq.  O zaman əməl dəftərlərimizdə gizli və aşkar, hər halımızı görəcəyik. Öz həyatımızı, filmimizi seyr edəcəyik. Namazlarımızı necə etmişik? Oruclarımızı necə tutmuşuq? Yalnız göstəriş üçünmü ibadət etmişik, yoxsa ruhumuz və ürəyimizlə də qulluğumuzu yerinə yetirə bilmişik? Allahın dünyada ikən bizə saysız nemətlərinə qarşı nələr etmişik? Lütf edilən ruh, ağıl, zəka, pul, mal-mülkün nə qədərini infak edə bilmişik? Nə qədərini boşa xərcləmişik? Allahı və Həzrət Peyğəmbəri nə qədər sevmişik və nə qədər Allah və Rəsulunun əxlaqına bürünə bilmişik? Bütün bunlar sabah əməl dəftərimizdə bizə göstəriləcək və qiyamət ekranlarında seyr etdiriləcək. Ancaq əsl məsələ, burada görüb halımızı seyr edə bilmək və lazımlı tədbiri ala bilməkdir.

***

Həzrət Əli -radiyallahu anh- belə demişdir:

"Dünya arxasını dönüb gedir. Axirət isə üzünü çevirib gəlir. Hər birinin özünə xas övladları (talibləri) vardır. Siz axirətin övladları olun, dünyanın övladlarından olmayın! Bu gün əməl günüdür, hesab yoxdur. Sabah isə hesab vardır, əməl imkanı yoxdur". (Buxari, Rikak, 4)

***

Həzrət Əbu Bəkir -radiyallahu anh-ın Allah qorxusunu əks etdirən bu misalı nə qədər ibrətlidir:

Əbu Bəkir -radiyallahu anh- aydın bir havada çölə çıxmışdı. Səmaya baxır, Allah Təalanın qullarına ibrət üçün sərgilədiyi min bir müxtəlif qüdrət axışlarını seyr edirdi. Gözü bir quşa sataşdı. Ağacın budağına qonub, gözəl səsi ilə şirin-şirin ötürdü. Həzrət Əbu Bəkir içini çəkdi. Qibtə və həsrətlə quşa belə səsləndi:

"-Nə xoşbəxtsən ey quş! Vallah mən də sənin kimi olmaq istərdim. Ağacın üzərinə qonursan, meyvələrindən yeyirsən, sonra da uçub gedirsən. Nə hesab var, nə də əzab! Vallah Rəbbimin hüzurunda hesaba çəkiləcək bir insan olmaqdansa, yolun kənarında bir ağac olmağı, bir dəvənin gəlib məni ağzına alaraq əzməsini və yeyib udmasını nə qədər istərdim!" (İbni Əbi Şeybə, VIII, 144)

***

Həzrət Ömər -radiyallahu anh- bir dəfə Allah Təalanın hüzurunda hesab vermənin çətinliyini düşünərək yerdən bir saman çöpü götürüb və:

"Ah! Belə bir saman çöpü olsaydım, dünyaya heç gəlməsəydim, anam məni doğmasaydı, tamamilə unudulub getsəydim", deyə heyfsilənmişdir. (İbni Sad, III, 360-361)

***

Həzrət Ömər -radiyallahu anh- xilafəti dövründə Həzrət Muazı Kilaboğulları tayfasına göndərmişdi. Dövlət xəzinəsindən ödənməsi lazım olan pulları ödəyəcək, verilməsi lazım olan malları verəcək, zənginlərdən alınan zəkatları kasıblara və möhtaclara paylayacaqdı. Muaz -radiyallahu anh- üzərinə götürdüyü bu vəzifəni etina ilə ifa edir, könüllər fəth edərək şirin xatirələrlə geri qayıdırdı. Qayıtdığı zaman, dünya malı olaraq yalnız çiyninə atdığı şalı qalırdı. Bu şal onsuz da, gedərkən də var olan bir şal idi. Bir dəfə xanımı dözə bilməyib soruşdu:

"-Belə bir vəzifə boynuna götürənlər, müəyyən bir ödəniş alar, evlərinə də hədiyyə gətirərlər. Sənin hədiyyələrin haradadır?"

Muaz -radiyallahu anh- cavab verdi:

"-Mənimlə birlikdə yanımdan heç ayrılmayan bir katib vardı. Hər aldığımı, verdiyimi hesaba alırdı".

Xanımı hirsləndi:

"-Rəsulullah -sallallahu əleyhi və səlləm- hər şeydə sənə güvənirdi. Əbu Bəkir də elə. Ömər gəldi; səninlə birlikdə katib göndərir? Hər etdiyini təqib etdirir?"- dedi.

Söz, Həzrət Ömərin xanımına, ondan da Həzrət Ömərə çatdı. Həzrət Ömər, Muaz -radiyallahu anh-ı çağırıb soruşdu:

"-Mən sənin ardından belə bir katib göndərmədiyim halda, eşitdiklərim nədir, ya Muaz? Mənim sənə etimadım yoxmu zənn edirsən?"

Həzrəti Muazın cavabı çox mənalı idi:

"-Ey Möminlərin Əmiri! Xanımıma üzr olaraq göstərə biləcək ancaq bunu tapa bildim. Həm də katib dediyim, sizin deyil, Allahın katibi idi. Bu səbəblə etdiyim xidmətin əcri itməsin deyə -caiz belə olsa- nəfsim üçün heç bir şey ala bilmərəm…"

Həzrət Ömər, onun bu sözlərlə nəyi nəzərdə tutduğunu anlamışdı. Çünki Muaz -radiyallahu anh- nəfsinə və dünyaya aid hər şeydən uzaq idi. Xəlifə, onu təltif edərək özündən bir miqdar hədiyyə verdi və:

"-Get bununla ailənin könlünü al!" dedi.

***

Bir kişi Rəsulullah -sallallahu əleyhi və səlləm-in önünə oturdu və belə dedi:

"-Ey Allahın Rəsulu! Mənim kölələrim var. Daim mənə yalan danışır, xəyanət edir və baş qaldırırlar. Mən də onları danlayır və döyürəm. Onlar üzündən mənim vəziyyətim nə olacaq?"

Allah Rəsulu -sallallahu əleyhi və səlləm- belə buyurdu:

"-Onların sənə qarşı etdikləri xəyanət, üsyan və yalanlar ilə sənin onlara verdiyin cəza hesablanacaq, əgər sənin verdiyin cəza onların günahına bərabər olsa sənin lehinə, ya da əleyhinə bir şey yoxdur. Əgər sənin verdiyin cəza, onların günahından az isə, bu, lehinə fəzilət olacaq. Əgər verdiyin cəza, onların günahını aşsa o çoxluğu ödəmək məcburiyyətində qalacaqsan ki, bu səndən qisas yolu ilə alınacaq".

Kişi bir kənara çəkilərək hönkür-hönkür ağlamaya başladı. Bunun üzərinə Rəsulullah -sallallahu əleyhi və səlləm- belə buyurdu:

"-Allah Təalanın; «Biz, qiyamət günü üçün ədalət tərəziləri qurarıq. Artıq kimsəyə, heç bir şəkildə haqsızlıq edilməz. (Edilən iş,) bir xardal dənəsi qədər də olsa, onu (ədalət tərəzisinə) gətirərik. Hesablaşan olaraq Biz (hər kəsə) çatarıq”, 136 açıq ayəni  oxumursanmı?"

Kişi daha sonra belə dedi:

"-Vallah ya Rəsulullah, həm özüm, həm də onlar üçün bir-birimizdən ayrılmaqdan daha xeyirli bir yol qalmadı. Şahid olun ki, onların hamısı da azaddır". (Tirmizi, Təfsir, 21/3165)

***

Unutmayaq ki, hamımız məhşərdə açılıb seyr etdiriləcək bir ömür kaseti doldururuq. Ölərkən də əməllərimizlə basdırılacağıq. İlahi hesab günündə, gözümüz, qulağımız, dərimiz, nəhayət, bütün üzvlərimiz dilə gəlib dünya həyatında işlədiyimiz əməlləri xəbər verəcək. Bunu ayəyi-kərimə belə bəyan edir:

"Nəhayət, oraya gəldikləri zaman qulaqları, gözləri və dəriləri işlədikləri şeyə qarşı onların əleyhinə şahidlik edəcək". (Fussilət, 20)

O halda düşünmək lazımdır ki, gözlərimizlə nə qədər ilahi qüdrət axışlarını duyğulu bir şəkildə seyr edib şükür etdik, nə qədər də çirkin eqoist mənzərələri seyr edərək günahkar olduq? Qulaqlarımızla nə qədər vəhyin, sünnənin, haqqın və xeyrin səsini dinlədik, nə qədər də boş və mənasız şeyləri dinləyərək bu neməti ziyan etdik? Bədənimizin enerjisini hara sərf etdik? Onu ilahi hüdudlar içərisində xeyirəmi, yoxsa onunla haram və günahamı sərf etdik? Belə ki, sabah ilahi ekranlarda öz həyat ssenarimizi seyr edəcəyimizi unutmamalıyıq.

 


Fatimə Zəhra
Bu yazıya 1143 dəfə baxılıb.