Ən Qiymətli Miras və ya Sədəqeyi-Cariyə


Fatimə Zəhra
Bu yazıya 1115 dəfə baxılıb.

Uşaqlar, ana-ataya və yetişdirənə hər cür xeyir və gözəlliklərlə təmin edilmək üçün lütf edilən ilahi əmanətlərdir. Ana-atanın övladları üzərində haqları olduğu kimi, övladların da ana-ata üzərində haqları vardır. İbn Ömərdən rəvayət edildiyinə görə Rəsulullah -sallallahu əleyhi və səlləm- belə buyurmuşdur:

"Allah Təala Qurani-Kərimdə bəzi qullarını «Əbrar» deyə adlandırmışdır. Çünki onlar həm ata və analarına, həm də uşaqlarına yaxşılıq və lütfkarlıq etmişlər. Ana-atanın sənin üzərində haqları olduğu kimi, eyni şəkildə uşağının da sənin üzərində haqqı vardır" (Heysəmi, VIII, 268).

Cənabı Haqq, ailəyə bir övlad lütf etdiyində, sağ qulağına azan, sol qulağına da qamət oxuyaraq ona gözəl bir ad vermək, ana-atanın əsas vəzifəsidir. Maddi imkanı olanlar, doğumdan bir həftə sonra Allaha şükür üçün Əqiqə qurbanı kəsməli, uşağı təraş edərək saçlarının ağırlığında gümüşü kasıblara verməlidir.

Ailədəki uşaqlar, Quranın bərəkət və feyz dolu iqlimindən, xüsusilə peyğəmbərlərə aid hekayələrdən və bu hekayələrdəki ilahi mesajlardan xəbərdar olaraq yetişməlidir. Ana-ataları onlara, hər şeydən əvvəl zəruri olan dini məlumatları öyrətməlidir. Daha sonra da seçəcəkləri peşə ilə əlaqəli İslami hökmləri öyrənmələrinə köməkçi olmalıdırlar.

Bir ana-atanın uşağına verəcəyi ən qiymətli miras, gözəl bir əxlaq, möhkəm bir xarakter və şəxsiyyətdir.

***

Rəsulullahın -sallallahu əleyhi və səlləm- azad etdiyi Rəfi Peyğəmbərimizə belə bir sual verir:

- Ey Allahın Rəsulu! Bizim uşaqlar üzərində haqqımız olduğu kimi, onların da bizim üzərimizdə haqları varmı? - deyə soruşdum. Rəsulullah belə buyurdu:

-Uşağın ata üzərindəki haqqı, ona yazı yazmağı, üzməyi, atıcılığı öyrətməsi və ona halaldan başqa ruzi yedirməməsidir" (Beyhaki, Şuab, VI, 401; Əli əl-Müttaki, XVI, 443).

Yəni ata, maddi olaraq günün şərtlərinə görə uşağını gələcəyə hazırlamalı, mənən də ruhaniyyətini zədələməmək üçün halal qida ilə bəsləməlidir. Bu mövzudakı digər bəzi hədisi-şəriflər də belədir:

"Uşağın ata üzərindəki haqqı, ona gözəl bir ad qoyması, zamanı gəlincə evləndirməsi və ona yazı yazmağı öyrətməsidir" (Əli əl-Müttaki, XVI, 417).

"…Həyatda ona hörmətli bir yer qazandırması və ona gözəl bir tərbiyə verməsidir" (Beyhaki, Şuab, VI, 401-402).

"Oğlanlarınıza üzməyi və ox atmağı, qız uşaqlarınıza da ip əyirməyi öyrədin" (Süyuti, II, 52).

***

Zeyd ibn Əsləm -radiyallahu anh- belə buyurur:

"Ey iman edənlər! Özünüzü və övladlarınızı yanacağı insanlar və daşlar olan cəhənnəm atəşindən qoruyun!.." (ət-Təhrim, 6) ayəyi-kəriməsi nazil olduğunda əshabı kiram:

"-Ya Rəsulullah! Özümüzü qoruya bilərik, ya əhlimizi necə qoruyacağıq?" - deyə soruşdular. Rəsulullah -sallallahu əleyhi və səlləm- bu cavabı verdi:

"-Onlara Allaha qul olmağı, itaət və ibadəti əmr edib, Allaha üsyan etməkdən və günah işləməkdən də nəhy etsəniz, bax bu, onları qorumaq deməkdir" (Alusi, XXVIII, 156).

***

Unutmayaq ki, iki dünya səadəti, ilahi bir əmanət olan övladlarımızı qoruyub tərbiyə etmək Quran mədəniyyətindən nəsibləndirməklə mümkündür.       Ən mərhəmətli ana-ata, övladını Quran tərbiyəsi ilə əsl gələcək olan axirətə hazırlayan ana-atadır. İnsanın, övladına verə biləcəyi ən böyük hədiyyə, gözəl bir tərbiyədir.

Quranın zəngin məna kövsərindən özü dadmadığı üçün övladına da yaşatmayan ana-atalar, böyük bir günah altındadırlar. Çünki mənəvi təhsil barəsində cahil qalan, Quran və Sünnənin ruhaniyyəti ilə tərbiyə edilməyən övladlar, qiyamət günü ana-atalarından şikayətçi olacaqlar.

İbni Ömər (r.a.) deyir ki:

"Övladını yaxşı tərbiyə et. Çünki bundan məsulsan. «Tərbiyəsi ilə əlaqədar olaraq nə etdin, nələr öyrətdin?» deyə hesaba çəkiləcəksən".

Möhtərəm Mahmud Sami də:

"Müsəlman ana-ata, Cənabı Haqqın onlara İslam fitrəti üzrə bəxş etdiyi övladına dini tərbiyə vermək və əqidəsini təlim və təlqin etməklə mükəlləfdir. Əks halda məsuldur", -deyir.

Hədisi-şərifdə də belə buyurulur:

"Uşaqlarınızı üç istiqamətdə yetişdirin: Peyğəmbər sevgisi, Əhli Beyt sevgisi və Quran qiraəti... Çünki hamelei-Quran (Quranı öyrənən, öyrədən və bu yolda xidmət edənlər), heç bir kölgənin olmadığı qiyamət günündə, peyğəmbərlər və Haqq dostları ilə birlikdə Ərşin kölgəsindədirlər" (Münavi, Feyzü'l-Kadir, I, 226).

Bu səbəbdən övladlarına Quran ruhaniyyəti ilə gözəl bir tərbiyə verə bilmək, saleh möminlərin ən mühüm məsələlərindən biridir. Fürsət əldən getmədən övladlarımızı Quranın bolluq və ruhaniyyəti ilə yetişdirə bilməsək, sabah qəbrimizdə ağır bir yüklə baş-başa qalacağımızı unutmamalıyıq. Bunun üçün də övladlarımızla vaxtında ən gözəl şəkildə məşğul olmalı, onların tərtəmiz ürəklərinə Allah və Peyğəmbər sevgisini, Quran və Sünnə mədəniyyətini həkk etməliyik. Bacarığın iltifata tabe olduğu gerçəyini diqqətə alaraq, balalarımızda mənəvi gözəlliklərin yetişməsi üçün onları hədiyyə və iltifatlarla təşviq etməliyik.

Həzrət İmam Malik deyərdi:

"Mən hər hədis əzbərlədiyimdə, atam bir hədiyyə verərdi. Elə bir zaman gəldi ki, atam hədiyyə verməsə belə hədis əzbərləmək məndə tərifsiz bir ləzzət halına gəldi".

İmam Əbu Hənifə də, oğlu Hammad Fatihə Surəsini öyrəndiyi zaman, müəlliminə beş yüz dirhəm vermişdi. O zamanlar bir qoç, bir dirhəmə satın alınırdı. Müəllimi bu comərdliyin çox olduğunu bildirdi. Çünki uşaq yalnız Fatihə Surəsini öyrənmişdi. Bunun üzərinə Əbu Hənifə Həzrətləri belə dedi:

"-Övladıma öyrətdiyin surəni kiçik bilmə! Əgər yanımda bundan daha çoxu olsaydı, Qurana haqqı ilə hörmət edə bilmək üçün onu sənə hədiyyə edərdim".

Səlahaddin Eyyubi də, ərazisində gəzərkən atasının qarşısında Quran oxuyan bir uşağa rast gəlmişdi. Uşağın oxumasını bəyəndi və ona yaxınlaşaraq öz yeməyindən bir parça verdi. Həmçinin özünə aid olan tarlanın bir qisimini o uşaq və atasına  bağışladı.

Bütün bunlar, ana-atalar üçün övlad tərbiyəsində nümunə götürülməlidir. Quran təhsili üçün xüsusilə yay tətilləri uyğun bir zamandır. Övladlarımızı Quran kurslarına və ya məscidlərə göndərməklə kifayətlənməməli, ana-atalar olaraq onların vəziyyətini diqqətlə izləməliyik. Quran mədəniyyətinin nə səviyyədə, etiqad və fiqh məlumatının nə vəziyyətdə olduğunu tez-tez nəzarət etməli, göstərdiyimiz qayğı ilə onları daim təşviq etməliyik.

Necə xoşbəxtdir, övladlarını Quranın bolluq və ruhaniyyəti ilə yetişdirərək Qurani-Kərimin və Rəsulullahın (sallallahu əleyhi və səlləm) şəfaətinə nail olan ana-atalar!..

 

 


Fatimə Zəhra
Bu yazıya 1115 dəfə baxılıb.