Sağlamlıq Mənbəyi - İSPANAQ


Kəmalə Hüseynova
Bu yazıya 1271 dəfə baxılıb.

Bu göyərti bir çox digər meyvə, tərəvəz və göyərtilərlə nisbətdə kəskin dad və qoxuya malik deyil.

O, təəssüflər olsun ki, bir çox xeyirli xüsusiyyətlərini uzun zaman özündə qoruyub saxlama gücünə malik deyil.

Son illər aparılan araşdırmalar nəticəsində bəlli olmuşdur ki, ispanaq xərçəngin inkişafının qarşısını alma gücünə malikdir. Bu onunla izah edilir ki, onun tərkibində fitonutrient maddələri vardır ki, onlar yeni yaranmış xərçəng şişlərinin yeni damarlar inkişaf etdirməsinə imkan vermirlər. Bununla şişin gələcək inkişafı mümkün olmur.

İspanağın tərkibində insan orqanizminin hüceyrə quruluşu üçün çox vacib olan zülal vardır. Həmçinin o, yağlar, karbohidrat və orqanik yağ turşuları ilə çox zəngindir.

Tərkibində  selülloz, kraxmal və şəkər olmaqla bərabər, A, C, E, K, PP kimi bir qrup vitmaminləri, demək olar ki, bütün B qrupu və beta-kerotin vardır.

İspanaqda çoxlu sayda olan K vitamini haqda qeyd etmək istərdik ki, o, həm qanın laxtalanmasına kömək edir, həm də kalsiumun sümüklərdə qorunub saxlanılması kimi funksiyaya malikdir.

Təsirinə görə o, orqanizmi müxtəlif qidalı maddələrlə təmin edərək, hətta ziyanlı toksin və şlaklardan təmizləyir.

Tərkibində olan yüksək dəmir konsentrasiyasına görə qanda hemoqlobini aktivləşdirərək, hüceyrələrin oksigenlə təmininə kömək edir. O, həmçinin maddələr mübadiləsinin yaxşılaşmasını və orqanizmin enerji istehsalını təmin edir.

Diş və damaqların təbii sağlamlığını qoruyur və damarları gücləndirir. Mədəaltı vəzə stimullaşdırıcı təsir göstərir və bağırsağın işini yaxşılaşdırır.

İspanağın ziyanı haqda...

İspanağın qoca (köhnə) yarpaqlarının tərkibində yüksək miqdarda oksalat turşusu vardır. Sidik kanalı və böyrəyində problemi olanlar və xora xəstəliyi (yazva) olanlara ispanaq məsləhət görülmür.

İspanağın sağlamlığa digər faydaları belə sıralanır:

 

 

- Bədənin dayanıqlılığını artırır və bədənə qüvvət verir.

- Yorğunluğu aradan qaldırır.

- Zehni qüvvətləndirir.

- Yaşlılıqla bağlı öyrənmə çətinliklərini aradan qaldırır.

- Qansızlığa yaxşı təsir edir, xərçəng, ürək və damar xəstəlikləri ilə soyuqdəyməyə, ağız, boğaz və sinə xəstəliklərinə qarşı da faydalıdır.

- Yüksək təzyiqə, iflicə və xüsusilə, yaşlanmaqla bağlı olan görmə pozğunluqlarına yaxşı təsir edir.

- Sinirləri yatırır və sakitlik verir.

- Həzmi asanlaşdırır.

- Yara və yanıqların düzəlməsini sürətləndirir.

- Sümükləri və dişləri gücləndirir.

- Diş çürümələrinə mane olur.

Sağlam qidalanmağımız üçün ispanaqdan hazırlanmış şorbanı sizə təqdim edirik.

Qaymaqlı İspanaq Şorbası

6 pay üçün

Yarım kilo təzə ispanaq

4 xörək qaşığı kərə  yağı

Yarım stəkan doğranmış baş soğan

3 xörək qaşığı un

5 stəkan toyuq suyu (bulyon)

Əvvəlcə 4 stəkanı toyuq suyunu əlavə edin. Zövqə görə duz, istiot və 1 stəkan qaymaq əlavə edin.

İspanağı təmizləyin, sərt saplaqlarını kəsin. Yarpaqları iri-iri doğrayın. Yaxşıca yuduqdan sonra quruması üçün kağız dəsmal və ya çay dəsmalının üstünə sərin.

Qazanda yağı əridin. Soğanı əlavə edib tez-tez qarışdıra-qarışdıra şəffaflaşıb yumuşalana, amma qızarmayanadək bişirin. İspanağı buraya əlavə edin. İspanaqlar yumuşalanadək tez-tez qarışdırın .

Üstünə unu səpin və qarışdırın. Toyuq suyunu tökün. Tez-tez qarışdıra-qarışdıra qaynadın. Sonra isə blenderlə püre halına gətirin. Alınan püreni qazana tökün. Duz və istiot vurun.

Sonra qaymağı qazana əlavə edin və qarışdırın. Vam odda şorbanı isidin, amma qaynatmayın. Şorbanız hazırdır. Əgər şorba çox qatıdırsa, bir az toyuq suyu əlavə edib qarışdırın.

Təzə ispanaqdan hazırlanan salat da çox ləzzətli olur. Azərbaycanda ispanağı, adətən, bişmiş vəziyyətdə yeyirlər, amma məncə təzəsi də çox ləzzətli olur. Təzə ispanaq salatların içində ən çox istifadə olunan yaşıl ərzaqlardandır. Belə salatlardan biri isə çox dadlı olan pendirli və qozlu salatdır.

 

Pendirli və Qozlu İspanaq Salatı

4 porsiya üçün nəzərdə tutulub

Ərzaqlar:

200 qram təzə ispanaq

1/3 stəkan ovulmuş duzlu ağ pendir

1/3 stəkan iri-iri doğranmış qoz ləpəsi

1 ədəd  qabığı soyulmuş və kub şəklində doğranmış alma

1/3 stəkan ağ kişmiş

1 ədəd kub şəklində doğranmış orta boy pomidor (zövqə görə əlavə etməmək də olar)

2 xörək qaşığı zeytun yağı

yarım limonun suyu

1 xörək qaşığı balzamik sirkə (zövqə görə alma sirkəsi ilə əvəz oluna bilər)

zövqə görə duz (pendir çox duzludursa, əlavə duz vurmayın)

zovqə görə istiot

İspanağı yaxşıca yuyun və qurulayın. Yarpaqlarını iri doğrayın. Yarpaqlar çox iri deyilsə, onları doğramamaq da olar. Bütün ərzaqları böyük salat qabına qoyub, qarışdırın. Nuş olsun!

 

 


Kəmalə Hüseynova
Bu yazıya 1271 dəfə baxılıb.