İlahi Rəhmət: RAMAZANİ-ŞƏRİF


Fatimə Zəhra
Bu yazıya 1107 dəfə baxılıb.

Rəbbimiz, qullarının əbədi səadəti üçün; həyat təqvimində, ilahi rəhmət, əfv və bağışlamanın sanki tüğyan etdiyi mənəvi qazanc mövsümləri təyin etmişdir. Bu mövsümlərin ən bərəkətlisi, heç şübhəsiz ki, Ramazani Şərifdir. Çünki:

- Hidayət rəhbərimiz Qurani-Kərim, bu mübarək ayda endirilmişdir.

- Müstəsna bir ruhi yetkinlik vəsiləsi olan oruc ibadəti, bu aya məxsus bir fərzdir.

- Min aydan xeyirli olan Qədir Gecəsi, Ramazan gecələri içində lütf edilmişdir.

- Bu ayın gecələri; iftar, təravih və sahurlarla bərəkətləndirilmişdir.

- Müxtəlif ehtiyac və məhrumiyyətlər içində qıvrılan, döyüşən könüllər, ən çox bu ayın gəlişiylə ümid və sevincə qərq olar.

Belə ki, insanların ən comərdi olan Peyğəmbərimiz Ramazani Şərifdə heç bir maneə tanımadan həzin-həzin əsən rəhmət küləklərindən daha comərd olar, bütün ibadət və lütfkarlıqlarını artırardı. Özünə:

"-Hansı sədəqə əcr baxımından daha böyükdür?" deyə soruşulduğunda:

"-Ramazani Şərifdə verilən sədəqə..." buyurmuşdur (Tirmizi, Zəkat, 28/663).

Çünki Ramazan, bütün xeyirlərin qat-qat savabla mükafatlandırıldığı ilahi bir lütf mövsümüdür. İçində min aydan xeyirli bir Qədr gecəsi olan Ramazani Şərifi layiqiylə canlandıranlar, saysız nemətlərə nail olarlar. Ona laqeyd qalanlar isə, dəhşətli bir məhrumiyyətə düçar olarlar.

Belə ki, Peyğəmbərimiz bir hədisi şəriflərində belə buyurmuşdur:

"...Cəbrayıl -əleyhissalam- mənə göründü və; «Ramazana çatıb, günahları bağışlanmayan kimsə rəhmətdən uzaq olsun!» dedi. Mən də «Amin!» dedim..." (Hakim, IV, 170/7256; Tirmizi, Dəvət, 100/3545).

Cəfəri Sadiq -rahmətullahi əleyh- Ramazan ayının sonunda da belə dua edərdi:

"Ey Ramazanın Rəbbi olan və Quranı endirən Allahım! Bu, özündə Quranın endirildiyi Ramazan ayıdır və artıq bitmək üzrədir. Ya Rəbbi, bütün günahlarım bağışlanılmadan fəcrin doğulmasından və ya Ramazanın çıxıb getməsindən, Kərim olan Şəxsinə sığınıram!"

Daşa və ya dənizə yağan yaz yağışının faydası kimi, Ramazani Şərifin həqiqətinə çata bilmək üçün də o aya məxsus olan savab yağışlarından gözəlcə istifadə etmək zəruridir. Ramazanı Şərifi bütün bir il boyunca itirdiklərimizi bərqərar etməyə və səhvlərimizin kəffarəsini ödəmə fürsəti

bilib böyük bir şövq və səylə onun rəhmət və bağışlama fəslindən istifadəyə çalışmalıyıq. Əcdadımız bu barədə də bizlərə müstəsna xatirələr qoymuşdur. Məhəllələrindəki qərib, kimsəsiz, yetim, dul, kasıb-füqəraya xüsusilə bu ayda evlərini və könüllərini açmışlar, oruclulara iftar etdirmişlər və nümunəvi bir nəzakətlə hədiyyə də təqdim edərək, ikramlar etmişlər. Məscidlərin çıxışında təravihdən sonra camaata ən keyfiyyətli baldan hazırlanmış şərbətlər paylamışlar. Zəkat, fitrə və sədəqələrlə, dərdlilərin dərd ortağı, qəmli könüllərin təsəlli qaynağı olmuş, bayramları da küsülüləri barışdırmağa fürsət bilmişlər. Beləcə, cəmiyyətin bütün seqmentlərini qardaşlıq və söhbət duyğularıyla bir-birinə birləşdirmişlər.

***

Ramazani şərifdə görülən coşğun ibadət iqlimi və əldə olunan müstəsna qulluq şəkli, əkilən bir toxum kimidir. Bu toxumun tutub tutmadığı, ilin digər aylarında cücərərək, yarpaqlanıb çiçəklənərək və meyvələr verərək özünü göstərəcək. Yəni Ramazanda qazandığımız gözəl xüsusiyyətləri və yetkinləşmiş qəlbi, Ramazandan sonra nə qədər davam etdirə bildiyimiz, o ibadətlərimizin Haqq qatındakı məqbuliyyət səviyyəsini göstərməkdədir. Beləliklə, tutduğumuz orucların, etdiyimiz təravihlərin, verdiyimiz fitrə, zəkat və sədəqələrin, oxuduğumuz Qurani-Kərimin Haqq qatında məqbul olub olmadığını anlamaq üçün, bunların Ramazandan sonrakı halımıza əks olunmalarına diqqətlə baxmalıyıq.

Oruclar və sədəqələr; bizi təqvaya, şəfqət və mərhəmətə, vicdan həssaslığına çatdırmalı ikən, əgər bu hisslər ürəklərimizdə kifayət qədər inkişaf etməmiş və ruhumuz incəlməmişsə, orucu kamil mənada tuta bilməmişik, sədəqəni ədəbinə riayətlə verməmişik, bu ibadətlərdən lazım olan dərsi almamışıq deməkdir.

Ramazani şərif, qulu gözəl əxlaqa, saleh əməllərə və fəzilət dolu bir həyata hazırlayar. Bizim Ramazandan həqiqətən istifadə edə bildiyimizin dəlili; Ramazandan sonrakı həyatımızın, Ramazandan əvvəlkinə görə ilahi razılığa müvvəffəq olmasıdır.

Mirzə Məzhər Canı Canan -rahmətullahi əleyh- buyurur:

"Ramazani Şərif, zikrlə oyanıq olaraq keçirilsə, ilin qalan qismində də bu gözəl hal davam edər. Əgər bu ayda bir qüsur və zəiflik olsa, bunun izi bütün il boyunca görünər".

Aləmlərin Əfəndisi -əleyhissalatu vəssalam-, Ramazan aylarında bütün ibadət və lütfkarlıqlarını artırar, Rəbbiylə doyumsuz bir müsahibə iqliminə girərdi. Belə ki, İbn Abbas -radıyallahu ənhumə- belə buyurur:

"Rəsulullah -sallallahu əleyhi və səlləm- insanların ən comərdi idi. Onun ən comərd olduğu zamanlar da Ramazanda Cəbrayıl -aleyhisselam-ın, özü ilə görüşdüyü vaxtlar idi. Cəbrayıl -əleyhissalam-, Ramazanın hər gecəsində Peyğəmbərimiz ilə görüşər, (qarşılıqlı) Quran oxuyardı. Bu səbəblə Rəsulullah -sallallahu əleyhi və səlləm- Cəbrayıl ilə görüşdüyü zaman, heç bir maneə bilmədən əsən rəhmət küləklərindən daha comərd davranardı" (Buxari, Bed'ü'l-Vahy 5, 6, Savm 7; Müslim, Fezail 48, 50).

Ramazan, ruhani bir həyat tərbiyəsidir. Müsəlmanlıq, yalnız Ramazana məxsus və müəyyən günlərə aid bir mərasim deyil, ömürlük bir təqva həyatıdır.

İmam Şarani Həzrətləri deyir ki:

"Ramazanın digər aylarda olmayan bir hörməti vardır. Haqq Təalanın Ramazanı qəməri aylar içində var etməsi, Ramazandakı şərəf və bərəkəti ilin bütün aylarına yaymaq üçündür".

Beləliklə, Rəbbimiz, ilin bütün vaxtlarını Ramazan ayıyla şərəfləndirmiş isə, biz də bütün ömrümüzü Ramazanın bolluq və bərəkətini ümid edərək və o aydakı zəriflik, nəzakət və həssaslıqla idrak edib və canlandırmalıyıq. Bunun üçün də Ramazan tərbiyəsi altında keçirdiyimiz mənəvi xatirələri heç bir zaman unutmamalıyıq.

Çünki ömürlər görünüşcə nə qədər uzun olursa olsun, əbədi axirət həyatının yanında bir aylıq Ramazan mövsümündən də qısadır.

Bu İslami gözəlliklərlə Ramazani Şərifi canlandırıb ilahi əfv fərmanını alaraq həqiqi bayrama çata bilənlər necə xoşbəxtdir!..

Necə xoşbəxtdir, hər gecəsini Qədir, hər gördüyünü Xıdır bilib bu əbədi qazanc fürsətlərini qiymətləndirə bilənlər!..

Rəbbimiz, etmiş olduğumuz və edəcəyimiz ibadət və əməli salehləri qəbul buyursun. İdrak etdiyimiz Ramazan aylarını, ixlaslı niyyətlərlə və təqva ölçüləriylə bir sonrakı ilin Ramazanına bağlaya bilməmizi və beləcə həyatımızı daimi bir Ramazan ruhaniyyəti içində yaşaya bilməmizi nəsib etsin.

Bütün ömürümüzü razılığına müvafiq əməllərlə canlandıraraq əbədi bayramlara çatmağı bizlərə lütf etsin!

Amin…


Fatimə Zəhra
Bu yazıya 1107 dəfə baxılıb.