İslamda Saçların Boyanması Və Kəsilməsi


Sevinc Vəkilova
Bu yazıya 2035 dəfə baxılıb.

İslam dini təmizlik üzərinə qurulub. Müsəlman dedikdə ağıla təmizlik gəlir. Dinimiz kişi və qadının təmiz, baxımlı və səliqəli görünüşlü olmasını tövsiyə etmişdi. Saçı təmizləmək, yumaq, qoxu sürtmək, daramaq və rəngləmək Hz. Peyğəmbərin (s.ə.s.) təşviq etdiyi xüsuslardandır. Buna görə, saç, saqqal və bığ boyana bilər. Kişinin saçını, qara xaricindəki xına rəngi kimi rənglərlə rəngləməsi caiz olsa da, qara rənglə rəngləməsi məkruh görülmüşdür. Hz. Cabirin (r.a.) Müslimdə keçən hədisinə görə; Məkkənin fəthi günü, Hz. Əbu Bəkrin yaşlı atası Əbu Kuhafənin saçlarının ağardığını görən Hz. Peyğəmbər (s.ə.s.) belə buyurmuşdur: “Bu ağ saçın rəngini dəyişdirin və qaradan çəkinin”. Ancaq saçı ağaran kimsə gənc olarsa, saçlarını qaraya rəngləməsində də bir qadağa yoxdur. Çünki bu vəziyyətdə qaraya rənglənilən saç təbii halını almış olar. Necə ki, Sad ibn Əbi Vakkas (r.a.), Həsən (r.a.), Hüseyn (r.a.) kimi səhabələrin bunu tətbiq etdikləri nəql edilməkdədir.
            Allah Təala qadınları bəzəyə və bəzənməyə meyilli xəlq etmişdir. Dinimizdə qadınların saçlarını boyamaqları haqqında bir məhdudlaşdırma yoxdur. Xanımlar ərlərinə gözəl görünmək üçün ərinin icazəsi ilə saçını istədiyi rəngə boyada və saçlarına xına sürtə bilər .
            Ancaq kişilərdə olduğu kimi qadınlarda da saçı qara rəngə boyamaq yaşlı insanları gənc göstərdiyi üçün xoş qarşılanmamış və məkruh qəbul edilmişdir. Bəzi qaynaqlarda xanımların sərbəst olduğu bildirilir. Əlavə olaraq istifadə edilən boya vasitəsi, başın dərisi və saç üzərində kimyəvi bir təbəqə meydana gətirib suyun təmasına mane olmadıqca qüsula və dəstəmaza mane deyil.
            Peyğəmbərimiz (s.ə.s.) boya cinsi olaraq; "Saçın ağlığını dəyişdirmək üçün istifadə etdiyiniz vasitələrin ən yaxşısı xına və kətan bitkisidir",- buyurmuşdur.
            Bu ölçü içində baxdığımızda, xınanın qüsla mane olmadığını görməkdəyik. Çünki xınanın rəngi yuyunarkən axıb getməsə də təbəqə təşkil etməz. Saçların islanmasına mane olmaz. Səhabəyi-kiramın zamanında saç boyalarının istifadə edildiyini müşahidə edirik.  Onların istifadə etdiyi boyalar da xına kimi başın dərisində təbəqə təşkil etməyən cinsdən bitki tərkibli boyalar idi.
            Buxari Müslim kimi bir çox hədis kitabında Əbu Hüreyrədən (r.a.) rəvayət edilən hədisi-şərifdə:
            İslam dinindən əvvəl yəhudi və xristianlar gözəl görünmə və bəzənmənin Allaha qulluqla uyğun gəlməyəcəyini düşünərək, saçı rəngləyib rəngini dəyişdirməkdən qaçınardılar. Hz. Peyğəmbər (s.ə.s.), səhabələrinə müstəqil bir şəxsiyyət qazandırmaq üçün saçı və saqqalı xına və ya başqa bir boya maddəsi ilə boyaya biləcəklərini bildirdi. Ancaq bu bir əmr deyil, tövsiyə mahiyyətində idi. Ağaran saçların boyadılmasına icazə verilsə də, onların qopardılmasına icazə verilməmişdir. Çünkü Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində “Başınızdakı ağarmış saçları yolmayın; çünki bir kimsə müsəlman ikən saçında tək bir tük belə ağarmış olsa bu qiyamət günü onun üçün mütləq bir nur olar”,- buyurmuşdur.
Nəticə olaraq; Əgər bir kimsənin ağaran saçı gözəl bir hal ifadə edirsə, rəngləməmək, əksinə,  ağaran saçları narahatedici mənzərə ifadə edirsə, rənglənilməsi daha yaxşıdır.
            Saçların kəsilməsinə gəldikdə isə kişilərin saçlarını qısaltmaqlarında bir məhdudiyyət yoxdur. Ancaq İbnu Ömərdən nəql edilən bir hədisdə “Rəsulullah (s.ə.s.) başın bir qismini təraş edib bir qisminin (pərçəm olaraq) saxlanmasını qadağan etdi”,- buyurulmuşdur. Başqa bir hədisi-şərifdə: Rəsulullah (s.ə.s.) bir gün saçının bır qismi təraş edilmiş bir qismi saxlanmış bir uşaq gördü, ailə fərdlərinə belə etməmələrini bildirərək; “Ya hər yerini təraş edin, ya da hamısını saxlayın!” -deyərək müdaxilə etdiyi bildirilir. Peyğəmbərimizin (s.ə.s.) saç kəsməyi qadağan etməsinin səbəbini bəzi alimlər yaradılışı çirkinləşdirdiyi üçün, bəziləri isə yəhudilərə bənzəməmək kimi izah edirlər.
            Saçların kəsilməsini üç cür açıqlamaq olar: Birinci, ibadət məqsədi daşıyan; bunlar həcc və ümrə ibadətlərində, yeni dünyaya gəlmiş uşağın 7-ci günündə saçlarını kəsmək. Bu məqsədlərlə saçların kəsilməsi və ya qısaldılması ibadət mahiyyətindədir. İkincisi, kafirlərin simvolu kimi tanınan şəkildə saçların kəsilməsi, bidət adətlərə dayanaraq saçların qısaldılması məkruhdur (xoş qarşılanmayan, bəyənilməyən). Üçüncüsü isə mübah olandı. Bu da yuxarıda qeyd etdilənlər xaricində saçların qısaldılmasıdı.
            Xanımların saçlarını zərurət halları (xəstəlik və s.) xaricində dibindən kəsdirmələri caiz deyil. Həcc ibadətini yerinə yetirərkən belə saçlarının ucundan az miqdarda kəsmələri kifəyətdir.


Sevinc Vəkilova
Bu yazıya 2035 dəfə baxılıb.