"Qadının gücü zərifliyində, incəliyində, mehribanlığındadır".


Sema Maraşlı
Bu yazıya 873 dəfə baxılıb.

Səma Maraşlı 1969-cu ildə Türkiyədə Kahramanmaraş bölgəsində dünyaya gəlib. Anadolu Universitetində təhsil alıb. 15 kitabın müəllifidir. Əsasən ailə psixologiyası ilə bağlı yazılar yazır. Hazırda İstanbulda yaşayır. 3 övladı var.

Səma xanım, ilk olaraq söyləmək istəyirəm ki, sizinlə Bakıda görüşmək bizi çox şad edir. Artıq neçə gündür keçirilən seminar və konfranslarınız hər kəs tərəfindən maraqla qarşılanır. Burda olduğunuz müddətdə bizə də vaxt ayırdığınız üçün sizə öz təşəkkürümüzü bildiririk. Söhbətimizə belə bir sualla başlamaq istərdim. Müsəlman bir qadın necə olmalıdır?

Əvvəla onu qeyd etmək istəyirəm ki, Azərbaycana gəlmək mənim üçün də çox xoşdur. Bu vəsilə ilə bütün oxucularınıza sevgi ilə salamlarımı çatdırıram.

İlk olaraq onu demək lazımdır ki, Uca Rəbbim hər şeyi ziddi ilə yaratmışdır. Yer-göy, ağlamaq-gülmək, sevmək-nifrət etmək, hər şeyin ziddi vardır. Qadın və kişi də bir-birinə zidd yaradılmışdır. Allah Təala kişiləri sərt yaradıb. Qadını isə incə yaradıb, saçımız, dərimiz, səsimiz, sümüyümüz belə, daha incədir. Kişi sərtliyini qadın isə incəliyini itirməməlidir. Kişi yumuşalıb qadın kimi olarsa, qadının gözündə heç bir təsiri olmaz. Heç bir qadın qadına bənzər kişini istəmədiyi kimi, heç bir kişi də kişi kimi bir qadını istəməz. Buna görə də “qadın necə olmalıdır?” sualını cavablandırarkən ilk olaraq qadının xarici görünüşündən bəhs etmək lazımdır. Qadının özünü qadın kimi hiss etməsi üçün xanım kimi geyinməli, gəzməlidir. Evdə idman geyimi ilə ayağında corab ya başmaqla kişi kimi gəzən qadınlar kişilərə heç xoş gəlməz. Allah Təala bəzəyi sevir, balıqları, kəpənəkləri və s. bütün canlıları bəzəkli yaradıb. Rəbbimiz boş yerə heç bir şey yaratmayıb. Qadınlar üçün yaradılan bəzək əşyaları və vasitələri (sürmə, xına, inci və s.) də onları daha gözəl göstərmək üçündür. Bir qadın hər səhər mütləq gözünə sürmə çəkməli, gözəl qoxular vurmalı, istər yoldaşı üçün, istər özünün əhval-ruhiyyəsi üçün bunlar çox önəmlidir. İlk olaraq qadının qadın kimi gözəl görünməsi ona xoş olacaqdır. Hər kəsə təbəssüm etməyə səbəb olacaqdır.

Daha sonra, qadınlar səslərinə, danışıqlarına diqqət yetirməlidir. Allah Təala səsimizi incə yaradıbsa danışığımız da incə olmalıdır. Sərt danışmaq bir qadına heç yarışmır. Səs çox vacibdir, səsin öldürücü və dirildici bir təsiri vardır. Bütün davranışlarınıza duyğunuzu qatın. Səsinizə diqqət yetirin. Yoldaşınızla danışdığınız zaman hisslərinizi də qatın. Belə bir deyim var, “Demişlər gələnlər bizdən əvvəl, qulaq aşiq olar gözdən əvvəl”. Kişilər bütün gün başqa yerlərdə incə, daha mədəni və cilvəli danışan qadınlar görürlər, evdəki xanımın kobud kişi kimi danışdığını gördüyü zaman heç xoşları gəlməz, məmnun olmazlar.

Qadın bəzək əşyalarından və vasitələrindən istifadə etməlidirmi?

Bir xanım Enes ibn Malikin yanına gəlib belə buyurur: “Mən bəzək əşyaları taxmıram, görəsən, namazlarım qəbul olunurmu?” O da deyir ki, “Namazın qəbul olar. Amma Allah Rəsulu bunu eşitsəydi bundan əsla razı qalmazdı”. Allah Rəsulu hər zaman qadınları bəzənməyə, bəzək əşyaları taxmağa təşviq etmişdir. Bu həm də qadının kişiləşməməsi üçün çox vacibdir. Bir qadın Peyğəmbərimizə əlində bir şey uzadarkən O almır. Qadın: “Ya Rəsulullah, niyə götürmədiniz?”

dediyi zaman, “Qadın yoxsa kişi əlidir, bilmədim”- deyir. Ya Rəsulullah, “Qadın əlidir” -deyir. “Əlini kişi əlindən fərqləndirən bilərzik ya da bir xına tapa bilmədinmi? Kişiyə bənzəyirsən!” buyurur. Allah Rəsulu qızıl bəzək əşyalarının taxılmasının tərəfdarı olmasa da, gümüşdən, muncuqdan hazırlanan bəzək əşyaları tövsiyə etmişdir. Məsələn, qızının qolunda qızıl bilərzik gördüyü zaman onu çıxartdırmış, yerinə fil dişindən bir bilərzik düzəltdirmişdi. Qızıl qadağan deyil, sadəcə Peyğəmbər qızları hər kəsə nümunə olduğu üçün, məsələn bir qadın görər və yoldaşından tələb edər, söz-söhbətə səbəb olmasın deyə Peyğəmbərimiz məsləhət görməmişdir. Həzrət Aişə buyurur ki, Allah Rəsulu məlhalardan (sürmə çəkməyən qadın) xoşu gəlməzdi. Çünki qadın bəzənməyi tərk etdikcə kişiləşməyə başlayır. Həzrət Aişə səfər zamanında belə bəzək əşyalarını tərk etmir. Hətta iki dəfə səfər zamanı bəzək əşyasını itirdiyi bizə məlumdur. Bəzənməyin deyə bir hədis yoxdur. Əksinə, “Bəzəyi kəsməyin!” deyə bir hədisi-şərif vardır. Allah Rəsulu qadınlara daim belə bir xəbərdarlıq etmişdir: “Kişilərə bənzəməyin”.

Evli bir xanım yoldaşının yanında ağarmış saçlarla gəzməsi düzgün deyil. Ya xına, ya boya mütləq qoyulmalıdır. Nəinki xanımlar, saçı-saqqalı təmamən ağarmış kişilərə də xına qoyulması tövsiyə olunmuşdur. Allah Rəsulu saçı-saqqalı çox ağarmış bir kişiyə “Onun saçına xına yaxın!” buyurur. Xına həmçinin xanımlara çox faydalıdır, onları gəncləşdirər və gözəl görünmələrinə səbəb olar.

Bir incə məqama toxunmaq istəyirəm. Bizim cəmiyyətdə insanların bir yaxını vəfat etdiyi zaman pərişan olurlar. Biz axirətə inanırıq, amma bir yaxınımızı itirdiyimiz zaman aylarla özümüzə gələ bilmirik. Sadəcə düşünməliyik ki, bu axirət yolunda o məndən daha tez yola çıxdı və mən də bir müddət sonra gedəcəm. Bunu öz şüurumuza yerləşdirməliyik. Bir qadın ən yaxın insanını övladını, valideynlərini və s. itirərsə, özünə qapanıb aylarla ah-vay etməməlidir. Dinimizə əsasən qadın hüznünün 4-cü günündə yoldaşı üçün bəzənməlidir. Bir qadının yoldaşı ölərsə, 4 ay bəzənməməlidir.

Səma xanım, qadınlar geyimlərində əsasən nələrə diqqət etməlidirlər?

Xanımlar geyimlərinə, əsasən də yoldaşlarının yanında olarkən çox diqqət etməlidirlər. Daha incə, gözəl, rəngli geyimlər geyinməlidirlər.

Allah Rəsulunun xanımları və səhabə xanımların çoxu çəhrayı və qırmızı rənglərdə paltarlar geyinərdilər. Bu rənglər xanımlara canlılıq verər, xüsusilə qırmızı rəng qanın sürətini artırar. Məsələn, mən evdə yorğun olduğum zamanlar qırmızı rəngli paltar geyinirəm. Bizim xanımların evdə geyindiyi rənglər qəhvəyi və qaradır. Hansı ki, səhabə xanımları yasda olduqları zaman belə geyinərdilər. Yəni bizim normal halımız onların yasdakı halları ilə eynidir. Peyğəmbərimizin dövründə xanımlar bəzənmirdisə, cənazəsi olduğu düşünülürmüş.

Evliliklə bağlı seminarlarda xanımlara evdə yubka ya da don geyinmələrini tövsiyə edirəm. Bəzi xanımlar “heç yubkamız yoxdur” deyirlər. Qadınlar evdə çox səliqəsiz geyinirlər sonra da şikayət edirlər ki, yoldaşımız üzümüzə baxmır.

 

Ümumiyyətlə, gələcəyin xanımları uşaqlıqdan bəzəkli böyüdülməlidir. Qız uşaqları evlilik yaşına qədər bəzənməsələr, evləndikdən sonra da bəzənməyəcəklər. Onları uşaq yaşlarından alışdırmaq lazımdır. Qız uşaqlarına şalvar yerinə yubka geyindirmək lazımdır. Kirlənməsin deyə analar qızlarına tünd rəngli paltarlar geyindirirlər. Böyüklərimiz isə belə buyururlar: “Qız uşağına ağ rəng geyindirmək lazımdır ki, oturub durduğu yerə diqqət yetirsin. Paltarlarını kirlətməmək üçün səliqəli olmağı öyrənsin. Özü düşünməli, diqqətli olmağı öyrənməlidir”.

Səma xanım, sizin qadınlara tövsiyələriniz evdə keçərlidir. Bəs qadınlar küçəyə çıxdıqları zaman necə geyinməli, ya da hərəkət etməlidirlər?

 

Həddindən artıq bəzənmək küçədə, sözsüz ki, xoş qarşılanmır. Hər insan güzgüyə baxdığı zaman öz halını anlayar. Diqqət çəkməməyə diqqət yetirilməlidir. Bu da hər bir xanımın vicdanına bağlıdır. Təəssüf ki, xanımların çoxu evdən çıxarkən bəzənirlər, amma evlərində çox pərişan vəziyyətdə olurlar. Təsəttürlü bir rəfiqəm İstanbulda axşamüstü söhbətə gedir. Öz maşını ilə getmək istədiyi zaman, yoldaşı: “Xanım, mən səni aparım!” deyir. “Niyə sən aparırsan ki?” qadın soruşduğu zaman, kişi cavab verir ki: “Sən bir yerə gedərkən gözəl geyinib, bəzənirsən, bu da mənim çox xoşuma gəlir. Heç olmasa maşında səni belə görüm”. Baxın, xanım evdə nə qədər pərişan gəzirsə, küçədə qapalı olmasına baxmayaraq yoldaşının daha çox xoşuna gəlir. Təbii ki, küçədə ya da başqa bir yerdə ölçünü qaçırmamaq şərti ilə xanım daim baxımlı olmalıdır. Küçədə yad kişilərlə danışdığı zaman qadınlar diqqətli olmalıdırlar. Daha ciddi və aşağı səs tonu ilə danışmalıdırlar. Yad kişilərin yanında nazlanaraq danışmaq və lazımsız yerə gülümsəmək qadağan edilmişdir.

 

Ailədə ərlə-arvad daha mehriban və xoşbəxt olmaları üçün hansı məqamlara diqqət yetirməlidirlər?

Qadının gücü zərifliyində, incəliyində, mehribanlığındadır. İlk olaraq qadın düşünməlidir ki, İslami qaydalara uyğun bir qadındırmı?

Allah Rəsulu: “Mənə namaz, qadın və qoxu sevdirildi” - buyurur.

Küçədə qadınların qoxu vurmasına qadağa vardır, çünki kişilər bundan tez təsirlənirlər. Amma evdə çox önəmlidir. Səhabə xanımlar çox gözəl qoxulardan istifadə edərdilər. Onlar gözəl qoxulu sularla daraqlarını isladıb saçlarını darayardılar.

Bir xanım Həzrət Aişənin yanına gəlir. Aişə: “Bu nədir? Niyə bəzənməmisən?” – deyə soruşur. Qadın isə: “Yoldaşım mənə heç fikir vermir niyə bəzənim ki?”, deyir. Bunu eşidən Allah Rəsulu xanımın yoldaşını çağırdaraq belə buyurur: “Sən xanımına niyə laqeydlik edirsən ki, o da özünə baxmaz olub?” Səhabə isə özünü ibadətə verdiyi üçün yoldaşına biganə qaldığını bildirdiyi zaman, Peyğəmbərimiz bütün səhabərə xəbərdarlıq edir: “Mən peyğəmbər olduğum halda yoldaşlarıma vaxt ayırıram. Namaza getdiyim zaman da yoldaşımdan izin istəyirəm.

Gecələrdə xanımların haqqı vardır. Gecə ibadəti etmək üçün onlardan icazə aldıqdan sonra Rəbbimin hüzuruna çıxıram”- deyir.

Allah Təala xanımlara “Küçələrdə nazlana nazlana gəzməyin” buyurur. Yəni bir kişi nazlanan qadın gördüyü zaman bundan təsirlənir. Ona görə də xanımlar küçədə deyil, evdə nazlanmağı öyrənməlidirlər.

Evli xanımlar cinsi həyata önəm verməlidir. Qadınların çoxu yatağı sevmir. Amma evlilik problemlərinin əsası yataqdadır. Bu Allahın bir hədiyyəsidir. Ər-arvadın bir-birinə mehriban olması üçün bir səbəbdir. Evliliklə əlaqədar verilən ilk hesab da yataqdır. Çünki bu evliliyin təməlidir. Cinsi həyat həm qadının, həm də kişinin haqqıdır. İki tərəf də bir-birinə pis rəftar edərsə hər ikisi də hesaba çəkilər. Bununla bağlı Peyğəmbərimizin bir hədisi vardır: “Bir kişi, xanımını yatağına çağırdığı zaman qadın gəlməsə və kişi gecəni ondan incimiş halda keçirərsə, mələklər o qadına səhərə qədər lənət edərlər”.

Bəzi ailələrdə nə mehribanlıq, nə də xoşbəxtlik var. Nəyinsə, kiminsə xətrinə evlilik davam edir. Amma Allahın istədiyi bir evlilik bu deyildir. Allah Təala mehriban ailələrdən xoşlanar, razı qalar və onların üzərinə bərəkətini endirər.

 

Səma xanım, səmimi söhbətiniz və tövsiyələriniz üçün sizə təşəkkürümüzü bildiririk.


Sema Maraşlı
Bu yazıya 873 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.