HARAMDIR!!!


Arzu Murtuzova
Bu yazıya 660 dəfə baxılıb.

İslam dinində qullar üçün həddən artıq rahatlıq və asanlıq var. Allah-Təala nemətlərini öz bəndələrinə halal etmişdir. Yalnız bəzi şeyləri, zərərli olduğu üçün haram buyurmuşdur. Donuz əti də bu qəbildəndir. Qurani-Kərimdə donuzun haram olmasından belə bəhs edilir.

"O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir" (Bəqərə, 173).

Ayədən açıq şəkildə görürük ki, Rəbbimiz donuz ətindən istifadə etməyi müsəlmanlara haram buyurmuşdur. Elə isə hər bir müsəlmanın borcu heç bir sorğu-sual etmədən bu qadağaya riayət etmək olmalıdır. Allahın əmr və qadağalarında səbəb və hikmət axtarmaq müsəlmanın zəifliyindən xəbər verir. “Əgər Rəbbim bunu haram edibsə, mənim borcum ondan uzaq durmaqdır” deyə bilmək imanın kamalından xəbər verir. Lakin zamanın keçməsi ilə dünya donuz əti ilə bağlı bir sıra həqiqətlərin də öz əksini tapdığının şahidi oldu. Gəlin qısaca olaraq donuz ətinin zərərlərinə nəzər salaq.

Bu gün dünyada bir çox həkim təsdiq edir ki, donuz ətini yeyənlərdə müxtəlif xəstəliklər baş qaldırır. Bağırsaq iltihabı, ürək angenası, infarkt və s. kimi xəstəliklər bunlardan sadəcə bir neçəsidir. Donuz əti ilə insana keçən trişin xəstəliyi isə artıq bu ətdən istifadə edən ölkələrdə xeyli yayılmışdır.

Donuz zolağı mədə və bağırsaq yolu ilə qana keçərək, göz, beyin kimi əhəmiyyətli orqanlarda ağır xəstəliklərə, hətta ölümə səbəb olmaqdadır.

Donuz əti yeyənlərdə, qısqanclıq hisslərinin yox olması aşkarlanmışdır. Donuz yağı insan orqanizmindəki E vitaminini birdən-birə yox edir. İnsan E vitaminindən məhrum qaldıqda nəsli kəsilir. Bu gün dünyada oyuncaq istehsal edən böyük firmalar sui-istifadə hallarına yol verərək donuz oyuncaqlarını artırır, eyni zamanda cizgi filmləri çəkərək müsəlman uşaqlarına donuzu adiləşdirməyə və Allahın qadağan etdiklərinə yönləndirməyə xidmət edirlər. Cabir ibn Abdullahdan Allah Rəsulunun Məkkənin fəthi ilində Məkkədə ikən belə buyurduğu nəql edilmişdir:

"Şübhəsiz Allah və Rəsulu şərabın, ölü heyvan ətinin, donuzun və bütlərin alınıb-satılmasını haram etmişdir"(Buxari, Büyu, 112; Təcridi Sarih Tərcüməsi VI / 537, 538).

Allah insanlara ruzini gözəl və təmiz olanlarından yeməyi və bunun əvəzində də şükür etməyi əmr etmişdir. Halal yemək duanın və ibadətin qəbuluna səbəbdir. Haram yemək isə bunların əksinə səbəb olar. Allah Rəsulu belə buyurmuşdur:

"Ey insanlar, şübhəsiz ki, Allah təmizdir, ancaq təmiz olanı qəbul edər. Həqiqətən, Allah peyğəmbərlərə əmr etdiyi şeyləri möminlərə də əmr etmişdir. Allah-Təala belə buyurmuşdur: "(Müxtəlif zamanlarda ayrı-ayrı ümmətlərə göndərdiyimiz peyğəmbərlərə belə buyurduq:) “Ey peyğəmbərlər! Təmiz (halal) nemətlərdən yeyin və yaxşı işlər görün! (Vacib və könüllü ibadətləri həm zahirən, həm də gizli, həmişə yerinə yetirin!) Mən həqiqətən, sizin nə etdiklərinizi bilirəm!" (Muminun, 51). Həmçinin belə buyurmuşdur: "Sizə verdiyimiz ruzilərin təmizindən (halalından) yeyin". (Taha, 81) Sonra Allah Rəsulu, uzun səfərə çıxan, saçı-başı qarışmış, toza batmış, əllərini göyə qaldırmış“ey Rəbbim, ey Rəbbim” deyə dua edən bir adamdan danışdı: “Bu kimsənin yediyi haram, içdiyi haram, geydiyi haram, bir sözlə bütünlüklə haramdan ibarətdir, duası necə qəbul olunsun?" (Müslim, Tirmizi, Əhməd b. Hənbəl).

Bizə əmanət verilən övladlarımıza Allahın halal-haramlarını öyrətməli və onları ilahi hüdudlara riayət edəcək səviyyədə böyütməyə çalışmalıyıq.

Ey yerlərin və göylərin Rəbbi, bizi bir-birindən gözəl övladlarla sevindirdin, nemətləndirdin, şəfqətin ən şirini ilə tanış etdin! Sənə sonsuz həmd-sənalar olsun! Bizə onları insanlara faydalı olacaq ruhda yetişdirməyi, halal ruzi qazanacaq sənətə yiyələndirməyi nəsib eylə! Dünyalarını axirətini unutmadan yaşamağı nəsib et! Onların sahibi Sənsən! Övladlarımıza sahib çıx, Allahım! Amin.


Arzu Murtuzova
Bu yazıya 660 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.