Saleh Övladın Xeyirli Valdeyni


Samirə Mahmudova
Bu yazıya 1089 dəfə baxılıb.

Tarix boyunca insanlar digər canlılardan fərqli olaraq həyatlarını şüurlu və qayəli bir şəkildə təsis etdikləri ailə nizamı içində qurulmasına önəm vermişlər. Bu Allahın insan övladı üzərinə qoyduğu fitri bir ehtiyacdır. Ailə qurmağın ən başlıca qayəsi sağlam nəsillər yetişdirmək surəti ilə insan soyunun davamı üçün səy göstərməkdir.

İnsan övladının sadəcə maddi və mənəvi baxıma deyil, eyni zamanda təlim və təhsilə də ehtiyacı vardır ki, bu ehtiyac da cəmiyyətin ən kiçik müəssisəsi olan ailədə verilir. Belə ki ailəsi olmadığı halda böyüyən uşaqların psixoloji və ruhi yöndən təlim və tərbiyəsində çətinliklərlə qarşılaşıldığı görülmüşdür.

İslam alimləri ata-ananın övlad yetişdirmə və tərbiyə etmə xüsusunda diqqət edəcəkləri mövzuları belə sıralamışlar:

Uşağı tərbiyə etmək, ona gözəl əxlaqı öyrətmək, pis çevrədən qorumaq, həddindən artıq rahatlıq və konforta alışdırmamaq, bəzənmək, lüks yaşamaq kimi insanı tənbəlləşdirən şeylərə həvəsləndirməmək əsas tədbirlərdən biridir. Belə ki, uşaqlar kiçik ikən yaxşı güzərana və həddindən artıq rahata alışarlarsa, böyüyəndə onların arxasından qaçarlar. Eyni zamanda uşaqlar çağlarının vacib qıldığı ehtiyaclardan da məhrum buraxılmamalıdırlar. İstək və ehtiyacları orta ölçüdə qarşılanmalıdır. Çünki uşaqlıq çağında təmin edilməyən istəklər sonradan uşağın problemli bir insan olmasına yol aça bilər.

Uşaqda yaxşını pisdən ayırma əlamətləri ortaya çıxınca ona nəzarət etmək lazımdır. Bu çağın başlaması islam tərbiyəçilərinə görə utanma duyğusunun təzahürləri ilə bəlli olur. Utanma təzahürləri qəlbin təmiz olduğuna dəlalət edən müjdələrdir. Buna görədir ki, Rasulullah (s.a.s.): “Həya imandan bir parçadır”, buyurmuşdur (Muslim, İman,57).

Geyim xüsusunda da uşaqlar üçün islamı ölçülərə uyğun şəkildə tədbirləri almaq gərəkli görülmüşdür. Şübhəsiz uşaqları ailə büdcəsinin imkanları daxilində səliqəli və təmiz geyindirməklə bərabər, hər yeni geyimləri də alma xüsusunda lüksa alışdırmamaq lazımdır. Oğlan uşaqlarına ipək paltar geyinmənin təhlükələri başa salınarkən qız uşaqlarına da açıq-saçıq geyinmələrinə icazə verilməməlidir. Eyni zamanda yemə-içmədə də həddindən artıq bolluq və rəfaha alışdırılan uşaqlar gələcəkdə ailə büdcəsinin dar olduğu zamanlar bunu anlamayacaq, daha doğrusu anlamaq istəməyəcəklər. Arada bir yemə-içmədə istədiklərini azaltmaqla onları həyatın ola biləcək bütün çətinliklərinə alışdırmaq lazımdır.

Usaqlara ata-anaya, böyüklərə, müəllimlərinə və yaşlılara hörmət etməyi, onlara qarşı ədəblə hərəkət etməyi öyrətmək lazımdır. Həddi buluğ yaşına gədiyində namaz, oruc və s. ibadətləri yerinə yetirməyi vacib qılmaq lazımdır.

Övladların valideynlərinə qarşı səmimi və yaxın olmalarının başında təbii ki, onlarla tez-tez bərabər vaxt keçirmək, ailə içi məsələlərdə onların fikrini almaq, tövsiyələrinə diqqət yetirmək gəlir. Hələ yeniyetməlik dövrünü yaşayan övladları varsa, valideynlər onlarla münasibətdə ehtiyatlı olmalı, şəxsiyyətin inkişaf etdiyi bir mərhələdə olduqlarını xatırlayaraq təhqir edici sözlər və davranışlar tətbiq etməkdən çəkinməlidirlər. Hər həddi aşan söz, hərəkət vəya tətbiq edilən fiziki güç onların evdən ayrılmasına, yanlış mühitə atılmasına vəya özlərinə edilən hər hansı bir qəsd ilə nəticələnə bilər. Ata övladı ilə danışacağı mövzularda mühafizəkar  və təmkinlı davranmalı, uşağı ancaq bəzi hallarda qorxudub azarlamalıdır. Ana isə uşağı qorxutmalı, pis bir davranış etməsinə mane olmalıdır. Rasulullahın (s.a.s.) “Güclu- quvvətli mömin zəif mömindən xeyirlidir”, hədisini xatırladaraq pis davranışların uşaqların həm iman yönündən, həm də əxlaqi yöndən zəifliyinə dəlalət edə biləcəyini başa salmalıdır.

Uşaqların tərbiyəsində ən vaz keçilməyən qanunlardan birisi də onları ətrafdakı yaxşı olmayan dostlardan qorumaqdır. “Dostunu göstər, deyim sən kimsən” sözünü nə yerində demişlər?! Onların mümkün qədər əhatələrində olan sinif yoldaşlarını vəya tanışlarını yaxşı tanımaq lazımdır. Şəxsiyətlərinin formalaşdığı bir zamanda qurulan yanlış dostluqlar onların və valideynlərinin gələcəklə bağlı planlarına və onlarda inkişaf edə biləcək gözəl ideyalarına kölgə sala biləcəkdir.

Dərsini bitirdikdən sonra uşaqların gözəl oyunlar oynamasına və dincəlməsinə icazə verilir. Oyundan uzaqlaşdırmaq və qadağan eləmək isə uşağın qəlbini öldürür, zəkasını azaldır və könlünü qaraldar. Ona görə də dərslərdən qurtulmaq üçün hiləyə və yalana baş vurur.

Ən son olaraq övladların sağlam mühit və gözəl tərbiyə almasının başında valideynlərin əxlaq və davranışlarının gözəlliyi durmaqdadır. Elm adamları Hz. Muhammədin (s.a.s.) təbliğ və irşadlarının bu dərəcə mükəmməl və üstün olmasının səbəbini verdiyi əmr və tövsiyələri birinci öz həyatına və davranışında həyata keçirməsinə bağlayırlar. Uşaqlar da əsasən ata-anadan aldığı əmr və tövsiyələri deyil, onların hərəkət və davranışlarını təqlid etməyə meyilli olurlar. Ona görə də validenlər övladlarının sağlam ruh və düşüncədə böyumələrinin səbəbini özlərində görməlidirlər.


Samirə Mahmudova
Bu yazıya 1089 dəfə baxılıb.