Rəqəmsal Eranın Dəhşətli Nəticələri


Zülfiyyə Əmrahlı
Bu yazıya 754 dəfə baxılıb.

Müasir dünya qadjetlərə - smortfonlara, planşetlərə və digər rəqəmsal texnikaya görə başını itirmiş durumdadır. Bu texnikayla birlikdə dünyamıza rəqəmsal gerizəkalılıq virusu sirayət etməkdədir. Bu, zarafat yox, əslində bir diaqnozdur. 2007-ci ildə mütəxəssislər rəqəmsal nəslin nümayəndələrində, yəni uşaqlarda diqqət dağınıqlığı, yaddaşın itirilməsi, özünənəzarətin aşağı səviyyəsi, koqnitiv pozğunluqlar, əzginlik və depressiyanın ildən ilə artdığı qənaətinə gəlmişlər. Tədqiqatlar göstərir ki, rəqəmsal nəslin nümayəndələrində kəllə-beyin travması zamanı və ya demensiyanın ilkin stadiyalarında əmələ gələn, adətən ahıl qocalarda rast gəlinən gerizəkalılığa bənzər dəyişikliklər müşahidə olunur. İnanmaq çətindir, amma bu bir faktdır ki, 7 yaşlı ortastatistik avropalı həyatının bir ilindən çoxunu (sutkada 24 saat olmaqla!), 18 yaşlı ortastatistik avropalı isə 4 ilindən çoxunu qadjet ekranı önündə keçirmişdir.  Deyə bilərsiniz ki, indiki uşaqlar tamam başqadır. Bəli, indiki uşaqlar başqadır, lakin onların beyinləri min il öncəki kimidir – 100 milyard neyronun hər biri 10 minlərlə özünəbənzər neyronla əlaqədədir.

Beyini inkişaf etdirmək və qidalandırmaq lazımdır. Bizim bütün fikirlərimiz, hərəkətlərimiz, mürəkkəb məsələlər zamanı verdiyimiz qərarlar, dərin düşüncələrimiz – bunlar hamısı beynimizdə iz buraxır. Psixologiya üzrə britaniyalı professor Tanya Biron qeyd edir ki: “Uşaqların özünəməxsus azad və müstəqil təfəkkürünü heç nə ilə əvəz etmək olmaz, çünki bu zaman onlar fiziki aləmi tədqiq edir və yeni şeylərlə üzləşirlər”.

Bəlkə də şoka düşəcəksiniz, amma bele qeyd olunur ki, 1970-ci ildən bəri uşaqların aktivlik radiusu (evin əhatəsində uşaqların sərbəst oynadıqları və ətraf aləmi öyrəndikləri ərazi) 90% azalmışdır! Bütün dünya kiçilib, smortfon ekranı qədər olmuşdur. Uşaqlar yağışın altında qaçmağın, gəmilər düzəldib suya buraxmağın, ağaclara dırmaşmağın, bir-biri ilə söhbətləşməyin nə olduğunu bilmirlər, bilənlər də çoxdan unudub. Saatlarla gözlərini smortfona zilləyib otururlar, əslində isə onlara əzələlərini inkişaf etdirmək, dünyanın onlar üçün hazırladığı riskli situasiyaları öyrənmək, yaşıdlarıyla canlı ünsiyyətdə olmaq daha zəruridir. “Çox qəribədir, olduqca qısa müddətdə tamamilə yeni mühit növü formalaşmışdır. Bu mühitdə qoxubilməni və toxunaraq hissetməni stimullaşdıran amillər aradan qalxır və biz vaxtımızın çox hissəsini açıq havadakı üzbəüz söhbətlərdə deyil, ekranlar önündə keçiririk” – deyə beyin fiziologiyası üzrə aparıcı britanyalı alim, baronessa Syuzen Qrinfild öz narahatlığını bildirir. Bu, həqiqətən də narahat olmaq üçün çox ciddi səbəbdir. Beyin xarici stimullar sayəsində inkişaf edir və bu stimullar nə qədər çox olarsa, beyin bir o qədər yaxşı inkişaf edər. Odur ki, uşaqların ətraf aləmi virtual şəkildə deyil, bilavasitə toxunaraq, tədqiq edərək öyrənmələri inkişafda olan beyin üçün min il əvvəl olduğu qədər indi də zəruridir.

Eləcə də, uşaqların sağlam və dolğun yuxuya ehtiyacı vardır. Lakin müasir uşaqlar gecəyarısınadək İnternetden və kompyuter oyunlarından ayrıla bilmirlər. Bu, onların yuxuda olduqları vaxtı xeyli qısaldır və pozuntulara səbəb olur. Əgər sən yorğunsansa, başın ağrayırsa və məktəb tapşırıqları beyninə girmirsə, hansı inkişafdan danışmaq olar?! 

Sual oluna bilər ki, rəqəmsal texnologiyalar uşaq beynini necə dəyişə bilər axi? Əvvəla, vaxtını əsasən İnternet önündə keçirdiklərindən uşaq inkişafı üçün zəruri olan xarici stimulların sayı məhdudlaşır. Uşaqlar beynin özünənəzarət, başqasının dərdinə şərik olmaq, qərar vermək kimi bacarıqlarda mühüm rol oynayan sahələrinin inkişafı üçün lazımi təcrübəni qazana bilmirlər. Necə deyərlər, işləməyən kotan pas atar... Necə ki, gəzməyən insanın ayaqlarında atrofiya əmələ gəlir. İkincisi, uşaqlar yeni məlumatı yadda saxlamağa cəhd etmirlər. Onu lazım olduqda İnternetdən əldə etmək onlar üçün daha asandır. Bu da yaddaş zəifliyinin səbəbi! İşləməyən yaddaşın zəifləməsi labüddür. Düşünürsünüz ki, uşaqlar İnternet sayəsində daha ağıllı olublar? Heç bilirsinizmi, indiki 11 yaşlı uşaqların həll etdikləri məsələləri 30 il öncə 8-9 yaşlı uşaqlar asanca həll edirdi?! Tədqiqatçılar bunun əsas səbəbinin virtual həyat olduğunu qeyd edirlər.

Syuzen Qrinfild deyir: “Rəqəmsal texnologiyaların beyni infantilləşdirməsindən çox narahatam. Yaşlı adamların beynini get-gedə, sanki uşaq beyni kimi, cingiltili səslər və parlaq işıq cəlb edir, onlar diqqətlərini cəmləşdirə bilmir və sadəcə indiki an ilə yaşayırlar”.

Lakin sizin uşaqlarınızı xilas etmək üçün fürsətiniz var! Bunun üçün sadəcə onların hər cür qadjetlərlə istifadə vaxtını məhdudlaşdırın. Təəccüblənəcəksiniz, amma hətta rəqəmsal texnologiyarda başbilən biri olan Stiv Cobs belə edirdi. Onun uşaqları aypədlərdən heç istifadə etmir, digər qadjetlərdən isə gecələr və istirahət günləri istifadə etmək onlara qadağan olunmuşdu.

“Wired” jurnalının baş direktoru, “3D-Robotiks”in qurucularından biri olan       Kris Anderson həmçinin övladlarının qadjetlərdən istifadəsini məhdudlaşdırmışdır. Andersonun evdə qoyduğu qaydalardan biri budur ki, yataq otağında heç bir qadjet və ya ekran olmamalıdır. O deyir: “Mən İnternetdən asılılığın necə təhlükəli olduğunu hər kəsdən daha gözəl bilirəm. Özüm bu problemlə üzləşmişəm və uşaqlarımın da bundan zərər görməsini istəmirəm”.

Blogger və Twitter xidmətləri qurucusunun ogulları öz planşet və smartfonlarından gündə sadəcə 1 saat istifadə edə bilərlər. “OutCast Agency” direktorunun evində isə bu məhdudiyyət gün ərzində 30 dəqiqəyədək endirilmişdir və onun kiçik uşaqlarının qadjetləri ümumiyyətlə yoxdur.

Bu da sizə “nə edək” sualının cavabı! Sadəcə böyüməkdə olan nəslin qayğısına qalın. Əgər uşaqlarınız indi günün yarısını öz supermüasir qadjetlərinin ekranı önündə keçirirlərsə, 10-20 ildən sonra onları necə bir gələcəyin gözlədiyini düşünün.

Bunu ciddi olaraq düşünün və uşaqları olan dostlarınıza rəqəmsal gerizəkalılıq haqqında danışın!

 

Yazı “Так просто!” saytından götürülmüşdür.

Rus dilindən tərcümə etdi: Zülfiyyə Əmrahlı

http://takprosto.cc/vliyanie-gadzhetov-na-detey/

 


Zülfiyyə Əmrahlı
Bu yazıya 754 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.