Ay və Günəşin nikahı. Hz. Xədicə bintü Hüveylid


Günay Vəliyeva
Bu yazıya 1208 dəfə baxılıb.

Hz. Məhəmməd (s.ə.s.) haqqında məlumat toplayan Hz. Xədicə anamız, Məkkənin adət-ənənələrindən kənara çıxmış, bir qadın olaraq evlənəcəyi kişiyə təklif  göndərmişdi. Bir rəvayətə görə şəxsən özü, digər bir rəvayətə görə isə vasitəçilərin köməyi ilə 25 yaşındakı bu nəcib gəncə talib olmaq istəyir.  O zaman özü 40 yaşında və iki uşaq anası dul bir xanım idi.

Hz. Xədicənin dostu Nəfisə, bir gün Hz. Məhəmmədlə (s.ə.s.) səmimi bir şəkildə danışma fürsəti tapır. Ona evlənmə vaxtının çatdığını, yaxşı və şərəfli ailəyə mənsub olduğunu, gözəl əxlaqı ilə nam saldığını, buna baxmayaraq indiyə qədər nə üçün evlənmədiyini, əgər istərsə asanlıqla özünə uyğun bir qadın tapa biləcəyini söyləyir. Peyğəmbərimiz də müstəqil bir yuvanı qurub davam etdirəcək maddi imkanlara sahib olmadığını, bu vəziyyətdə onunla heç kimin evlənməyəcəyini ifadə edir. Nəfisə bu cavabı eşitdikdə:

“- Yaxşı, həm zəngin, həm gözəl, həm də şərəfli bir ailəyə mənsub olan birini tapsan?”- deyə soruşduğu zaman, Hz. Məhəmməd (s.ə.s.):

“- Bu kim ola bilər?”- deyə maraq və heyrətlə soruşur.

Sanki belə bir sual gözləyirmiş kimi Nəfisə:

“- Xədicə!..” – deyir.

Hz. Məhəmməd (s.ə.s.) bunun imkansızlığını, onun bunu qəbul etməyəcəyini, çünki şəhərin bütün zənginlərinin onu istədiyini, ancaq onun heç kimi qəbul etmədiyini söyləyir.

Nəfisə, təklifi qəbul edirsə, işi həll edəcəyini söyləyir. Nəfisə Hz. Məhəmməddən (s.ə.s.) müsbət cavabı alır və Hz. Xədicəyə müjdəni verir. Hz. Xədicə aldığı bu xəbərdən sonra bu nəcib gənclə şəxsən özü danışaraq:

“- Ey Əmioğlu! Doğruluğun, əmanətə olan hörmətin, əxlaqın və qövmün içindəki şərəfinə görə sənə meyl etdim”- deyir.

Əsas qəbul edilən rəvayətə görə, Qureyşin irəli gələnləri nikah üçün Hz. Xədicənin evində bir yerə gəlirlər. Hz. Peyğəmbər də əmiləri Əbu Talib və Həmzə ilə birlikdə oraya gedir. Hz. Xədicəni isə əmisi oğlu Varaka bin Nevfəl təmsil edir.

Nikahdan sonra Hz. Xədicə:

“- Məhəmməd (s.ə.s.), əminə söylə dəvələrindən birini kəsib xalqa yedirsin” – deyir.

Nikahdan sonra Peyğəmbərimiz (s.ə.s.) Hz. Xədicənin evində yaşamağa başlayır. Bu ev xoşbəxtlik və hüzurun mərkəzi olur. Belə ki, Hz. Məhəmməd (s.ə.s.) ilə Hz. Xədicənin evlilikləri bir bərəkət və səadət modeli olaraq tarix boyunca yad edilmiş və nikahlanacaq yeni cütlüklər üçün məhəbbət qaynağı olmuşdur.

Həzrəti Xədicə ilə Peyğəmbərimiz hüzur və sakitlik içində ömür sürürdülər. Peyğəmbərimizə ana-atası tərəfindən heç bir miras qalmamışdır. Əvvəlcə babası Abdulmüttalibin, sonra da əmisi Əbu Talibin himayəsində yaşamışdır.
            Əbu Talib böyük bir ailəyə sahib idi. Peyğəmbərimizin daha gənc yaşda öz əl əməyi və səyi ilə dolanışığını təmin etməsi, ən azından birlikdə yaşadığı ailənin yükünü azaltması lazım idi.  Bu səbəblə uşaqlığı bir sıra çətinliklər içərisində keçmişdir. Həzrəti Xədicə ilə evlənməsi Onu bu çətinliklərdən qurtarmış və ayəyi-kərimələrdə ifadə edilən firəvan həyat sürməsinə vəsilə olmuşdur:

Məgər O, səni yetim ikən tapıb sığınacaq vermədimi?! Səni çaşmış (yaxud uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol göstərmədimi?! Səni yoxsul ikən tapıb dövlətli etmədimi?! (Duha surəsi, 6-8)

Həqiqətən, O, evliliklərinin ilk ilində Hz. Xədicənin malı ilə ticarətə davam edərək xeyli sərvət sahibi olmuşdur.

Hz. Məhəmməd (s.ə.s.) uşaq baxımından da varlı idi. Çünki ev, uşaq səsləri ilə dolu olurdu. Bir yanda Xədicə anamızdan olan öz uşaqları, digər tərəfdə Xədicə anamızın uşaqları, əmisi Əbu Talibin oğlu Əli və Hz. Xədicənin ona hədiyyə etdiyi köləsi Zeyd bin Harisə...

Bu seçkin övladların Peyğəmbər bağında bir gül olaraq yetişmələrində ciddi bir əmək sərf edən Hz. Xədicə, onlara xidmət etməklə bərabər,Peyğəmbərimizin də bütün xidmətlərini özü edir və bu işlərdi xidmətçidən istifadə etməyi sevmirdi.

Hz. Xədicə anamız, Rəsulullahı kədərləndirəcək, incidəcək hər şeydən son dərəcə uzaq durur, Onu sevindirmək üçün hər cür fürsəti dəyərləndirməyə çalışırdı.

Bir gün Rəsulullahın süd anası Həlimə, quraqlıq və qıtlığın hökm sürdüyü bir ildə yanlarına gəlib halını ərz edir. Bundan sonra Xədicə anamız ona qırx qoyun və bir dəvə hədiyyə edir. Beləcə süd anasını sevindirməklə Rəsulullahın könlünü qazanır.

Hz. Xədicə ilə Peyğəmbərimiz bir-birlərinə böyük məhəbbət bəsləyirdilər. Hz. Xədicə, cənnətdə qadınların ən üstünü və şərəflisidir. Allah onu Peyğəmbərimizə həyat yoldaşı etməklə Rəsuluna böyük bir lütf etmişdir.

Peyğəmbərimiz, özü gənc yaşda olmasına baxmayaraq, Hz. Xədicəyə çox sadiq idi. İmkanları geniş, cəmiyyətin anlayışı da çoxevliliyə münasib olduğu halda, O, yaşlı xanımı ilə kifayətləndi və gənc qadın arxasınca qaçmadı. Əksinə, O, gəncliyinin və gücünün zirvəsində ikən, özünü Allaha ibadətə və təbliğə həsr etmişdi. Xanımı ilə birlikdə eyni yolun yolçusu, könül dostu və sirdaşı olaraq bərabər irəliləyirlər. Beləcə yaş kimi fiziki bir fərqliliyi hiss etdirməyəcək qədər ülvi bir bərabərlik yaşayırlar.

Bu baxımdan Peyğəmbərimiz, xanımını sevmək xüsusunda da, maddi və dünyəvi şərtlərə əhəmiyyət verməyən  mənəvi bir məhəbbət örnəyidir.

Əslində, evlilik ruhi bir müəssisədir. Sevginin nəfs planından çıxıb ruh planında yaşanması, qarşı cinslə olan bərabərliyin nikahla qurulmasını təmin edir. Çünki yaradılış olaraq kişi çalışıb qazanmaqla, comərdliklə, sahiblənməklə razı olan bir ruh halına meyilli olduğu kimi, qadın da onu sevən və sahiblənən, güclü birinə ehtiyacı olan emosional bir varlıqdır. Bu quruluşun qorunub riayət edildiyi ailə yuvaları, hüzurun mərkəzinə çevrilirlər.

Hər nə qədər modernizmə can atsaq da, qadın və kişi ruhunun təbiətini zorla dəyişdirib robotlaşdırsaq da, bu ehtiyaclar ruhun dərinliklərində hər zaman özünü hiss etdirəcəkdir.

   

 


Günay Vəliyeva
Bu yazıya 1208 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.