Mehrəliyeva Ləman: Afrika insana şükür etməyi öyrədir.


Bizim Ailədən
Bu yazıya 1089 dəfə baxılıb.

Ləman xanım, biz bildiyimiz qədər siz Afrikada yaşayan müsəlmanlara yardım etmək məqsədi ilə yoldaşınızla birlikdə orada xidmət göstərirsiniz. Bu mövzuda sizinlə danışmaq istərdim. Ləman xanım niyə məhz Afrika?

Həyat yoldaşım artıq dörd ildir ki, Tanzaniyada sosial yardımlarla məşquldur.  2013-cü  ildə biz ailə həyatı qurduqdan sonra mən də onunla birlikdə Afrikaya getdim. Məhz Allah yolunda xidmət etmək üçün biz Tanzaniyada yaşayır və çalışırıq. İlk getdiyim vaxtlarda düşünürdüm, “Niyə məhz mən buraya gəldim? Allah Təala mənə buradakı insanların halını daha yaxından göstərmək üçün göndərib”. Afrikada insanlar çox acınacaqlı haldadırlar. Onların heçnəyi yoxdur. Onları gördükdən sonra insan o qədər şükr edir ki, sanki insanın içi sızıldayır, ağlayır.

Allaha şükürlər olsun, adətən süfrəmizdə bir neçə çeşid yemək olur. Bu cür zəngin süfrədə əyləşərkən düşünürəm,  görəsən ordakı ac insanlar indi yeməyə bir şey tapırlarmı? Onların sabahı düşünməyə taqətləri yoxdur, ancaq bu günlük bir az yemək və içməli su axtarırlar. Təəssüflər olsun ki, burada olan problem yalnız yemək-içməklə də kifayətlənmir. Onların təhsilə də çox ehtyacları var. Müsəlmanların əksəriyyəti dindən bixəbərdir və çox asanlıqla dinlərini dəyişirlər.

Xeyriyyəçi müsəlmanlar orada məktəb və mədrəsələr açıblar. Mən qızlar üçün olan Quran kursunda “Türk dilinin qrammatikası” dərsini keçirəm. Yerli insanlar Türk dilini öyrənməyə çox həvəslidirlər.

Yerli insanlara əsasən xristianlar yardım edirlər. Onların da əsas məqsədi yerli camaatı xristianlaşdırmaqdan ibarətdir. Hökumət işlərində də ən çox xristianlar yer alır. Onu da qeyd edim ki, xristianlar ancaq bu dinə mənsub insanlara təhsil verirlər. Onlar deyirlər: “Birinə savad verib özümüz üçün işlədəcəyiksə qoy bu insan xristian olsun”. Ona görə də savadlıların demək olar ki, hamısı xristianlardır.

Afrikada yaşadığın ilk təəssüratların necə idi?

Təyyarədən enərkən hər şey, hətta hava da mənə fərqli görünürdü. İlk günlər çox suallar verirdim. Hər şeylə maraqlanırdım. Ordakı həyat şərtlərini gördükcə durmadan şükr edirdim. Və onu da deyim ki, burdakı şükürlər ordakından çox fərqlidir. Şükr, orda artıq zikrə çevrilir. Şükr etdikcə insanın gözünün yaşı qəlbinə axır, qəlb riqqətə gəlir. Əlimizdəki nemətlərin qədrini daha yaxşı bilirik. Onları gördükcə çalışırdım ki, heç bir şeyi israf etməyim. Yoxsulların əhatəsində olarkən israf etməyin böyük günah olduğunu daha yaxşı dərk edirsən. Orda insanın göz yaşlarını tutması mümkün olmur.

Yerli əhali ilə necə ünsiyyət qururdunuz?

Ümumiyyətlə qeyd etmək istəyirəm ki, yerli əhali çox mehriban və səmimidir. Məhəmməd Füzulinin bir sözü var: “Salam verdim, rüşvət deyil deyə, almadılar”. Lakin burada belə deyil. Onlar acınacaqlı həyat şəraitində yaşasalar da çox mehribanlıq və səmimiyyətlə insanları salamlayıb, edilən bir yardım üçün dönə-dönə təşəkkür edirlər.

Darüssəlamda olarkən Mütfara deyilən bir yerdə, çox aclıq var dedilər, biz də ora gedib, baxmağa qərar verdik. İnsanlar burada meyvə və ağac kötükləri ilə qidalanırlar. Biz getdiyimiz zaman artıq 4 il idi ki, oraya yağış yağmırdı. Burada 1968-ci ildə qazılmış bir quyu var idi. Bir gün ərzində oraya su yığılır və o ərazinin insanları bu sudan istifadə edirlər. Bütün bunlara baxmayaraq buranın insanları çox mehriban və xoşbəxt görünürdülər. Bizi də mehribancasına salamlayırdılar.

Onlarla ünsiyyət qurmaq da çox çətin deyildi. Vacib olan sözləri lügətdən öyrənirdim. Bir az da insanların əhatəsində, söhbətlərdə də öyrənirdim. Bəzən də İngilis dilindən istifadə edirdim. Onlara öz dillərində bir söz deyəndə çox sevinirlər.

Afrika xanımları ilə bizim xanımları müqayisə etsək, nə deyə bilərsiniz?

Burdakı xanımlar gözəl görünmək, bəzənmək haqqında çox düşünürlər. Amma Afrikada xanımların belə düşünmə imkanları yoxdur. Onlar ancaq bir öyün yemək üçün çalışırlar. Onların aynaya baxmağa imkanları yoxdur, heç aynaları da yoxdur.

Onların ailə quruluşları da çox fərqlidir. Fərqli dinlərdən olan insanlar rahatlıqla bir-biri ilə evlənirlər. Çox arvadlılıq var. Onlarda ailə məsuliyyəti yox dərəcəsindədir. Məsələn, əksər ailələrdə ailə başçısı, kişilər ailə üzvlərinə yemək gətirmək, onları dolandırmaq haqqında düşünmürlər. Hər kəs öz başının çarəsinə baxır. Hər kəs səhər evdən çıxır və özünə qida axtarır. Və burada nikahdan kənar evliliklər də çoxdur. Buna görə də çox sayda uşaqlar var.

Tanzaniyanın yerli əhalisi və təbii şəraiti haqqında nə deyə bilərsiniz?

Tanzaniyada 45 milyon rəsmi əhali var. Amma bu rəqəm dəqiq deyil. Çünki burada qeydə alınmayan, küçələrdə doğulan, böyüyən və ölən çox insan var.

Afrika əhalisi tarix boyu müstəmləkə olduğu üçün bu onların xarakterinə də təsir etmişdir. Onlarda həyat eşqi, mübarizə ruhu yox səviyyəsindədir. Çox passiv bir həyat tərzi keçirirlər. Hətta bu cür həyat tərzinə uyğun atalar sözləri də uydurmuşlar. “Haraka haraka, halina Baraka” yəni “tez-tez görülən işdə bərəkət olmaz”, deyirlər və bunu öz həyat tərzlərində də nümayiş etdirirlər.

Aclıq olduğu kimi insanların güvənliyi də yox səviyyəsindədir. Oğurluq halları həddindən artıq çoxdur. Mühafizəçilər belə bəzən oğurluq edə bilirlər. 

Təbii sərvətləri çox zəngin olsa da ölkə iqtisadiyyatı yox səviyyəsindədir. Məsələn, dövlətin neft, qaz, qızıl yataqları və bir sıra sərvətləri var. Amma bunlardan istifadə edə bilmələri üçün nə texniki avadanlıqları nə də mütəxəssisləri var.

Tanzaniyada yollar çox bərbad haldadır, bu da kənd təsərrüfatına çox pis təsir edir. Əkin üçün yararlı çox münbit və keyfiyyətli torpaqları olsa da eyni səbəbdən bundan da istifadə edə bilmirlər. Məsələn, dünyada məşhur olan Hollandiya gülünü yalnız Tanzaniya torpaqlarında yetişdirirlər.

Ölkə ərazisində kifayət qədər şirin su olsa da əhali ondan istifadə edə bilmir. Çünki dövlətin buna maddi gücü çatmır. Suyun olmamasından yaranan natəmizlik nəticəsində xəstəliklər baş alıb gedir. İnsanlar yağış yağandan-yağana yuyunurlar. Təsəvvür edin, uzun müddət yağışlar yağmadıqda məktəblər yağış yağana kimi tətil elan edir. Burada istifadə olunan su da demək olar ki, yağış sularıdır. Yağış sularından bacardıqları qədər yığıb sonra istifadə edirlər. Küçələrdə kasıblar üçün kiçik polietilən qablarda (50-100 qramlıq) su satırlar.

Yeməkləri də əsasən kafe tipli yeməkxanalarda yeyirlər. Bu cür yemək daha ucuz olduğu üçün yemək bişirmirlər. Belə kafelər natəmiz olduğu üçün hər tərəf həşəratlarla dolu olur. Ona görə də malyariya və bunun kimi bir sıra xəstəliklər baş alıb gedir və ən dəhşətli hallardan biri də burdakı insanlarda həkim anlayışı yoxdur. Bu səbəbdəndir ki, orada yaşlı insanlara çox nadir hallarda rast gəlinir. İnsanlar əsasən 40-50 il yaşayırlar. Onlar qocalmırlar. Əsasən gənc yaşda vəfat edirlər.

Onların demək olar ki, evləri yoxdur. Ev dedikləri ancaq dörd dirəkdən, kənarları və üstü samanla örtülmüş kiçik otaqlardan ibarətdir. Bu evlərdə də uşaqlar böyüyür. Biz rahat evlərimizdə başımızı rahat yasdığa qoya bilirik,  amma bir də düşünməliyik ki, indi başını torpağa qoyub yatan milyonlarla insanlar var. Onların evlərində yataq, yorğan, yastıq heç nə yoxdur. Və nəzərə alsaq ki, burada aylarla yağan musson yağışları olur. Bu yağışlar zamanı samandan düzəldilmiş evləri də su yuyub aparır. Onu da qeyd edim ki, musson yağışlarından sonra çoxlu sayda həşəratlar yaranır. Yerli əhali bu həşəratlardan yemək üçün istifadə edirlər.

Ölkə əhalisinin 80-85% -i (təxminən 35 milyon insan) işıqsızdır.

 

Belə şəraitdə xidmət göstərmək, yaşamaq sizə çətin deyilmi?

Bilirsinizmi, bu yaxınlarda şirin su quyusu tikildiyi vaxt orada olan kişilərdən biri çox sevindi. Gözləri yaşardı. Dedi ki, “Biz hər gün səhər 8-10 km yol gedib bir qab su gətiririk”. Onlar İslam coğrafiyasında olan möhtac qardaşlarımızdandır. Onlara edilən yardımlara vəsilə olmaq, onlara infaq etmək, inşallah onlardan haqq qatlarına yüksələn dualar bizim ilahi əffə nail olmağımıza səbəb olar. Tanımadığımız insanlardan bizlərə dualar yüksələr ki, ən məqbul olan dua da qiyabi duadır. Gün gələr onlar bizim üçün Allah qatında bir bağışlanma məktubu olar.

Onları gördükdən sonra insan dərk edir ki, bizim imtahanımız çox ağır olacaq. Bizim onların dualarına ehtiyacımız var. Rəbbim bizə necə nemətlər verib qədrini bilməmişik. Onlarla müqayisədə özümü onların dualarına möhtac görürəm. Əslində onların bizə yox bizim onların duasına ehtiyacımız var.

Son olaraq demək istəyirəm ki, Afrika insana şükr etməyi öyrədir.

Ləman xanım, gördüyünüz xidmətlərdən dolayı və bu dəyərli fikirlərinizi bizimlə bölüşdüyünüz üçün sizə təşəkkür edirik. 


Bizim Ailədən
Bu yazıya 1089 dəfə baxılıb.