Təvəkkül Allahadır


Osman Nuri Topbaş
Bu yazıya 1173 dəfə baxılıb.

Əbu Hureyrə Rəsulullahın (s.ə.s.) bu hadisəni nəql etdiyini buyurur:

İsrailoğullarından bir nəfər dostlarından min dinar borc istəyir. O isə:

“Mənə şahidlərini gətir, onların hüzurunda verim ki, şahid olsunlar!” dedi.

Borc istəyən insan:

“Fanilərdən şahidim yoxdur. Şahid olaraq Allah yetər!” dedi.

Digəri isə:

“Elə isə buna kəfil gətir”, dedi.

Borc istəyən:

“Kəfil olaraq Allah yetər”, dedi.

Borc istəyən:

“Doğru söylədin”, dedi və müəyyən bir vaxta qədər pulu ona verdi.

Borc alan insan dəniz səfərinə çıxdı və ehtiyacını qarşıladı. Daha sonra borcunu vaxtında ödəmək məqsədilə geri qayıtmaq üçün gəmi axtardı, amma tapa bilmədi. Bundan sonra bir odun parçası götürüb içini oydu. Borclu olduğu insana xitabən yazdığı məktubla birlikdə min dinarı o oyuğa yerləşdirdi. Sonra oyuğun ağzını bağlayıb, bərkitdi və dənizin kənarına gətirib (könlündəki dərin imanı və Cənabı Haqqa olan təvəkkül, təslimiyyət və etimadı ilə):

“Ey Allahım! Bilirsən ki, mən birindən min dinar borc pul almışam.

Məndən kəfil istəyərkən, “Kəfil olaraq Allah yeter!”demişəm. O da şahid olaraq Səndən razı olmuşdu. Mən isə malını ona göndərmək üçün bir gəmi axtardım, amma tapa bilmədim. İndi onu sənə əmanət edirəm!”, dedi və odun parçasını dənizə atdı. Odun dənizdə yavaş-yavaş gözdən itdi.

Sonra ordan ayrılıb məmləkətinə gedəcək bir gəmi axtarmağa davam etdi.

Digər  tərəfdən borc verən kimsə də pulunu gətirən bir gəmi gələr ümidi ilə sahildə üfüqlərə baxırdı. Bu zaman içində pulu olan odun parçasını tapdı. Onu evinə odun kimi işlətmək üçün götürdü. Odunu balta ilə doğradıqda içində pul və məktub olduğunu gördü.

Bir müddət sonra borc alan kimsə gəldi. Min dinar gətirdi və:

“Malını gətirmək üçün gəmi axtarırdım. Amma bundan əvvəl gələn bir gəmi tapa bilmədim”, dedi.

Borc verən:

“Sən mənə nə isə gördənmişdinmi?” deyə soruşdu.

Borclu:

“Mən sənə, mindiyim gəmidən əvvəl gələn bir gəmi tapa bilmədim deyirəm”, dedi.

Borc verən:

“Allah Təala, odunun içərisində göndərdiyin pulu bizə çatdırdı və sənin yerinə borcunu ödədi. İndi bu gətirdiyin min dinarı götür və sağ-salamat get!” dedi. (Buxari, Kəfalət, 1, Sehr 10)

Bax, təmiz və sağlam etiqada sahib bir könlün, Allaha olan təvəkkülü, təslimiyyəti və etimadı nəticəsində, Cənabı Haqqın quluna yardım edəcəyini və onu əsla üzü üstə tərk etməyəcəyini göstərən ibrətli bir hadisədir. Unutmamaq lazımdır ki, Quran və sünnət istiqamətində yaşayıb, Allaha təvəkkül və təslimiyyət göstərmək, qəlbin hüzur, səadət və səlamətinin ən böyük vəsiləsidir.

Cənabı Haqq da qulunun Ondan başqasına arxalanıb güvənməsindən əsla razı qalmaz. Belə ki, ayəyi-kərimələrdə belə buyurulur:

“…Möminlər ancaq Allaha təvəkkül etsinlər!” (İbrahim 11).

“…Allaha təvəkkül edənə Allah kafidir!..” (ət-Talaq 3).

İndi isə düşünək:

Görəsən biz, qarşılaşdığımız hər hansı bir hadisədə fanilərə nə qədər sığınırıq, güvənirik və onlardan yardım istəyirik? Onların yeganə yaradıcısı və sahibi olan, mütləq var olan Cənabı Haqqa nə dərəcədə sığınır, güvənir və iltica edirik? Ağlımıza əvvəlcə fani sığınacaq, dayaq, qoruyucularmı gəlir, yoxsa Baki olan Rəbbimizmi? Bax məhz bu xüsus imanımızın səviyyəsini də ortaya qoyan bir meyar hökmündədir.

İman və İrfan pəncərəsindən baxarkən, şübhəsiz ki, hər vəziyyətdə güvəniləcək yeganə varlıq, ölümsüz, əbədi və Mütləq Qadir olan Cənabı Haqqdır. Əks halda, Haqqa təvəkkül, təslimiyyət və etimadın bir mənası qalmaz.

Cənabı Haqq bu həqiqəti bu cür ifadə edir:

“Əsla ölməyəcək, həqiqi həyat sahibi və daim diri olan Allaha təvəkkül et və Onu həmd ilə təsbih et!..” (əl-Furqan 58).

Çünki bir şeyi istədiyi zaman ona sadəcə “Ol!” deməyi yetərli olan Allah, bir şeyə kəfil olarsa imkansız kimi görünən şeylər belə asanlıqla hasil olur. Bu səbəblə qulun üzərinə düşən vəzifə Ona təvəkkül və təslimiyyətdə ixlas və səmimiyyət göstərə bilməsidir.

Əbu Səid (r.a.), məruz qaldığı aclıq səbəbindən qarnına daş bağlayan səhabələrdəndir. Anası ona:

“Qalx, Rəsuli Əkrəmin yanına get, Ondan bir şey istə. Filan adam Rəsullahın yanına gedib, O da onun imdadına yetişib. Filankəs də gedib, o da nemətlərə nail olub. Dur, sən də get, bəlkə bir xeyir taparsan”, dedi.

Əbu Səid isə anasına belə cavab verdi:

“Hələ dayan ana, bir şey axtaraq, tapa bilməsək o zaman gedərik”, dedi. Lakin nə qədər axtarsalar da yeməyə heç bir şey tapa bilmədilər. Bundan sonra o, Rəsulullahın yanına getməyə qərar verdi. Allah Rəsulunun (s.ə.s.) yanına gedərkən, Onun xütbə söylədiyini gördü və o da xütbəni dinləməyə başladı. Allah Rəsulu (s.ə.s.) xütbəsində bunları deyirdi:

“İnsanlara əl açmayıb, iffətini qoruyan, gözü və könlü tox olaraq ehtiyacını Allaha ərz edəni, Cənabı Haqq heç kimsəyə möhtac etməz”.

Əbu Səid (r.a.) bu sözü eşitdikdən sonra, Rəsulullahdan (s.ə.s.) bir şey istəyə bilmədi və əliboş olaraq evinə qayıtdı.

Özü bundan sonrakı halını bu şəkildə ifadə edir:

“Rəsulullahdan bir şey istəməyib evimə geri qayıtdığım halda, Cənabı Haqq bizə ruzimizi göndərmişdi. Sonralar işlərimiz o qədər yaxşı oldu ki, Ənsarda bizdən daha zəngin bir insan yox idi” (Əhməd, III, 449).

Belə ki, əsl təvəkkül, qulun qarşılaşdığı -xeyir və şər- bütün hadisələrin Allahdan olduğunu, Ondan başqasının yaratmaq gücünün olmadığını bilməsi və möhtac olduğu hər vəziyyətdə öhtəsinə düşəni edib, nəticəsini Allaha həvalə etməsidir. Təvəkkülün bu qədəri fərzdir və imanın bir göstəricisidir.

Allah Təala belə buyurur: “… Əgər möminsinizsə ancaq Allaha təvəkkül edin”, (əl-Maidə, 23).

Lakin bu Allaha güvənmə və arxalanma keyfiyyəti -bəzi cahillərin anladıqları kimi- hər cür fəaliyyətdən uzaq durmaq, səbəblərə diqqət yetirmədən heç bir tədbir almamaq, halbuki bunları etdikdən sonra Allahın qüdrət və təcəllisinə arxalanmaq lazımdır.

Belə ki, çalışıb səy göstərməmiş işdə tənbəllik etmək, sonra da: “Biz təvəkkül əhliyik”, deyən kimsələri Hz. Ömər (r.a.): “Siz Allaha deyil, başqalarının malına güvənən yeyicilərsiniz. Həqiqi təvəkkül edən insan, torpağa toxumu atdıqdan sonra Allaha güvənər”, demişdi.

Son olaraq bunu da ifadə etmək lazımdır ki, hər işin sahibinin Allah olduğunu bilmək şərti ilə məcbur olduqda fanilərdən yardım istəmək olar. Yenə şəfanın Allahdan olduğunu bilmək şərti ilə həkimə getməyin, Allahın lütf etdiyi şəfanın vəsilələrindən yapışmalı və bütün bunların təvəkkülə mane olmadığını unutmamalıdır.

Çünki Allah Təala, ilahi iradəsi ilə hökmünə və qüdrətinə bağlı olaraq bütün cahanın idarəsi üçün  bəzi səbəblər yaradıb və bunları qanunlaşdırmışdır.

Məsələn, işləməyi qazanmağa, qidanı həyata, müalicəni səhhətə, evlənməyi nəslin davamına, atəşi yandırmağa, yağmuru bitkilərə səbəb qılmışdır. Cənabı Haqq bizləri, “Allaha doğru qaçın!..” (əz-Zariyat, 50) əmrinə uyğun olaraq hər işimizdə daim Özünə təvəkkül və təslimiyyət göstərən qulları zümrəsinə lütfü kərəmi ilə nail etsin…

Amin…

 

 


Osman Nuri Topbaş
Bu yazıya 1173 dəfə baxılıb.