Həyatınızı Asanlaşdırın


Gülnarə Seyidova
Bu yazıya 795 dəfə baxılıb.

Həyatınızı asanlaşdırın.

Maddi imkanların önünüzə məhdudiyyət qoymasına imkan verməyin!

Aparılan araşdırmalara əsasən “Sizi nə xoşbəxt edir?” anket sualını cavablandıran insanların 80%-i “Maddi sıxıntı çəkməmək” cavabını verdilər. Bəzi insanlar isə “Zəngin olacağım gün, xoşbəxt olacağam!” deyə düşünürlər. Bu, insanı bədbinliyə sürükləyən bir fikirdir. Əgər indi xoşbəxt deyilsəniz və gələcəkdə daha çox pulunuzun olacağı zaman xoşbəxt olacağınızı zənn edirsinizsə, boş yerə ümidlənirsiniz. Bu vəziyyət üçün ən asanlaşdırıcı metod, xoşbəxtlik və zənginlik sözlərinin cümlədəki yerini dəyişdirməkdir. “Xoşbəxt olsam, zəngin olmaq şansım daha çox olacaq!” deyə düşünmək lazımdır. Deməli, xoşbəxtliyin açarı və həqiqi zənginlik – sahib olduqlarımıza və sevdiklərimizə lazımi dəyəri verə bilməkdədir. Buna görə də mala-mülkə deyil, ilk olaraq Allaha, daha sonra insanlara bağlanmaq lazımdır. Həyatınızda pul ilə satın ala bilməyəcəyimiz nə varsa, sizin üçün ən önəmli olan da odur: yoldaşınız, övladlarınız, ailəniz.

 

Qorxduqlarımızla mübarizə aparaq!

İşsiz qalsam nə olacaq? Sahib olduqlarım əlimdən çıxsa mən nə edəcəm? Zehnində daim bədbin ehtimallar canlandıran biri, tez-gec, mütləq bu vəziyyətə düşəcəkdir. Həyatınızın hər anında Rəbbinizə sığınmalı və hər nə olursa olsun Onun sizi daim qoruyacağından əmin olmalısınız.

Müasir dövrdə “Həyatım çox çətindir!” düşüncəsi, banklara olan borclardan qaynaqlanır. Hər şey az miqdarda kredit götürməklə başlayır və ardından yeniləri gəlir. Nəfsani arzularınızı təmin etmək üçün borc bataqlığına düşməyin. Maddi imkanınız nəyə çatırsa ona uyğun yaşayın və xərcləyin. Necə deyərlər, “Ayağınızı yorğanınıza görə uzadın”. Aylıq xərcləyə biləcəyiniz limiti dəqiqləşdirin. Hesabınızın limiti aşmasına imkan verməyin. Bu sizi sakitləşdirər və çox pul da xərcləməzsiniz. Həm də bununla banklara verdiyiniz faizi özünüz toplayıb qısa zamanda xeyli pul artırmış olarsınız. 

 

Ən qısa zamanda borclardan qurtulmağa çalışın. Çünki borclar daxili hisslərinizə ciddi zərər vura bilər. Borcları olan insan özünü günahkar bilər, özündən utanar və özünü zəif hiss edər, bunların tək səbəbi də bir kağız parçasının üstündəki rəqəmlərdir.

Zənginlik anlayışınızı dəyişdirin.

Zənginliyin pulla əlaqəli olduğunu düşünməyin. Kasıblığı və zənginliyi rəqəmlərlə və başqaları ilə müqayisə edərək dərk etmək heç düzgün deyil. Hər kasıb insan özündən daha kasıb birini, hər zəngin insan da özündən daha zəngin birini mütləq tanıyır. Bir də ki, heç bir insan pulu az olduğu üçün kasıb deyildir. Zənginlik və kasıblıq düşüncə problemidir. Şəxsi zənginliyinin, yəni mənəviyyatının və əxlaqının idrakı içində olan bir insan özünü heç bir zaman kasıb saymaz.

Bu anda, bu yazını oxuyarkən zəngin ola bilərsiniz. Bunun üçün özünüzə “Mən zənginəm” deyin. Əgər bunu indi deyə bilmirsinizsə, əmin olun, qarşınızdakı on il ərzində - nə qədər qazansanız da, itirsəniz də bunu söyləyə bilməyəcəksiniz. Çox insan üçün bu cür idrak, rahatlamaq vasitəsi olur.

Yardım edin!

Sadəcə qurumlara deyil, insanlara da yardım edin. Bir insanın uğur qazanmasına dəstək olun. Ehtiyacı olanlara pul versəniz özünüzü zəngin hiss edəcəksiniz. Kiməsə maddi yardım etmək, insanı israf etməkdən çəkindirər. Bəzi insanlar bir qəpik belə yardım etməzlər, kasıblaşmaqdan qorxarlar. Və bu qorxu da onları tez ya gec maddi tənəzzülə uğradar və müflisləşərlər.

Sizi yönləndirən düşüncə bu olsun: Zənginliyin məhsulunu yığmaq istəyən onun toxumlarını əkməlidir. Bəzi insanlar bunu necə edəcəklərini xəyallarına belə gətirmirlər. Onlar yalnız nankorluq toxumları ilə yoxsulluq yetişdirirlər.

Sədəqə verin! Bunu edin: ehtiyacı olan birinə 10 manat verin. Və bunun qarşılığında hansısa kafedə çay içməyin, ya da cib telefonunuzla bir az qısa danışın. Əmin olun ki, satın ala bilməyəcəyiniz bir hisslər yaşayıb, həqiqətən, çox zəngin olacağınızı hiss edəcəksiniz.

Qısqanclıq duyğusunu özünüzdən uzaqlaşdırın.

Kimin daha yaxşı və daha çox pula sahib olduğunu bilmək üçün daim özünüzü başqaları ilə müqayisə etmək məcburiyyətində hiss edirsinizsə, bu, həm sizin həyatınızı, həm də başqalarının həyatını lazımsız yerə çətinləşdirəcək. Birini qısqanmağa ya pul, ya gözəllik, ya şəxsi qabiliyyət ya da şöhrət səbəb olur. İnsan hər şeyi və hər kəsi qısqana bilər. Qısqanclığı aradan qaldırmaq üçün siyasi sınaqlar belə edilmişdir. Məsələn, hər kəsin maddi varlığa sahib olduğu bir toplum yaradılmış, amma qısqanclıq, belə bir toplumda da var olmuşdur. Qısqanclıq, gizli, inatçı və mənfi bir xasiyyət olmaqla kifayətlənmir, həmçinin hər kəsin həyatını çətinləşdirir. İohan Volfgang Hötenin gözəl bir kəlamı yerənə düşərdi: “Başqasının üstünlüklərinə qarşı sadəcə sevginin faydası olar”.

Qısqanclığınızı qibtəyə çevirərək həyatınızı asanlaşdıra bilərsiniz.

 

   


Gülnarə Seyidova
Bu yazıya 795 dəfə baxılıb.