Qurani-Kərimlə dost ol, həyatın asanlaşsın!


i.f.dr. Sevinc Aslanova
Bu yazıya 1145 dəfə baxılıb.

Keçmişə baxıb heyfsilənərək həyatı özümüzə zəhər etməkdənsə,  bu gün nə edəcəyimizə baxaq ki, sabah da dönüb bü günə baxıb peşman olmayaq. Dünəni düşünüb sadəcə ibrət almaq lazımdır ki, bu gün eyni səhvi etməyək. Eyni zamanda gələcəyə dair boş xülyalar qurmaq yerinə, bu günümüzün keçmişə nəzərən gələcək olduğunu unutmayaq. Müsəlmanın xəyalı əməlində gerçəkləşməlidir ki, həmin xəyal boş xülya olmasın. Əməl isə anın hökmünə görə həyata  keçir.  Bu zaman mən  “nə etməliyəm?”  sualı bizim daimi şüarımız olmalıdır. Hansı yöndən baxsaq eyni nəticəyə gələrik: “Anı yaşamaq, doğru əməl işləmək, peşman olacağımız işlərdən qaçmaq, gələcəyin maddi sıxıntılarından uzaq durmaq”.  Məhz bunlara diqqət edərək yaşasaq həyatımız asanlaşar.

Belə görünür ki, həyatı çətinləşdirən elə biz özümüzük. Çünki  hər şey əvvəlcə insan beynində həll olur sonra isə beynimiz bədənimizin müəyyən nöqtələrinə siqnallar göndərir. Bu nöqtələrin mərkəzi isə qəlbimizdir. Hər şeyi orada hiss edirik, ya əzab çəkirik, ya da xöşbəxtlik hiss edirik. Gəlin, qəlbimizə əzab çəkdirməyək!  Madam ki, qəlbimizə siqnalı beynimiz ötürür, onda beynimizi özümüz idarə edək. Bunun üçün isə Qurani-Kərimdən faydalanaq. Qurani-Kərim  bir növ insanın özündən istifadə  qaydaları toplusudur. Necə ki, hər bir ixtiraçı öz ixtira etdiyi bir şeyin istifadə qaydasını yazır. Biz də öz növbəmizdə həmin ixtiranın istifadə qaydasına baxmamış işə salmırıq, çünki xarab etməkdən qorxuruq. Bəs özümüz bu kiçik ixtiradan dahamı dəyərsizik ki, bizi var edən Uca Allahın qoyduğu  qanunlardan kənara  çıxırıq. Xarab etməkdən qorxduğumuz bir məişət əşyası qədər dəyərimiz yoxmu? Gözümüzün önündə neçə-neçə  insanlar, tarixdə neçə-neçə millətlər, qövmlər Quranın hökmündən uzaqlaşdıqları üçün həlak oldular. Məhz ona görə indiki zamana hökm edən, bizə yol göstərən yeganə kamil kitab Qurani-Kərimdir. Anaya , ataya, övlada münasibət, ər-arvad münasibətləri, qohumlara qarşı sərhədlərimiz, başqa inanclara sahib olan insanlara qarşı münasibət, əlimizdəki nemətlərdən necə istifadə etmək lazım olduğunu, axirətə necə hazırlanacağımızı Qurani-Kərimdə özünün həllini tapır. Bu qədər mürəkkəb məsələlərin həlli Qurani-Kərimdə var ikən nə etməliyik sualına cavabı tapmaq üçün niyə baş sındıraraq həyatı özümüzə zəhər edirik? Axı Allah Təala bizim həm dünyada, həm də axirətdə necə xoşbəxt ola biləcəyimizin yollarını müqəddəs Qurani-Kərimdə göstərir.

Qurani-Kərim ətrafımıza qarşı münasibətlərimizi tənzimlədiyi kimi, iç aləmimizi də tənzimləyir. Sanki psixoloji bir terapiya rolu görür. Allah Təala zalıma qarşı məzlumu qoruduğunu, heç bir şeyin əbəs yaşanmadığını, bütün yaşadıqlarımızın İlahi “kamera” tərəfindən qeydə alındığını, məhşər günün İlahi məhkəmədə hər kəsin hər şeyin hesabıni verəcəyini, səbir etdiyimiz çətinliklərin mükafatını alacağımızı, hər çətinliyin içində asanlığın var olduğunu və sair bildirərək bizə bir rahatlıq verərkən, biz isə bütün bunları yaşayaraq həqiqətləri unuduruq.  Belə olduqda isə həyatımız çətinləşir.

Gəlin, Rəbbimizin verdiyi  vədləri və bizim dünyaya gəlmədən onun hüzurunda verdiyimiz vədi unutmayaq ki, həyatımız asanlaşsın.

Biz Qurani-Kərimdən bərk-bərk yapışmaqla yalnız dünyamızı deyil, qəbir həyatımızı da asanlaşdırırıq. Tək qalacağımız soyuq və qaranlıq qəbrimizin aydınladıcısı və isidicisi, təbii ki, Qurani-Kərimdir. Hər şeyin alt-üst olacağı, heç kimin bir-birini tanımayacağı o dəhşətli günü, qiyamət gününü Qurani-Kərimə tabe olmaqla rahat qarşılaya bilərik. Nəhayət ki, ən böyük mükafatı axirət həyatında almağımız da Qurani-Kərimdən möhkəm yapışmaqla mümkündür.

Biz Qurani-Kərimdən uzaqlaşaraq həyatımızı çətinləşdiririk. Gəlin, Qurani-Kərimə tabe olaq ki, həyatımız asanlaşsın.  


i.f.dr. Sevinc Aslanova
Bu yazıya 1145 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.