Möminlərin Anası


Fatimə Qəhrəmanova
Bu yazıya 1012 dəfə baxılıb.

 “Peyğəmbər, möminlərə öz canlarından daha yaxındır. Zövcələri isə onların analarıdır...” (əl-Əhzab, 6).

Cənab-Haqq, ən son və ən mükəmməl din olan İslamı, aləmlərə rəhmət olan Hz. Məhəmməd (s.ə.s.) vasitəsi ilə bəşəriyyətə ikram etmişdir. O, Uca Peyğəmbər (s.ə.s.) hər halı və hər davranışı ilə insanlara ən gözəl örnəkdir. Allah Təala bu məqamda belə buyurub: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab, 21).

Cənabı Haqq onu insan toplumu içində acizlik baxımından ən çətin olan “yetimlik”dən başlayaraq, həyatın bütün qədəmlərindən keçirib qüdrət və səlahiyyətdə ən üstün nöqtəyə, yəni dövlət rəisliyi və nəhayət,  peyğəmbərliyə qədər yüksəltmişdir. Peyğəmbərimiz yaşadığı ömrü  boyunca insanlara ən ideal davranış nümunələri vermişdir. Allah Rəsulu (s.ə.s)-in mükəmməl bir örnək sərgiləyən xüsusiyyətlərinin ən mühümlərindən biri Onun ailə həyatıdır. O, fərqli yaş, mədəniyyət, ən fəzilətli, ən gözəl və ən məsud ailə yuvasını təsis etmişdir.

Onun qurmuş olduğu bu yuva elə bir hüzur və gözəlliklə dolmuş bir yuva idi ki, günlərlə isti yemək bişmədiyi halda hər tərəfi səadət qoxardı. Üstəlik o müqəddəs yuvada xanımların otağı, ancaq başlarını sala biləcək bir məkandan ibarət idi. Lakin o yuvanın ən ləzzətli ruzisi; razılıq, səbir və təslimiyyət idi. Allah Rəsulunun ailə həyatında göstərdiyi tərbiyə üsulu, onların qəlblərini sonsuz bir bağlılıq və məhəbbətlə doldurmuşdu. Heç bir xanım öz həyat yoldaşını analarımızın Allah Rəsuluna olan sevgiləri dərəcəsində sevə bilməz. Heç bir bəy də öz xanımını Allah Rəsulunun mübarək xanımlarına olan məhəbbəti səviyyəsində sevə bilməz. Heç bir ata da övladını Allah Rəsulunun Həzrəti Fatiməni sevdiyi qədər sevə bilməz. Əhli-beytin göz bəbəyi olan Hz. Fatimə validəmiz, yaşadığı qısa, lakin təqva ölçüsü ilə bəzənmiş həyatıyla günümüzün ana və atalarına nə qədər çox şey ifadə edir. Onlara bir övlad yetişdirmənin nə qədər böyük bir əmək və məsuliyyət gərəkdirdiyini, övladların gələcəyinin ancaq Allah Təalanın əlində olduğunu nə qədər canlı şəkildə göstərir.

Peyğəmbərimizin zövcələri “möminlərin anası” olma şərifinə nail olmuşlar. Onlar Peyğəmbərimizin ona vəhy olunarkən, namaz qılarkən, Quran oxuyarkən, yemək yeyərkən, söhbət edərkən, yatarkən, həyatının hər bir səhifəsində yanında idilər. Onlar bu uca şərəf və fəzilətə layiq olmaqla ömürlərini keçirmiş və Məhəmməd ümmətinin xanımlarına ən böyük rəhbər və ən gözəl nümunə olmuşdular.

         Rəsulullahın xanımları Peyğəmbərimizin iman şərəfinə nail olmaq üçün sahib olduqları hər şeydən; ailələrindən, sevdiklərindən, dostlarından, doğulub böyüdükləri məmləkətdən, öyrəşdikləri maddi və rahat şəraitdən imtina etdilər. Sonra Allah Rəsulu ilə evləndilər. Orada  onları maddi olaraq çox böyük imkanlar gözləmirdi. Evləri dörd divardan ibarət kiçik bir otaq, yeməkləri bəzən quru bir çörək, bəzən bir stəkan süd və bir ovuc xurma idi.

Onlar bütün dünya zinətlərini, Allah və onun Rəsulu uğruna tərk etdilər. Onlar Rəsulullahı namaz qılarkən, Quran oxuyarkən, gülərkən, ağlayarkən, gecəyarısı Rəbbinə yalvarıb ibadət edərkən, bir qul olaraq, bir insan olaraq bir peyğəmbər olaraq gördülər. Onlar Rəsulullaha nazil olan ayələri hiss etdilər, bəzən Cəbrayılı insan cildində gördülər, bəzən evləri bir nur yumağına döndü. Bəzən onlar evdə olarkən belə  Peyğəmbərimizə vəhy verildi. Onun vəhylə təmasda olarkən necə tərlədiyini, ağırlaşdığını gördülər. Onlar hər an hər kəsə qapısını, könlünü açmaq, evlərindəki, əllərindəki bir dilim çörəyi paylaşmaq, hər sual verənə bildiyi qədəri ilə cavab vermək, gələni boş çevirməmək kimi yüksək insanlıq dərəcəsinə sahib idilər. Onlar “möminlərin anası” olaraq, bir ana kimi bütün möminlərini bağrına basdılar, yetimləri himayə edib, kasıblara, qəriblərə, dul və möhtac olanlara əl tutdular.  Onlar namazı haqqı ilə yerinə yetirdilər, fərz və nafilə olaraq oruc tutdular,  zəkat və sədəqə verdilər. Onlar Rəsulullahın ömrünün sonunda yüksək qızdırmadan əziyyət çəkərkən tərini sildilər, üzərinə su töküb sərinlətdilər, acısını yüngülləşdirməyə çalışdılar, göz yaşı tökdülər.

Onlar iman, təqva, namus, şərəf, fəzilət, comərdlik içində yaşadılar və elə də Rəblərinə qovuşdular. Allah Təala onlardan razı olsun və onları da bizlərdən razı etsin.

Bu gün bir çox sosial və ailəvi böhranların yaşandığı, boşanmaların get-gedə artığı bir dövrdə, Peyğəmbərimizin şəfqət və mərhəmət, hüzur və ruhaniyyət qoxan mübarək və örnək yuvasını tanımağa necə də möhtacıq!...

Ey Rəbbimiz! Bizlərə və ailələrimizə, sənə qulluq və itaət edən, bizdən razı qalacağın bir təqva həyatı nəsib et!...

Evlərimizə Allah Rəsulunun ailə həyatının ruhani toxumundan, Ehli-Beytin nəzakət və duyğu şəfqətindən nəsib et!...

Ya Rəbbi! Möminin rəngini, şəklini, ahəngini, duyğularını, düşüncələrini, zövqlərini əks etdirən Peyğəmbərimizi və Onun ailə yuvasını bizə rəhbər et!...

Evlərimizi Rəsulullahın evindəki hüzur, şadlıq və məhəbbətlə doldur; bizlərə də o səadət payından, lütfündən və kərəmindən nəsib et!...

 

 

 


Fatimə Qəhrəmanova
Bu yazıya 1012 dəfə baxılıb.