İslamda Qonşuluq Ədəbi


Mətanət Kərimova
Bu yazıya 811 dəfə baxılıb.

İslam dini insanların dünya və axirətdə dinclik və xoşbəxtliyini təmin edən bir dindir. Cəmiyyətin dinclik və səadəti cəmiyyətdə birlik, bərabərlik, paylaşma və yardımlaşma ilə reallaşır. Bu səbəblə İslam paylaşma və yardımlaşmağa olduqca əhəmiyyət verir. Paylaşma və yardımlaşma ilə kasıb və möhtac olan insanlarla zənginlər arasında mənəvi bir əlaqə qurulur. Zənginlər zəkat və sədəqələrlə kasıbların köməyinə qaçarkən eyni zamanda ürəklərində onlara qarşı şəfqət və mərhəmət duyğuları da inkişaf edir. Kasıb və yoxsul insanlar da aldıqları bu zəkatlarla həm ehtiyaclarını qarşılayır, həm də zənginlərə qarşı hörmətləri artır. Bu eyni zamanda kasıbların zənginlərə qarşı duyduğu həsəd və qısqanclıq duyğusunu da ortadan qaldırır.

Necə bir müsəlman olduğumuzu ibadətlərimiz deyil, hərəkətlərimiz, davranışlarımız müəyyən edir. Həqiqətən, müsəlmanlığın ölçüsü gözəl əxlaqdır. Cənabi-Haqq  qul hüquqlarına o qədər əhəmiyyət verir ki, özünə qarşı qüsur işləyəni asanlıqda əfv edərkən, qullarının haqqını çeynəyəni o qul bağışlamadıqca özü əfv etmir.

Bir insanın tənha yaşaması mümkün olmadığı kimi, bir ailənin də başqa ailələrlə münasibət qurmadan yaşaya bilmələri qeyri-mümkündür. Ailələrin özünəməxsus problemləri olmaqla yanaşı, bənzər problemləri də mövcuddur. Uşağın dünyaya gəlməsi, ölüm, xəstəlik, qəza və digər hallara hər bir ailədə rast gəlmək mümkündür. Bu cür hallarla üzləşdikdə isə bir ailənin təkbaşına səyləri problemdən çıxmaq üçün kifayət etməyə bilər. Qohum-əqrəba uzaqda olduğundan köməyinizə dərhal yetişməyə bilər. Belə vəziyyətdə yaxşı insanlarla qonşu olmaq özü bir nemətdir.

Qonşuluq ailələrin bir-birlərinə işləri düşə biləcək və yardıma ehtiyacları olduqda bir-birilərinin köməyinə yetişəcəkləri qədər yaxın olmaları, istənilən an görüşüb-danışacaq məsafədə yaşamalarıdır.

Yaxşı qonşuluğun əhəmiyyət və üstünlüklərindən çox yazılıb. Bir çox din bu məsələ ilə bağlı mövqeyini ortaya qoymuş, müdrik insanlar fikirlərini bildirmişlər. Ancaq tarix boyu İslam dini qədər qonşuluğu və qonşuluq haqlarını hərtərəfli şəkildə ifadə edən, ideal qonşuluğun əsaslarını təfsilatı ilə ortaya qoyan bir dinə və ya konfessiyaya rast gəlinməmişdir. İslam dini dünya həyatının sülh və əmin-amanlıq içində keçməsinə, insanların qardaş kimi yaşamasına əhəmiyyət verir.

Qonşuluqda ən mühüm cəhət qarşılıqlı etimaddır. Qonşu qonşuya hər bir məsələdə etibar edə bilməlidir. Qonşulardan biri çətinliklə üzləşdikdə qonşusunun və ya digər qonşularının köməyinə yetişəcəyindən əmin olmalıdır. Hətta İslam dininə görə, bir qonşu digərinə yaxşılıq və ya kömək etmək üçün onun çətin və köməyə möhtac olacağı anı gözləməməli, buna ehtiyac olmadığı hallarda belə onunla maraqlanmalıdır. Həzrəti Məhəmməd (s.ə.s.) səhabələrindən Əbu Zərə belə buyurmuşdur:

“Ey Əbu Zər, şorba bişirdiyin vaxt suyunu bir qədər çox et və ondan qonşuna da ver” (Müslim, Birr, 143). Bu hədis qonşunun qonşuya yaxşılıq etmək üçün müəyyən vaxt və şərait gözləməməli olduğunu ifadə etməsi baxımından əhəmiyyətlidir. Peyğəmbərimiz (s.ə.s.) hər kəsin şərtləri ölçüsündə qonşuna kömək etməsini tövsiyə edir. Bu səbəblə şərtlərim çətin, imkanım az kimi bəhanələr qonşuya kömək etməmək və ona tamaşaçı qalma barəsində etibarlı bir bəhanə deyil. Hər kəs qonşusunu təqib etməli öz imkanları ölçüsündə yardım etməlidir. Qonşunun haqq və hüququnun çoxluğundandır ki, Peyğəmbərimiz (s.ə.s.) bu haqqı yerinə yetirməyən və qorumayan adamın imanı və vicdanı məsuliyyətini yerinə yetirmədiklərini bu hədislə dilə gətirmişdir. "Qonşusu ac ikən tox yatan kimsə bizdən deyil" (Hakim, II, 15; Heysəmi, VIII, 167).

Quran, bir müsəlmanın yaxşılıq etməli olduğu insanlar sinfinə qonşunu da əlavə etmişdir:

“Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!” (ən-Nisa, 36).

Şübhəsiz ki, yaxşı qonşuluq hər dövrdə əhəmiyyət daşımışdır. Ancaq heç bir dövrdə yaxşı qonşuluq münasibətinə hazırda olduğu qədər zərurət olduğu deyilə bilməz. Dövrümüzdə bir çox ailə bir dam altında, bir binada yaşamaq məcburiyyətindədir. İnsanlar bu cür həyata məcbur, hətta məhkumdurlar. Belə olan halda qonşuya hörmət qoymayan, onun rahat və dinc yaşamasına əhəmiyyət verməyən, sanki dağın başında yaşayırmış kimi özbaşına və məsuliyyətsiz hərəkətlərə yol verənlər dini baxımdan ağır təhdid altındadırlar.

Aşağı mərtəbədə də bir ailənin yaşadığını nəzərə almadan yuxarı mərtəbədə istədiyini edən, yuxarıdan aşağı xalça, palaz təmizləyərək qonşusunun yuyulmuş paltarlarını kirlədən, televizor və ya radionun səsini ucadan qoyaraq  digər qonşuların narahatlığına səbəb olan ailələr heç də az deyildir. İslam bu cür hərəkət və davranışları qəti şəkildə qadağan edir. Peyğəmbər bu məsələdə azacıq iman sahibi bir kəsin haqqında düşünməsi vacib olan aşağıdakı hədisi buyurmuşdur:

İslam Dini paylaşma və yardıma qohumlardan və yaxından başlamağı nəsihət edir. İnsanların ən çox həmsöhbət olduğu kəslər qonşularıdır. Peyğəmbərimiz  (s.ə.s.)də qonşu hüquqlarına son dərəcə əhəmiyyət verir. Bir hədisində belə buyurur: "Cəbrayıl mənə, daim qonşu haqqını tövsiyə edərdi. Belə ki, mən, qonşuları bir-birinə varis edəcək zənn etmişdim!" (Buxari, Ədəb, 28)

            


Mətanət Kərimova
Bu yazıya 811 dəfə baxılıb.