Gözün Təsəttürü


Sevinc Vəkilova
Bu yazıya 996 dəfə baxılıb.

Rəbbimiz bizə sayıb qurtara bilməyəcəyimiz qədər çox nemətlər bəxş edib. İçdiyimiz sudan, aldığımız nəfəsə qədər...

Rəbbimizin bəxş etdiyi və insan üçün əvəzolunmaz nemətlərdən biri də göz neməti və görməkdir.

Bir anlıq görmədiyinizi təsəvvür edin. Yaşamaq necə də çətin olar, elə deyilmi? Bunun üçün Rəbbimizin verdiyi hər bir nemətin qədrini bilmək şükrünü əda etmək lazımdır. Şükür, həm əldəki neməti yox olmaqdan qurtarar, həm də yeni nemətlərə qovuşdurar. Orqanlarımız bizə yaradanın əmanətidir. Qiyamət günü hər birindən hesaba çəkiləcəyik. Həmçinin də gözlərimizdən…

Rəbbimizin verdiyi bu əmanəti necə qoruduq? Onu hansı yollarda, xeyir yoxsa şər yollarda istifadə etdik?

Müqəddəs kitabımız Qurani-Kərimdə gözün müxtəlif funksiyalarından bəhs edən ayələr var:

İnsana verilən göz neməti: “Məgər Biz ona iki göz vermədikmi?” (əl-Bələd, 8), Allah Təalanın xain baxışları bildiyini : “Allah gözlərin xəyanətini (xain gözləri) və ürəklərin gizlətdiyini biləndir” (Ğafir, 19) və s. ayələri misal vermək olar.

Kişi və qadın İslam cəmiyyətinin ayrılmaz hissəsi olduğuna görə dinimiz əks cinsləri qorumaq üçün bir sıra tədbirlər almışdır. Həmçinin də gözün sahibini və baxılan şəxsi qorumaq üçün baxışa bir sıra məhdudiyyətlər qoyulmuşdur. Allah Təala Nur surəsi 30-cu ayəsində “Mömin kişilərə de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar) ayıb yerlərini (zinadan) qorusunlar. Bu onlar üçün daha yaxşıdır”. Nur surəsi 31-də isə qadınlar üçün: “Mömin qadınlara de ki, gözlərini haram

buyurulmuş şeylərdən çevirsinlər...” deyə qadınlara xəbərdarlıq olunmuşdur. Təsəvvüfçü Şibli (q.s) ayəyi-kəriməni açıqlayarkən “baş gözlərini haramlardan, qəlb gözlərini Allahdan başqasından qorusunlar ”- deyə izah vermişdir.

Gözün təsəttürü göz qapaqlarıdır. Gözün zinası harama baxmaqdır. Allah Rəsulunun Hz. Əliyə belə nəsihət etdiyi rəvayət olunur: “Ey Əli! Birinci baxışa ikincini əlavə etmə. Birinci baxış sənə aiddir, ikincisi deyil” (Əbu Davud, Nikah 43).

Dinimiz qadınlarla qarşılaşdıqda ilk baxışı məsuliyyətdən uzaq tutmuşdur. Lakin ikinci və israrlı baxışlar qadağan edilmişdir. Göz təsəttürünə diqqət etməyin fəziləti haqqında Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdur: “Bir kişi qadının gözəlliyinə gözü sataşarkən başını aşağı əyərsə, Allah ona ləzzətini qəlbində hiss edəcəyi bir qulluq nəsib edər”.

Bir qüdsi hədisdə də: “Qadına qəsdən baxmaq İblisin zəhərli oxlarından bir oxdur. Kim məndən qorxaraq baxışlarını aşağı zilləyərsə, onun qəlbinə imanın dadını verərəm”.

Qadınlara gədikdə isə; yad bir qadının kişinin örtünməsi fərz olan göbəklə diz arasına baxmasının haram olması haqqında fikir birliyi vardır. Bu baxışın şəhvani olub-olmaması nəticəni dəyişdirmir.

Dinimiz baxmaq mövzusunda bir sıra tədbirlər qoymuşdur, ancaq ehtiyac və zərurət halları istisnadır. Unutmamaq lazımdır ki, zərurətlər də öz miqdarınca tədbiq edilir.

Zərurətdən yaranan baxmağa bunları misal vermək olar:

Evlənmək məqsədi ilə baxmaq, ticarət, borc alıb vermək, şahidlik və.s. Zərurət səbəbi ilə baxmağa isə xəstəlik, yanğın, boğulma kimi fəlakətlərə məruz qalan insanların vəziyyətini misal vermək olar.

Əksər müctəhidlərə görə kişi evlənmək istədiyi qadının yalnız üzünə və əllərinə baxa bilər. Nəticə olaraq oğlan və qız evlənmək istədikləri zaman islami prinsiplər daxilində bir-birinə baxa bilərlər.


Sevinc Vəkilova
Bu yazıya 996 dəfə baxılıb.