Həzrəti Xədicə bintü Huveylid


Fatimə Qəhrəmanova
Bu yazıya 1021 dəfə baxılıb.

Kəbə yollarında 

Qureyşin Bəni Əsəd qolundan, Kusay bin Kilabda Həzrəti Peyğəmbər (s.ə.s.) ilə soy kökü birləşən gənc Xədicə, on beş yaşında qəbiləsinin xanımları ilə Kəbəyə doğru yol alır. Uzaqdan saçı-başı birbirinə qarışmış bir Yəhudi yanlarına yaxınlaşır və:

“- Salam sizə, ey Məkkənin seçilmiş qəbiləsinin qadınları!... Yaxında sizə bir peyğəmbər gələcəkdir. O, tərtəmiz sima və bənzərsiz bir əxlaqa sahib olacaq. O, peyğəmbər tövhidi gətirib sizi bütlərdən məhrum edəcək. Hansınız ona həyat yoldaşı olursanız olun! ” deyərək səslənir.

Bu sözlərdən sonra qadınlar onu  danlamağa başladılar. Hətta bəziləri ona çox ağır sözlər deyərək daşlayıb qovdular. “-Kimsə bizi bütlərimizdən ayıra bilməz!” arxasıyca qışqırdılar.

Lakin Yəhudinin bu sözləri, hələ on beş yaşında olan Xədicənin könlündə yer alır və:

“Əgər söylədiyi  kimsə o vəsflərə sahib olarsa, onunla mən evlənməliyəm...” deyə içindən bu fikri keçirdi.

Ailəsi

Atası Qüreyşin şərəflilərindən Huveylid bin Əsəd bin Əbdüluzza bin Kusay ibn Kilabdır. Ficar  döyüşündə ölmüşdür.

Anası isə, Əmir bin Lüeyyə soyundan Fatimə bintü Zaidətü-Əsmadı.

Tahirə: Təmiz Qadın

Bu mübarək xanım cahiliyyə dövründə olan çirkablara və qadınlara qarşı baş verən hər cür rəzalətə rəğmən təmizliyi və dürüstlüyü ilə önə çıxmış və qövmü tərəfindən “Tahirə: Təmiz qadın”  və  “Əfifə: İffətli qadın” olaraq adlandırılmışdı.

Həzrət Xədicə Peyğəmbər (s.ə.s.) ilə evlənmədən öncə də bütlərə tapmayan, hörmətli bir qadın idi. Əhməd ibn Hənbəlin Müsnədinə görə cahiliyyə dövründə Allah Rəsulu Həzrət Xədicə validəmizə belə buyurmuşdu:

“-Allaha and olsun ki, mən Lat və Uzayyaya əsla tapınmayacağam. ..”

Buna cavab olaraq Həzrəti Xədicə belə cavab verdi:

“- Lat və Uzayyayı bir tərəfə burax!... Onların adlarını xatırlamağa belə dəyməz!... ”

Həzrət Xədicə validəmizin Tahirə deyərək xatırlanması və bu ada layiq həyat sürməsi; iki cahan günəşi, Allah Rəsulunun ən sevimli həyat yoldaşı olmasına bir hazırlıq dövrü idi. O, Allahın maddi və mənəvi təmizliyi ilə sanki, Həbibi-sallallahu aleyhi və səlləmə hazırladığı müstəsna bir hədiyyəsidir.

Peyğəmbərimizlə tanışlıqdan öncə

  Həzrəti-Xədicə  Peyğəmbər (s.a.s.) ilə  tanış olmamışdan öncə iki dəfə evlənmişdi. İlk həyat yoldaşı Əbu Halə bin Zürarədən “Hind” adında bir oğlu dünyaya gəlmişdi. Xədicə anamız bu oğluna istinad edilərək bir müddət “Ümmü Hind” ləqəbi ilə xatırlanırdı. Bəzi rəvayətlərə görə Əbu Halədən bir qız övladıda dünyaya gətirmişdi.

Həyat yoldaşı vəfat etdikdən sonra  Bəni  Mahzum qəbiləsindən Atik bin Aiz (və ya Abid) ilə evlənmişdi və ondan da “Hind” adında bir qız uşağı dünyaya gətirmişdi.

İkinci həyat yoldaşının vəfatından sonra Qureyşin qabaqcıl nəsil və nəcabətliləri gözəl və varlı olması səbəbi ilə Həzrəti-Xədicə validəmiz ilə evlənmək istəyirdilər. Lakin Həzrəti-Xədicə validəmiz bu təkliflərin heç birini qəbul etmədi.             

Şam Karvanı

Həzrəti- Xədicə həm özünün, həm də uşaqlarının yaşayışını ticarətdən təmin edirdi. Amma dul olması səbəbi ilə karvanların başında uzaq səyahətlərə çıxa bilmir və ticarət karvanlarından istədiyi kimi gəlir əldə edə bilmirdi. Güvəndiyi və karvanını əmanət etdiyi hər kəs, malından gizlicə nələrsə oğurlayırdı. Karvanlarının başında güvənli bir insana ehtiyac var idi. 

Şam istiqamətində gedəcək böyük bir karvan hazırlamışdı. Məkkədə mallarını əmanət edəcəyi güvənli birini axtarırdı. Ətrafından aldığı tövsiyələr bir insan: Muhammədül-Əmin-sallallahu aleyhi və səlləm üzərində cəmlənmişdi.

Sözündə duran və əmanətə xəyanət etməməsi ilə tanınan bu gəncə qarşı güvən hissini duydu və ilk dəfə tanışlığına baxmayaraq, bütün karvanı ona -Sallallahu aleyhi və səlləmə- etibar etdi. Köləsi Meysərə də bu gəncin bütün hərəkətlərini nəzarətdə saxlamasını tapşırdı.

Meysəri ilə Peyğəmbər (s.ə.s.) karvanla səyahət edərkən bir yerdə düşərgə saldılar və Peyğəmbərimiz bir ağacın altında kölgələnməyə başladı. Rahib Meysəriyə yaxınlaşdı və ağacın kölgəsində oturan şəxsin kim olduğunu soruşdu. Sonra da bu ağacın kölgəsində yalnız peyğəmbərlərin otura biləcəyini söylədi. Ardınca bir daha Meysəriyə ağacın altında oturan şəxsin gözündə qızartı olub-olmadığını soruşdu. Meysərə  “Bəli” deyincə, Rahib:

“- O, son Peyğəmbərdir”, dedi.

Sonra bir şəxs Peyğəmbərimizlə alış-veriş etdi. Aralarında ixtilaf başladıqda o şəxs Peyğəmbərə (s.ə.s.):

“-Əgər dediyin kimidirsə Lat və Uzayya adına and ver!...”dedi.

Allah Rəsulu:

“- İndiyə qədər onlar adına  əsla and vermədim” deyə cavab verdi.

Bunu görən Rahib bir daha öz sözlərini təsdiq etdi. Sonra Meysərə:

“-Allaha and olsun ki, bu rahiblərimizin kitablarında sifət və özəlliklərini  tapdıqları peyğəmbərdir ”, dedi.

Meysəri Peyğəmbəri (s.ə.s.) və onun davranışlarını diqqətlə izləyərkən Onu kölgələyən buludları gördü. Belə ki, bu buludlar onlar hərəkət edincə hərəkət edir, onlar dayandıqda buludlarda dayanırdı.

Nəhayət Həzrəti Məhəmmədin (s.ə.s.) müşayiət etdiyi karvan Məkkəyə geri döndü. Bu səfər əsnasında çox böyük  mənfəət əldə edilmişdi.

Meysər bütün gördüklərini sahibəsi Həzrəti Xədicəyə danışdı. Həzrəti Məhəmmədin (s.ə.s.) əsilzadəliyindən, doğru və dürüstlüyündən, fəzilət və üstünlüklərindən bəhs etdikcə iffət və həya abidəsi Həzrəti Xədicənin könlü “Əmin Məhəmmədə”-(s.ə.s.) bağlanmağa başladı.

 


Fatimə Qəhrəmanova
Bu yazıya 1021 dəfə baxılıb.