Təslim Ol Ki, Rahatlıq Tapasan!


Fatimə Zəhra
Bu yazıya 884 dəfə baxılıb.

Təvəkkül, lüğətdə "söykənmək, güvənmək, vəkil tutmaq və vəkilə güvənmək" mənalarını ifadə edir. Təsəvvüfdə isə, könlü Allah ilə dolu olan kimsənin yalnız Ona güvənməsi və Ona sığınmasıdır.

Allahın gözəl adlarından biri də "əl-Vəkil"dir. Bu, "Tədbirlərini gördükdən sonra Ona həvalə edənlərin işlərini yoluna qoyub, onların edə biləcəyindən daha yaxşı edən, özünə təvəkkül edilən, hər şeyi idarə və hakimiyyəti altında saxlayan" mənalarını ifadə edir.

Möminlərin hər iki dünyada da köməkçisi Allahdır. Kim Ona təvəkkül etsə, Allah ona kafidir. İstər fərdi, istərsə ictimai yöndən olsun, gerçək hüzur və səadət, yalnız Ona yaxınlaşmaqda, Ondan kömək istəməkdə, Ona təvəkkül etməkdədir.

Hər barədə ölümsüz, əbədi və Qadiri Mütləq olana güvənilməsi zəruridir. Əks halda etimad etməyin bir manası qalmaz. Allah Təala, qullarının yalnız özünə güvənib söykənmələrini arzu edir. Cənabı Haqq belə buyurur:

"Əsla ölməyəcək, həqiqi həyat sahibi və daim diri olan Allaha təvəkkül et və Onu həmd ilə təsbeh et!.." (əl-Furqan, 58)

"…İnananlar ancaq Allaha təvəkkül etsinlər! "(İbrahim, 11; ət-Tövbə, 51)

"…Əgər möminsinizsə, yalnız Allaha təvəkkül edin!" (əl-Maidə, 23)

"…Kim Allaha təvəkkül etsə, Allah ona yetər!.." (ət-Talaq, 3)

Hədisi şərifdə:

"Əgər siz haqqı ilə təvəkkül edə bilsəniz, səhər ac (olaraq çıxıb), axşam tox (olaraq dönən) quşların bəsləndiyi kimi ruzi alarsınız!" (Tirmizi, Zühd, 33/2344; İbni Macə, Zühd, 14) buyurulur.

Bir səfər əsnasında, günorta vaxtı ağaclıq bir vadiyə gəldikləri zaman Rəsulullah -sallallahu əleyhi və səlləm- əsgərlərinə istirahət vermiş, mücahidlər də kölgələnmək üçün kənara çəkilmişdilər. Allah Rəsulu, Səmurə deyilən sıx yarpaqlı bir ağacın altında istirahətə çəkilmiş, qılıncını da ağacdan asmışdı.

Hadisənin bundan sonrakı seyrini Cabir -radiyallahu anh- belə danışır:

"Bir az yatmışdıq ki, Allah Rəsulunun bizi çağırdığını eşitdik və dərhal qaçdıq. Yanında bir bədəvinin olduğunu gördük. Peyğəmbər-əleyhissalatu vəssalam- belə buyurdu:

«-Mən yatarkən bu bədəvi qılıncımı götürmüş. Oyandığım zaman qılınc qınından sıyrılmış vəziyyətdə əlində idi. Mənə:

"-İndi Səni mənim əlimdən kim qurtaracaq?" -dedi. Mən də üç dəfə:

"-Allah!" cavabını verdim»" (Buxari, Cihad, 84, 87; Müslim, Fədail, 13).

Rəsulullah, ölümlə üz-üzə gəldiyi halda, Allah Təalaya təvəkkülü sayəsində heç qorxmamış və özündən əmin bir şəkildə "Məni Allah qurtaracaq!" cavabını vermişdir. Bundan sonra bədəvinin əlindən qılıncı düşmüş və təslim olmuşdur. Peyğəmbərimiz, canına qəsd etmək istəyən bu bədəvini cəzalandırmamış, ona İslamı tanıdıb müsəlman olmasını təklif etmişdir. Bu ülvi davranış qarşısında aciz qalan bədəvi, qövmünün yanına döndüyü zaman:

"-Mən insanların ən xeyirlisinin yanından gəlirəm", demişdi. (İbni Kəsr, əl-Bidayə, IV, 87)

***

Təvəkkül; tədbir və təşəbbüsləri bir kənara atmaq deyil, əksinə, lazım olan tədbiri gördükdən sonra Allaha sığınmaqdır.

Allah Təala buyurur:

"…Hər hansı bir iş görərkən (əvvəlcə) onlarla (mümünlərlə) məsləhətləş! Bundan sonra qərar verib əzm etdikdən sonra (artıq) Allaha təvəkkül et!.." (Ali İmran, 159)

Bir bədəvi:

"-Ya Rəsulullah! Heyvanımı bağladıqdan sonra təvəkkül edim, yoxsa bağlamayıb?" deyə soruşmuşdu. Peyğəmbərimiz –sallallahu aleyhi və səlləm- cavab olaraq:

"-Əvvəl bağla, sonra təvəkkül et!" buyurdu. (Tirmizi, Qiyamət, 60/2517)

İşləyib cəhd göstərməyən, işində tənbəllik edən, sonra da; "Biz təvəkkül əhliyik", deyən kəsləri Həzrəti Ömər -radiyallahu anh-; "Siz Allaha deyil, başqalarının malına güvənən yeyicilərsiniz. Həqiqi təvəkkül əhli; torpağa toxumu atdıqdan sonra Allaha güvənən insandır", -deyə danlamışdır.

***

Təvəkkül, ölmədən əvvəl qulun Rəbbinə sığınması və təslim olmasıdır. Mövlaya güvənib təslim olmaqla, səbəblərdən və onlara təvəssül etməkdən kənarda qalmaq olmaz, ancaq tədbirin təqdirə uyğun olmadığı görüldüyü zaman bir faydası olmayacağı anlaşılar. Yəni ki, olacaqlarla razılaşmaq lazımdır.

Atəş, Həzrət İbrahimi bu təvəkkül və təslimiyyət nəticəsində yandırmadı. Çünki təvəkkül tam olarsa, Cənabı Haqq, atəşə: "Ona sərin və salamat ol!" əmrini verdi.

Əsl təvəkkül, qeyri-iradi olan ölüm gəlmədən qulun, öz iradəsi ilə həyatda ikən Rəbbinə təslim ola bilməsidir.

Həzrət Mövlanə, bizlərə təvəkkül və təslimiyyəti belə ifadə etmişdir:

 "Özündə İbrahimlik olub olmadığını araşdır! Çünki atəş, yalnız İbrahim kimi Haqqa layiqiylə təslim olanları tanıyar və yandırmaz!" buyurur.

***

Söhbəti əsas sayan və İslamın özü olan təsəvvüfün hədəfi, qulun ilahi istiqamət üzrə yaşaması və hər nəfəsdə Rəbbini daha çox bilməsi üçün, Haqqa razılıq və təslimiyyət duyğusunu könüllərə yerləşdirməkdir. Çünki bu fani aləmi əhatə edən min bir əzab, kədər və çilələrin təsiri və nəfsani aldanışların kəsafəti, ancaq Haqqa razılıq və təslimiyyət nəticəsində azalmağa başlayar. İbrahim Haqqı Ərzurumi gözəl söyləyir:

Haqqa təvəkkül eylə.

Təslim ol ki, rahat ol,

Hər işinə razı ol.

Mövla görək neylər

Neylərsə gözəl eylər!..

 


Fatimə Zəhra
Bu yazıya 884 dəfə baxılıb.