Əhmədova Məryəm


Bizim Ailədən
Bu yazıya 877 dəfə baxılıb.

Əhmədova Məryəm: Övladlarımızın körpə qəlblərinə iman toxumu əkməliyik ki, gələcəkdə o toxumlar çiçəklənsin, güllər açsın və cənnət meyvələri versin.

Zəhmət olmasa özünüzü təqdim edin.

Əhmədova Məryəm Rusiyada doğulmuşam, orda da böyümüşəm. Milliyyətcə tataram. Həyat yoldaşım isə Azərbaycanlıdır. Hazırda 9 övladım var.

 

Məryəm xanım, Həyat hekayənizin bir qismini bizimlə bölüşərsinizmi?

Əlbəttə. 11-ci sinifi bitirdikdən sonra anam Qurani-Kərimi öyrənmək üçün məni məscidə göndərdi. Dediki, “sən mütləq Quran öyrənməlisən”. Sovet hökumətinin zamanında bizim yaxınlığımızda yerləşən məscidi arxiv etmişdilər. İmperiya dağıldıqdan sonra arxivi köçürdülər və məscid yenidən müsəlmanların ixtiyarına verildi. O zaman həmin məscidə Türkiyədən Ramazan adlı müəllim gəlmişdi. O, bizə Qurani-Kərimi oxumağı öyrətdi. Düzünü desəm o zamanlar namaz qılmırdım. Niyəsə özümü hazır hiss etmirdim. Qurani-Kərimə isə çox bağlı idim və oxumağı da çox sevirdim. Və bu sevgi məni namaza gətirdi. Elə orada da həyat yoldaşımla tanış olduq. Daha sonra o, məni ailəmdən istədi və biz ailə həyatı qurduq. Rusiyanın Perm şəhərində yaşayırdıq. Həyat yoldaşım məscidin imamı idi. O düşünürdü ki, insanları dinə dəvət etmək üçün mütləq mədrəsə tikdirməlidir. Perm şəhərində Allahın və xeyirxah insanların yardımı ilə mədrəsə tikdik. Burada hər cümə günü gələn insanlar üçün süfrələr açılır, söhbətlər edilirdi.

Orada yaşadığımız müddətdə 5 övladım dünyaya gəldi. 2005-ci ildə yoldaşımın təklifi ilə Bakıya gəldik. Düzünü desəm, Permdən ayrılmaq mənim üçün çətin idi. Çünki bütün yaxınlarım orada idi. Yeni gəldiyimiz zamanlarda alışana qədər müəyyən çətinliklər yaşadıq. Yoldaşımın ailəsi bizə çox dəstək oldu. İndi Bakı bizim üçün çox doğmadır.

 Azərbaycana gəldikdən sonra 4 övladım dünyaya gəldi. Hazırda 9 övladım var: Əli, İslam, Mədinə, Saleh, Məhəmmədəli, Fatimə, Həlimə, Həmzə və Əlif.

Maaşallah. Allah-Təala övladlarınızı qorusun. Yəqinki belə bir sualla tez-tez qarşılaşırsınız. 9 uşaq sahibi olmaq çətin deyilki?

 

Bəli, məndən soruşurlar “uşaqlara baxmaq çətin deyil?” deyirəm “xeyir”, Allahın izni ilə hamısına yetişirəm. Heç bir köməkçim də yoxdur. Birdəki düşünürəm əgər öhdəsindən gələ bilməsəydim Allah Təala bu uşaqları mənə verməzdi. Çünki Allah Təala hər kəsə daşıya biləcəyi yükü verir.

Mən həmişə deyirəm ki, bu uşaqlar mənim imtahanımdır. Özümü tanımaq, anlamaq üçün onlar mənim imtahanımdır. Bəzən insanın özünü dərk etməsi üçün 60 il lazım olur. Özünü tapan insan isə Allahı tapmış olur. Müəllim də öz tələbələrini yetişdirə-yetişdirə, tələbələrinin sayəsində müəllimlik dərəcəsinə çatır. Mən də öz övladlarımın sayəsində özümü tapmışam və özümü yetişdirirəm. Bəlkə də mən onları yox, onlar məni tərbiyə edir. Yəni mənim nəfsimi. Bu uşaqlar məni Allaha daha da yaxınlaşdırır. Bəzən düşünürəm ki, mənim az övladım olsaydı məsələn, 2-3 uşağım olsaydı. Allah Təalaya bu qədər bağlanmazdım.

Allah Təala bəzi insanlara övlad vermir. Düşünürəm ki, özünü tapmaq üçün o da onun imtahanıdır.

 

Uşaqların tərbiyəsində əsasən nəyə diqqət yetirirsiniz?

 

Ümumiyyətlə, uşaqların tərbiyəsi ilə atası və mən birlikdə məşğul oluruq. Əsəsan dini təhsil, təlim-tərbiyə verməyə çalışırıq. Əgər uşaqlar dini bilsələr və yaşasalar gələcəkdə mən rahatlıqla onları toplum içinə buraxa bilərəm. Çünki bilirəm ki, onlar düz yoldan ayrılmayıb, pis yollara düşməyəcəklər. Hazırda iki oglum Türkiyədə təhsil alır. Mən onlara güvənib ora göndərmişəm.

Təəssüflər olsun ki, indi uşaqların ətrafında düzgün tərbiyə olunmayan çox uşaq var və biz çalışmalıyıq ki, övladlarımız onlara qoşularaq yollarından çıxmasınlar. Əksinə, o uşaqlara müsbət təsir edərək onları pis yoldan çəkindirsinlər.

Əsas odur ki, onların o körpə qəlblərinə iman toxumu əkək. Və gün gələcək o toxumlar çiçəklənəcək, güllər açacaq və cənnət meyvələri verəcək.

Bir alim tələbələrindən soruşur: “Hansı ağac daha gec bar verir?” Tələbələrdən biri “Armud”, biri “Heyva”, biri isə “İnsan” deyir. Müəllim sonuncu ilə razılaşır və belə deyir: “Doğrudur. Bir insan yetişdirmək üçün bir ömür lazımdır”.

 

Sizcə, valideynin övlad üzərindəki əsas vəzifəsi nələrdir?

Ümid edirəm ki, bütün övladlarım üçün analıq vəzifəsini yerinə yetirmişəm. Övladlarıma hamilə olduğum halda namazımı qılmışam, orucumu tutmuşam, Quranımı oxumuşam. Ondan sonra da övladlarımın xeyirli olması üçün Allaha dua etmişəm. Düşünürəm ki, mən ibadətlərimi etməsəm mən zəifləyəcəm, mənəviyyatım zəifləyəcək və o zaman mən uşaqlarıma bir rəhmət kimi yox, bir yük kimi baxacam. Ona görə də mən daim öz imanımı canlı saxlamağa çalışıram. Mən vaxt tapdıqca oxuyuram, mütaliə edirəm. Həmçinin düşünürəm mən oxuyuram amma əməl etmirəmsə mənim oxumağım heçnədir. İnsan ancaq oxumalı deyil həmdə oxuduqlarının əsasında da özünü tərbiyə etməlidir. Yunus Əmrənin məşhur misraları vardır:

Elm elm bilməkdir, elm özünü bilməkdir.

Sən özünü bilməzsən, bu necə oxumaqdır?

Biz valideynlər yalnız özümüzü tərbiyə etdikdən sonra övladlarımıza doğru tərbiyə verə bilərik.

Ana olmaq çox məsuliyyətli vəzifədir. Ana kimi mən həm psixoloq, həm həkim, həm də müəllim olmalıyam.

Ana bəzən bir psixoloq kimi hansı uşaqla ciddi hansı uşaqla daha mülayim rəfdar edəcəyini yaxşı bilir. Uşaqlarımızın səhvi olanda onu düzəltmək üçün aylarla səbr edirik, yetər ki, onları doğru yola yönəldək. Bəzən uşaqlara qarşı ciddi, bəzən də mülayim olmaq lazım olur. Məsələn, Məhəmmədəli ilə ancaq xoşluqla rəftar etdikdə hər istədiyimi edir, amma sərt rəfdar etsəm çox əsəbi və inadkar olur.

Bəzən bir müəllim kimi uşaqların dərsləri ilə də mən məşğul oluram. Elə uşaq var ki, çox məsuliyyətlidir, sərbəst şəkildə dərslərini edir. Amma eləsi də var ki, mənimlə oxumaq istəyirlər. O zaman mən onlara bacardığım köməyi edirəm.

Uşaqların başına hər iş gəlir, xəstələnirlər, yıxılırlar,  əzilirlər, yaralanırlar, Allaha dua edib, həkim kimi müalicələri ilə də məşğul oluram.

 

Övladlarınızın hər birinə öz sevginizi çatdıra bilirsinizmi?

Əlbəttə, hamısına sevgi yetir. Məhəbbət zikrə bənzəyir çevirdikcə artır.

Qadınlar bir uşağa baxarkən deyirlər ki, biz dözmürük. Dözmür ona görə ki, onlar övladlarına Allah-Təalanın rəhməti kimi, ibadət kimi baxmırlar, yük kimi görürlər. Doqquz uşağın hər birinin öz yeri var. Hamısını əzizləyirik.

Uşaqlar eqoist olurlar. Onlar istəyir ki, ana onun üçün yaşasın. Biz də uşaq olarkən belə olmuşuq. Mənim yataq xəstəsi olan bacım var idi. Ona çox qayğı göstərdiyi üçün düşünürdüm ki, anam onu bizdən çox sevir. Amma indi anlayıram ki, anam nə qədər əziyyət çəkib.

Ümumiyyətlə, bütün uşaqlar, diqqət, qayğı və sevgiyə möhtacdırlar. Sizə bir araşdırmanı misal çəkmək istəyirəm. Eyni düyüdən iki qaba qoyaraq bir qabın üstünə xoşa gəlməyən sözlər, ikinci qaba isə gözəl sözlər deyib üstünü örtürlər. Bir müddətdən sonra isə pis sözlər deyilən qabdakı düyülərin xarab olduğunu, gözəl sözlər deyilən düyünün isə çox gözəl qaldığını görürlər. Uşaq hiss etməlidir ki, o sənin üçün ən önəmlidir.

 

Övladlarınızın arasındakı münasibətləri necə tənzim edirsiniz?

Uşaqlar bilməlidir ki, bacı qardaşa bir şey olarsa hamısı ona köməyə qaçmalıdırlar. Biz hər zaman belə söhbətlər edirik.

Bəzən hansınasa çox diqqət edirsən o biri inciyir qısqanır. Məsələn, birinə bir hədiyyə alırıq o biri də istədikdə sənə daha sonra alacayıq dediyimizdə o gözləyir. Və bir müddətdən sonra ona da alırıq. Hər şey tərbiyədən asılıdır. Tərbiyə isə öz başına olmur. Oxumaqla, söhbətlərlə yaşatmaqla olur. Uşaqlar istəyir ki, analar onlarla qürur duysun. Övladlarımın arasında qısqanclıq hiss etdikdə mən qayğı ilə o qısqanclığı qaldırmağa çalışıram.

 

Məryəm xanım, təcrübəli bir ana kimi gənc xanımlara nə tövsiyyə edərdiniz?

Hər bir uşaq dünyaya gəlməmişdən əvvəl eşqdən yaranır. Ona görə də hər gənc qadına tövsiyəm, fərqli yollarla, hələ dünyaya gəlməmiş o eşqdən yaranan uşaqlarınızı məhv etməyin. Bu, bir qadın üçün çox böyük cinayətdir. Qadın bir anadır, hər övladı ilə o fərqli, gözəl duyğular yaşayır. Nə qədər çətinliklər çəksə də Böyük yaradan o çətinliklərin öhdəsindən gəlmək üçün qadına güc-qüvvət verir. Unutmayın ki, hər çətinliyin arxasında rahatlıq və aydınlıq vardır.

Məryəm xanım, sizinlə yaxından tanış olmaq bizim üçün çox xoş oldu. Dəyərli vaxtınızı ayırıb bizimlə səmimi söhbət etdiyiniz üçün sizə təşəkkür edirik.

 

Hazırladı: Gülnarə Seyidova


Bizim Ailədən
Bu yazıya 877 dəfə baxılıb.