Qadınlar incidən daha dəyərlidir!


Gülnarə Seyidova
Bu yazıya 1061 dəfə baxılıb.

Qadının örtüsü onun şəxsiyyətini qoruyan bir qalxandır. O, öz örtüsü ilə əslində, mənən ucalığını və əlçatmaz olduğunu göstərir. Əks halda qadın, nəfsani arzuları təhrik edən bir şəhvət vasitəsinə çevrilər, bu isə qadınlıq şərəfinə, izzətinə böyük zərər vurar. Təsəvvür edin, okeanın dibində yetişən bir incinin belə örtüsü, onu qoruyan bir qutusu vardır. O örtü olmasa bəlkə də inci o qədər dəyərli olmaz, çünki bu örtü incini hər cür təhlükədən, çirkabdan qoruyur və nəhayət, dünyanın ən bahalı zinətinə çevrilir. Adəmövladının inciləri də xanımlardır. Örtüsüz xanımlar da bir müddət sonra inci olmaqdan çıxaraq, hər kəsin görə bildiyi, toxuna bildiyi, çox asanlıqla əldə edə bildiyi bir qadına çevrilə bilər.

Qadının inci olmasını təmin edən onun geyimi, təsəttürüdür. Təsəttür, örtünmək anlamında işlənən islami bir termindir. Ərəbcə, setr (s-t-r) "örtmək", təsəttür isə örtünmək mənasında işlənir.

Təsəttür ilə eyni anlamda işlənən bir termin də hicabdır. H-c-b kökündən yaranan kəlimə, sadəcə fiziki örtünməyi deyil, daha geniş bir mənada sadəlik, məhrəmiyyət, əxlaq və utanmaq kimi mənaları da ifadə edir. Dilimizdə utanmaq və təvazökarlıq anlamını daşıyır.

Örtünmə mənasında işlənən sözlərdən biri də himardır. Qurani-Kərimdə də işlənən himar, humur sözünün cəm şəklidir və örtü, pərdə (pəncərə) anlamındadır. Ərəbcə içkiyə hamr deyilməsi də ağlı örtməsi və gizləməsi ilə əlaqədardır.

Xanımların təsəttürü Qurani-Kərimdən ayələr və Peyğəmbərimizdən bilinən hədislər əsasında müəyyənləşmişdir. Qurani-Kərimdə təsəttürlə bağlı əmrlərdən biri Nur surəsi 31-ci ayədə verilmişdir: “Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar - görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz

oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını (yerə) vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız”.

Daha bir aşkar hicab ayəsi Əhzab surəsi 59-cu ayədir: “Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) üst geyimlərini (cilbab) geyinsinlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!”

Burada işlənən “cilbab” kəliməsi "bədəni bütünlüklə örtən geyim" olarak tərcümə edilmişdir. Cilbab üst geyim olaraq anlaşılır.

Günümüzdə çox işlənən “başörtüsü” kəliməsi yalnız başın örtülməsini, təsəttür isə ümumi mənada bədənin örtünməsini bildirir. Yaylıq da bəzi toplumlarda işlənən bir başörtüsü növüdür; həmçinin tarixdə kişi başlığı olaraq da görünməkdədir.

Həzrət Ayşədən rəvayət edilən bir hədis belədir;

"Rəsulullah biləklərini işarət edərək: “Allaha və axirət gününə inanan bir qadına yetkinlik yaşına çatdığı zaman üzü ve bura qədər əlləri xaricində hər hansı bir yerini açması halal deyildir".

Ayşə validəmizdən rəvayət edilən başqa bir hədisə görə, Əbu Bəkirin qızı Əsma incə bir paltarla Peyğəmbərin yanına gəlmişdi. Peyğəmbərimiz üzünü başqa yönə çevirdi, üzünü və ovuclarını göstərərək belə dedi; "Ey Əsma! Şüphəsiz, qadın yetkinlik yaşına çatanda, onun üzü və əlləri xaricində başqa yerləri görünməməlidir".

Təsəttür dini bir əmir olduğu üçün kimlərə fərz olduğu da müəyyən olunmuşdur. Bu əmrlərə uyğun olaraq müəyyənləşdirilmişdir ki, cariyələr, yetkinlik yaşına çatmayan qızlar, yaşlanmış və cinsi cazibəsini itirmiş qadınlar və ruhi xəstələrə aid edilmir. Örtünmə ilə əlaqəli başqa bir ayədə heyzdən kəsilmiş qadınların bəzi qaydalara riayət etmələri şərti ilə örtünmə məcburiyyətinin üzərilərindən qalxdığı qeyd olunur.

“Ərə getməkdən ümidini üzmüş yaşlı qadınlara ayıb yerlərini göstərmədən hicablarını soyunmasında günah yoxdur. Lakin bunu etməmək onlar üçün daha xeyirlidir. Allah Eşidəndir, Biləndir” (Nur surəsi 60).

Qurani-Kərimdə örtünməyə və gözəl geyinməyə təşviq edən iki ayə də vardır: “Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək libas və bəzək-düzək nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir. Bəlkə düşünüb (onlardan) ibrət alasınız” (Əraf surəsi 26).

“Ey Adəm oğulları! Məscidlərə (gedərkən) gözəl geyimlərinizi geyin. Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir” (Əraf surəsi, 31).

Qeyd olunan bu ayələrdən məlum olur ki, Allah Təala qadınların örtünməsi ilə yanaşı gözəl və səliqəli geyinmələrini də istəmişdir. Lakin çox bəzəkli, bədəni göstərən və vücud xətlərini aydın göstərən geyimlər təsəttür məntiqinə uyğun olmadığı üçün qadağan olunmuşdur. Bədəni göstərən geyimlər qadınlara olduğu kimi, kişilərə də qadağan edilmişdir. Hər kəs, təsəttürə riayət etməklə, şəxsi zövqünə, adətlərinə uyğun şəkildə istədiyi kimi geyinə bilər.

Allah Təala qadın və kişilərə aid vəzifə və xüsusiyyətləri uyğun olaraq nəfslərini də fərqli yaratmışdır. Qadın yaradılış yönü ilə kişiyə nisbətdə daha cazibəli yaradıldığı üçün təsəttürə daha ciddi yanaşması vurğulanmışdır. Bu baxımdan qadının cazibəsi, təsəttür əmri ilə yalnız ərinə icazə verilmişdir. Onu da qeyd etmək lazımdır ki, Qurani-Kərimdə kişilərin örtünməsinə dair bir hökm

yoxdur. Hədislərə əsasən bilinmişdir ki, kişilərdə göbəkdən diz qapağına qədər olan bölgə örtülü saxlanmalıdır.

Təsəttürə riayət etməyən qadın bütün zinətlərini göz önünə sərərək özünü istismar etməkdədir. Biz, təsəttürə riayət etmədən, istədiyimiz kimi geyinib, davranışlarımıza diqqət etməzsək bununla yalnız nəfsimizi oxşamış olmarıq, həmçinin bizi Yaradana qarşı dikbaşlıq edib, üsyan etmiş sayılarıq. Rəbbinə layiqli qul, ərinə layiq bir qadın, övladlarına layiq bir ana olmaq istəyən hər bir xanım Onun əmrlərinə riayət etməlidir.

Rəbbim bizi doğru yol üzərində sabitqədəm etsin. Amin!


Gülnarə Seyidova
Bu yazıya 1061 dəfə baxılıb.