Halal qazanc bərəkətdir, rəhmətdir!


Osman Nuri Topbaş
Bu yazıya 1130 dəfə baxılıb.

Rəvayət edildiyinə görə, yaşadığı dövrdə olduqca yaxşı bir gəlirə sahib olmasına baxmayaraq, yenə də çətinliklə dolanan bir kişi varmış. Hər zaman yeddi qızıl pul qazanan bu kişi çalışıb-vuruşub gəlirini əvvəl səkkiz, sonra doqquz, nəhayət on qızıl pula qədər artırmış. Amma nafilə... Aldığı qızıllar artdığı halda çətinliyi heç azalmamışdır. Könlü bu vəziyyətdən çox bədbin olmuş. Yazıq kişi, dərin ümidsizlik içində pərişan bir halda qıvrılarkən ağlına, içindən çıxa bilmədiyi bu vəziyyəti, o diyarda yaşayan yaşlı bir Allah dostu ilə məsləhətləşmək gəlmişdir. Böyük bir xəcalət içərisində yanına gedib dərdini bir-bir danışmış. Bu müdrik insan, onu dinlədikdən sonra: "-Övladım, madam ki, indi on qızıl pul alırsan, gələn ay doqquza endir! Yenə də olmursa, hər ay gəlirini daha da azalt ", deyərək nəsihət vermiş və kişini xeyir-dualarla yola salmışdır. Allah dostu bu qısa ziyarət əsnasında söylədiyi bu sözlər, adamın ağlına heç batmamış. Hətta öz-özünə: "Bu iş necə olacaq ki, heç ağılıma sığmır. Çünki mən qazancımı yeddi qızıl puldan ona qədər artırdığım halda çətinliklə dolanıram, daha az qazanaraq necə bu çətinlikdən xilas olacağam?!" deyirmiş. Bir müddət düşündükdən sonra: "-Bu günə qədər gəlirimi çoxaltmaq üçün bir çox zəhmətə dözdüm. Lakin yenə də çətinlikdən heç cür xilas ola bilmədim. Bir də o Allah dostunun sözlərini dinləyim. Həm də nə itirəcəm ki? Bilmək olmaz, bəlkə onun sözlərində mənim anlaya bilmədiyim bir hikmət vardır!" -deyib əvvəl doqquz, sonra səkkiz, və nəhayət, istəməsə də altı

qızıl pula qədər gəlirini azaltmış. Lakin nə hikmətdirsə, o pulun ehtiyacını daha çox qarşıladığını görmüş. O ay heç çətinlik çəkməmiş. Bundan sonra kişi heyrətlər içində yenidən o Allah dostunun yanına gedib: "-Ey müdrik insan! Əmrinizi eynilə tətbiq edərək gəlirimi addım-addım azaltdım. Lakin bu işdəki sirri idrak edə bilmədim. Çünki mən daha əvvəl on qızılla dolana bilməzkən, indi altı qızılla çox rahat və bərəkətli bir həyat yaşayıram? Bu necə olur?" deyə çaşqınlıqla soruşmuş. O yaşlı Haqq dostu isə işin həqiqətini belə açıqlamış: "-Övladım, etdiyin işin qarşılığı altı qızıl pul idi. Sən isə yeddi qızıl alaraq qazancına haram qarışdırırdın. Bu səbəblə də malın bərəkəti itirdi. İndi isə halal qazandığın üçün halal qazancın bərəkətini görürsən".

Aləmlər Sultanı Peyğəmbərimiz (s.ə.s.), bir hədisi-şərifində mömini belə təsvir edir: "Mömin, bal arısına bənzəyir. Təmiz olanı yeyər, təmiz olanları da verər, təmiz yerlərə qonar və qonduğu yeri nə qırar, nə də pozar" (Əhməd, II, 199; Hakim, I, 147; Sunu idi, əl-Cami, h. nömrə: 8147). Bir müsəlmanı digər insanlar arasında ən üstün və ən təmiz edən xüsus, onun İslamın əmrlərinə uyğun olaraq yaşaması, təmiz və halal qida ilə bəslənməsi və beləcə həm maddəsinin, həm də mənəviyyatının təmiz olmasıdır. Haram isə, möminin bu nəzafətini, təmizliyini pozan sanki bir zəhər kimidir. Bulaşdığı hər şeyə zərər verər. Məsələn, qazanca bulaşsa bərəkətini yox edər; bədənə bulaşsa insanı harama meyl etdirər; qəlbə bulaşsa, onu kobudlaşdırar. Necə ki, Həzrət Mövlanə bu həqiqəti belə ifadə edir: "Bu səhər məndən ilham kəsildi. Anladım ki, bədənimə şübhəli bir neçə loğma girib. Bilik də, hikmət də halal loğmadan doğular. Eşq də, mərhəmət də halal loğmadan doğular. Əgər bir loğmadan qəflət meydana gəlirsə, bil ki, o loğma, şübhəli və ya haramdır". Hədisi-şərifdə bildirildiyi kimi: "Allah Təala təmizdir; yalnız təmiz olanları qəbul edər. Allah Təala, peyğəmbərlərinə nəyi əmr etdisə, möminlərə də onu əmr etmişdir. (Müslim, Zəkat, 65)

Cənabı Haqq, peyğəmbərlərə: «Ey peyğəmbərlər! Təmiz və halal olan şeylərdən yeyin, yaxşı və faydalı işlər edin!» (əl-Muminun, 51) buyurmuşdur. Möminlərə də: «Ey iman edənlər! Sizə verdiyimiz ruzilərin təmiz olanlarından yeyin!» (əl-Bəqərə, 172) buyurmuşdur". Çünki halal, insanı halala sövq edər. Həzrət Əlinin buyurduğu kimi: "Halal yeməyən insan, özündə Allaha itaət etmə gücü tapa bilməz, həmişə üsyana meyl edər. Halal yeyən insan isə Allaha üsyankar ola bilməz". Bu səbəblə hər kəs, bu iki xüsusa çox əhəmiyyət verməlidir:

1. Məhəbbət bəslənən kimsənin və ya kəslərin mənəvi vəziyyəti.

2. Alınan qidanın halallıq dərəcəsi.

Necə ki, bu iki xüsus, insanın şəxsiyyət və xarakterində çox təsirli bir rol oynayır. Çünki insan sevdiyi kimsənin yolundan gedər. Bu səbəblə məhəbbət duyulan kimsənin istiqamət üzrə olması, onu sevən kimsəni də doğruya meyl etdirər. Bunun əksinə səhv yoldadırsa, sevən kimsəni də səhvə sürüyər.

Eynilə bunun kimi halal loğma, insanı doğru yol üzrə istiqamətləndirərkən, haram loğma da insanı Haqdan uzaqlaşdırar.

Bir də bu xüsusu ifadə etmək lazımdır ki, qazanılan mal halallığı ölçüsündə israfa getməz. Çünki pul ilan kimidir. Mütləq girdiyi dəlikdən çıxar. Bu səbəblə halal olmayan qazancda, insan üçün iki cür axirət əzabı olacaqdır. Biri qazancın haram olması ilə, digəri də pulun israfa getməsinə görədir.

İndiki vaxtda mal-mülk və sərvət barəsində diqqət yetirilməsi lazım olan bir başqa mühüm nöqtə də, bunların insanın dəyərini müəyyən edən bir ölçü halına gətirilməməsidir. Lakin təəssüflər olsun ki, bəzi insanlar geyimi ilə, bəziləri avtomobili ilə, bəziləri evi ilə, hətta qoluna taxdığı bir saatla belə üstünlük vəhminə qapıla bilirlər. Halbuki qulların Haqq qatındakı qiyməti, nə zənginliyi, nə də soylu olmasıdır; ancaq təqva ilədir.

Bir kimsənin, sanki malının itaətçisi halına gələrək onunla etibar qazanacağını zənn etməsi, tərbiyə olmamış xam nəfsin bir zəifliyidir. Necə ki, cahiliyyə dövründə Vəlid ibn Muğirənin zənginliyi səbəbindən sərf etdiyi bu cahilanə sözlər, bu halın bir misalıdır:

"Qureyşin böyüyü olan mən, yaxud Sakifin ən nüfuzlu insanı olan Əmr ibn Umeyr olduğu halda, Quran Məhəmmədə endi?!.." (İbni Hişam, I, 385. Krş. əz-Zuxruf, 31)

Halbuki, Həzrət Məhəmməd Mustafa (s.ə.s.), hər yönü ilə bütün insanların ən şərəflisi idi.

İnsan, nəfsini tərbiyə etdiyi zaman, bütün əməllər onu Cənabı Haqqa yaxınlaşdırar. Əgər nəfsini tərbiyə edə bilməmişsə günahlara düçar olar. Rəbbini unudar. Cənabı Haqq da ayəyi-kərimədə belə buyurur:

"Allahı unudan və buna görə Allahın da onlara özlərini unutdurduğu kəslər kimi olmayın…" (əl-Həşr, 19)

Həzrət Qəzali, tərbiyədən məhrum nəfsi azğın bir ata, ruhu da süvariyə bənzədərək belə buyurur:

"Süvari, əgər atını tərbiyə etsə (yəni insan könlündə mövcud olan pis xüsusiyyətləri təmizləsə), atı onu istədiyi mənzilə aparar. (Sahibini Cənnətə vasil edər)

Lakin tərbiyəsində laqeydlik edilən bir atın, süvarisini uçurumdan aşağıya atması qaçınılmaz olduğu kimi, mərəzlərlə dolu bir ürək ilə də Haqqa yaxınlaşa bilməz. O kimsə, ancaq Cəhənnəm yolçusudur".

"Allahım! Mənə halal ruzi nəsib edərək haramlardan qoru! Lütfünlə məni Səndən başqasına möhtac etmə!" (Tirmizi, Daavat, 111)

Amin!..

Peyğəmbərimiz (s.ə.s.) bir dəfə minbərdən səhabələrinə belə səslənmişdir: "Qazancı halal, daxili aləmi təmiz, xarici görünüşü gözəl və yolu müstəqim (yaşayışı düz) olan insan necə də xoşbəxtdir!" (Əbu Nuaym, Hilyə, III, 202-203)


Osman Nuri Topbaş
Bu yazıya 1130 dəfə baxılıb.