Təvəssül nədir?


Mətanət Kərimova
Bu yazıya 840 dəfə baxılıb.

Müxtəlif dövrlərdə müsəlmanların arasında adi və rəvacda olan bir iş – mütəal Allahdan başqasına təvəssül etmək, Peyğəmbərlərdən və ilahi övliyalardan kömək istəmək Allaha şərik qoşmaq mənasında deyildir. Əksinə, məqsəd budur ki, Allah Təala insanların istək və hacətlərini bu ilahi övliyaların varlıq bərəkəti ilə yerinə yetirir. Həqiqətdə bu insanlar ilahi övliyaların vasitəsi ilə Allahın Özünə təvəssül edir, Allahı çağırırlar ki, onların istəklərini qəbul etsin. Müsəlmanlar Allah övliyalarını çağırırlar ki, övliyalar onların istəklərini Allahdan diləsinlər. Bu məna Qurani-kərimdə möminlərdən istənilmişdir:

“Ey iman gətirənlər! Allahdan qorxun (Onun əmr və fərmanları ilə müxalifətdən çəkinin) və Ona (Onun dərgahına) yaxınlaşmaq üçün vasitə axtarın!” (Maidə s, 35)

Qısa şəkildə desək, Allah övliyalarına təvəssül etmək əql və şəriət tərəfindən bəyənilən bir işdir.

           

Peyğəmbərlərə və ilahi övliyalara təvəssül etmək

İslam dininin zəruri məsələlərindən, eləcə də Peyğəmbərimizin ardıcıllarının hamısının müttəfiq fikirdə olduqları tövhid sütunlarından biri budur ki, varlıq aləminin idarə olunması yalnız Allahın ixtiyarındadır. Xəlq etmək, ruzi vermək, diriltmək, öldürmək, gecə-gündüzü, qaranlığı və nuru qərar vermək, yağış nazil etmək və s. işlərin hamısı yalnız Allahın vasitəsi ilə baş verir. Qurani-Kərim özünün bir çox ayələrində şirkin bütün növlərini (ilahilikdə, rəbb olmaqda, Allaha bəndəlikdə və s.) şiddətlə rədd edir.

Amma diqqət yetirmək lazımdır ki, müxtəlif zamanlarda müsəlmanların arasında adi və rəvacda olan məsələ, yəni Allahdan qeyrisinə təvəssül etmək (onu vasitə olaraq seçmək), ilahi övliyalardan və Peyğəmbərlərdən kömək istəmək  Allaha şərik qoşmaq mənasında deyildir. Əksinə, bu mənaya gəlir ki, onlar Allah dərgahına yaxın və Onun sevimli bəndələridir, Allah dərgahında xüsusi məqama malikdirlər və ehtirama layiq görülürlər, buna görə də ilahi feyzin kainata nazil olma səbəbləridir.

 “Təvəssül” ərəbcədən tərcümədə «müəyyən vasitə ilə məqsədə yaxınlaşmaq istəyi» mənasını verir.

Təvəssül etdiyimiz hörmətli və dəyərli varlıq bəzən bizi Aləmlərin Rəbbinə yaxınlaşdıran saleh əməllərdir, bəzən isə Allah dərgahında xüsusi ehtirama və yüksək məqama malik olan hörmətli insanlardır. Həmçinin bəzən diri olan adamlara, bəzən isə dünyadan gedənlərə təvəssül edilir. Bu barədə Quran və rəvayətlərdə bir neçə nümunəyə baxaq:

 Yusifin qardaşlarının ataları Hz. Yaquba (ə.s.) təvəssülü: 

(Oğlanları ona: ) “Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq!” dedilər. (Yəqub) dedi: “Mən Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir!” (Yusuf s, 97-98)

Peyğəmbərimizə (s.ə.s.) təvəssül: 

Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik. Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər. (Nisa s, 64)

Osman ibni Hüneyf deyir:

Kor bir kişi Peyğəmbərin (s.ə.s.) hüzuruna gəlib ərz etdi:

-“Ya Rəsulullah! Allahdan istəyin, mənə şəfa versin!

 Peyğəmbər (s.ə.s.):

- Əgər səbir etsən, sənin üçün yaxşıdır. Yox, əgər istəyirsənsə mən Allahdan istəyim, sənə şəfa versin. O kişi dedi:

Allahdan istəyin, mənə şəfa versin!  Peyğəmbər (s.ə.s.) ona göstəriş verdi ki, dəstəmaz alsın və Allahı bu sözlərlə çağırsın:

Pərvərdigara! Səndən istəyirəm və rəhmət Peyğəmbərin Həzrəti Məhəmmədin vasitəsi ilə Sənə üz tutmuşam! Ya Məhəmməd! Mən sənin vasitənlə Allah dərgahına üz tutmuşam ki, hacətimi yerinə yetirsin” (“Əl-camius-səhih”, Tirmizi, 5-ci cild).

Bu səhih hədisdən görürük ki, Peyğəmbər nəinki o şəxsin təvəssülünü qadağan etmədi, üstəlik düzgün təvəssülün yolunu da ona təlim etdi. O, Peyğəmbəri özü ilə Allah arasında vasitə edərək Allahdan ona şəfa verməsini istədi.

Ənəs ibni Malik deyir:

Bir nəfər Peyğəmbərin (s.ə.s.) yanına gəlib dedi:

“Ey Allahın Rəsulu! Mal-heyvanlarımız susuzluqdan tələf oldular! Allahdan istəyin yağış nazil etsin. Peyğəmbər dua etdi və düz bir həftə yağış yağdı”.

Sonra başqa bir kişi Peyğəmbərin yanına gəlib dedi: “Ey Allahın Rəsulu! Evlər uçub-dağılmış, yollar kəsilmişdir... Peyğəmbər belə dua etdi:

“Allahım! Rəhmət yağışını dağlara, təpələrə, dərələrin içinə, çaylara və ağac bitən yerlərə nazil et!” Bundan sonra Mədinə şəhərində yağış dayandı, amma ətraf yerlərə yenə də yağırdı. (“Səhihi Buxari”, Məhəmməd ibni İsmail ibni Buxari, 1-ci cild, səh. 344-346, hədis 968-979)

Həzrət Adəm (ə.s.) xətaya düçar olduqdan sonra dedi:

- “Ey Allahım! Səndən üzr  istəyir və Səni and verirəm Məhəmmədin haqqına, məni bağışla! Allah-Təala buyurdu:

- Ey Adəm! Məhəmmədi (hələ) yaratmadığım halda onu necə tanıdın?!

 Adəm dedi:

- Məni xəlq etdiyin zaman ərşə baxdım, orada belə yazıldığını gördüm: “Allahdan başqa heç bir ilah yoxdur, Məhəmməd Allahın Rəsuludur”. Onun adının Sənin adınla yanaşı olduğunu görəndə bildim ki, O, məxluqlar içərisində Sənə ən sevimli olan şəxsdir. Allah buyurdu:

- Məhəmmədin haqqına and verib istədiyin üçün səni bağışladım”. (Hakim Nişapuri, “Əl-müstədrəku ələs-səhiheyn”, 3-cü cild, səh. 517, hədis 4286)

İbni Abbas deyir ki, Ömər ibni Xəttab Peyğəmbərin əmisi Abbas ibni Əbdül-Müttəlibin vasitəsi ilə Allahdan yağış istəyir və deyirdi:

-“Allahım! Biz Peyğəmbərimizin əmisinin vasitəsi ilə Səndən yağış istəyirik. Onun ağarmış saçları ilə şəfaət istəyirik”. Bundan sonra yağış nazil oldu və susamış səhralar su ilə  doydu. (Əbu Nəim İsfahani, “Dəlailun-nübüvvət”, 2-ci cild, səh. 725, hədis 511)

 

Müsəlmanların davranışında təvəssül

Hədislərdən məlum olur ki, Peyğəmbərimiz vəfat etdikdən sonra müsəlmanların tutduğu bu yol davam etmişdir.

 Beyhəqi belə nəql edir: Bir kişi Peyğəmbər (s.ə.s.)in qəbrinin yanına gəlib dedi:

-“Ey Məhəmməd! Ümmətin üçün Allahdan yağış istə!” Çox keçmədən yağış yağmağa başladı və susuzluqları aradan qalxdı. (Behyhəqi, “Vəfaul-vəfa”, 4-cü cild, səh. 1374)

 

Gördüyünüz kimi, peyğəmbərlərə və ilahi övliyalara təvəssül məsələsi – istər həyatlarında, istərsə də vəfat etdiklərindən sonra – elə bir həqiqətdir ki, həm əvvəlki peyğəmbərlərin dövründə, həm Peyğəmbərimiz (s.ə.s.)in sağlığında, həm də Peyğəmbərin vəfatından sonra səhabə və tabein dövründə, eləcə də müxtəlif islam əsrlərində qanuni və rəvacda olan bir iş idi, müxtəlif islam məzhəblərindən olan müsəlmanlar öz ehtiyaclarını təmin və çətinliklərini həll etmək üçün daim peyğəmbərlərə və ilahi övliyalara təvəssül edirdilər. Deməli, təvəssül məsələsi tamamilə şəri və islami bir məsələdir. 


Mətanət Kərimova
Bu yazıya 840 dəfə baxılıb.