Zinət Əşyalarının İstifadəsi


Sevinc Vəkilova
Bu yazıya 876 dəfə baxılıb.

(Ya Peyğəmbərim) De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?” (Əraf 6/32). Ayədən də görüldüyü kimi, İslam dinində bəzənməyə icazə verilmiş və hətta bəzi hallarda, lazım olduğu yerlərdə təşviq edilmişdir. Qızıl, qadına aid bir bəzək əşyası olub, istifadəsində heç bir qadağan qoyulmamışdır.

Bəzənmək insan təbiətində mövcud olan istəklərdən biridir. İnsanoğlu, daha gözəl görünmək üçün qədim zamanlardan bəri qızıl, gümüş, mis və s. qiymətli əşyalardan və ya inci, almaz, zümrüd kimi dəyərli daşlardan zinət əşyası düzəldib və bunlardan bəzənmək üçün istifadə etmişdir. Qadınlarda kişilərə görə nisbətən daha çox olan bu adəti İslam dini bəzi prinsiplərə bağlamışdır. Mömin qadınlara zinətlərini naməhrəmlərdən gizlətmələri əmr edilmişdir.

Allah Təala Nur surəsinin 31-ci ayəsində belə buyurur:
"Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz – özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan baş, boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üzərinə çəksinlər (boyunları və sinələri görünməsin).
Qadının zinəti deyildikdə adətən tac, sırğa, boyunbağı, bilərzik və s. bijüteriya, sürmə, xına və bənzərləri ilə də, paltar bəzəkləri kimi şeylər nəzərdə tutulur. Əraf surəsinin 31-ci ayəsində zinət, libas olaraq da keçir. Nur surəsi 31-ci və Əraf surəsi 31- ci ayələrin təfsirindən çıxan nəticəyə görə bu zinətlərin açılması qadağan edilibsə, onda bunların məhəlli olan bədəni açmaq birinci növbədə qadağan edilmiş olur.
Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində: “Qadın örtülməsi lazım olan övrətdir. Çölə çıxdığı zaman şeytan ona gözünü dikər” (Tirmizi, Rada, 18) buyurmuşdur.
Ayə və hədislərdə də ifadə edildiyi kimi qadınların zinətlərini və zinət yerlərini haramlardan qoruması lazımdır. Çünkü qadın örtülməsi lazım olan bir övrətdir. Bu səbəblə qızıl kimi bəzək əşyalarının qadınlar üçün halal olması, haram baxışlardan qorunması ilə mümkündür.

Zinət, örtülməsi lazım olan əzalar (orqanlar) kimidir. Qadınlar, naməhrəm kişilərə göstərməmək şərti ilə hər cür bəzək əşyasından istifadə edə bilərlər. Üzük xaricində (ayaqlara, qollara, boyuna, qulaqlara və s.) taxılan bəzək əşyaları, qadın üçün zinətdən sayıldığı üçün bunların yad kişilərə göstərilməsi caiz deyil. Taxılan üzük də çox diqqət çəkici olmamalıdır.

Kişilərə gəldikdə isə;

Peyğəmbərimiz (s.a.s.) qızıl qab, qızıl əşya istifadə etməyi və kişilərin qızıl üzük taxmasını qadağan etmişdir. Cənabı Allah Əl-Həşr surəsi 7- ci ayədə; “Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin” deyə əmr etmişdir.
Hz. Əlidən (r.anh) gələn rəvayətdə: "Bir dəfə Peyğəmbərimiz (s.ə.s.) ipək bir parçanı sol əlinə, bir parça qızılı da sağ əlinə aldı. Sonra bunları mübarək əlləri ilə yuxarı qaldırdı, orada toplananlara göstərdi və belə buyurdu: “Bu iki şey ümmətimin kişilərinə haram, qadınlarına halaldır” (İbn Macə, Libas: 19).

Kişilərin qızıl üzük taxmaları, dörd məzhəbdə də caiz deyil. Qızıl ilə gümüşü bəzək olaraq taxmaq qadınlara halaldır.

Rəsulullah (s.ə.s.) gümüş üzükdən istifadə edər və üzüyünü sağ əlinə taxardı.
Rəsulullah (s.ə.s.) Numan bin Bəşirin (r.anh) barmağındakı qızıl üzüyü gördükdə; “Nə üçün Cənnətə girmədən əvvəl, cənnət əhlinin zinətini istifadə etdirsən? buyurdu. Bundan sonra Numan bin Bəşir (r.anh) dəmir üzük istifadə etməyə başladı. Bunu görüncə, Allahın Rəsulu (s.a.s.) nə üçün cəhənnəm əşyası daşıyırsan?" buyurdu. Numan bin Bəşir (r.anh) bunu da çıxardı. Bürünc üzük taxdı. Bunu görüncə, "Nə üçün səndə büt qoxusu duyuram?" buyurdu peyğəmbərimiz. Numan bin Bəşir "Bəs necə üzük istifadə edim, ya Rəsulullah?", dedi. "Gümüş üzük taxa bilərsən. Ağırlığı da bir misqalı (4.8 qramı) keçməsin və sağ əlinə tax!” buyurdu. (Əbû Davud, Hâtem:4)

Kişilərin gümüş üzük xaricində digər aksesuarlardan (boyunbağı, bilərzik) istifədə etməsi dinimizə görə xoş qarşılanmamışdır.

Qızılın kişiyə qadağan olmasının səbəbini fiqh alimləri belə açıqlamışdır; Kişinin bəzənməsi caiz deyil. Hədisi-şərifdə buyurulur ki: “Qızıl müşriklərin, gümüş, müsəlmanların bəzəyidir”.

Qızıl qadınların bəzək əşyasıdır. Peyğəmbərimiz (s.ə.s.) qadınlara bənzəyən kişiləri, kişilərə bənzəyən qadınlara lənət etmişdir. Qızıl kişinin fitrətinə ziddir. Kişinin qadınlaşmasına səbəb olur. Qızılın qadınlıq hormonu ifraz etdiyi və kişinin qadınlıq xüsusiyyətlərini artırdığı müəyyən edilmişdir.


Sevinc Vəkilova
Bu yazıya 876 dəfə baxılıb.