Bel Ağrıları


Vüqarə Məmmədova
Bu yazıya 1564 dəfə baxılıb.

Onurğa — onurğalı heyvanlarda vә insanda ox skeletinin әsas hissәsini təşkil edir. İnsanda 33-34 fəqərələrin bir-biriləri ilə birləşməsindən əmələ gələrək gövdənin istinadını təşkil edir, üzərində başın, gövdənin və yuxarı ətrafların ağırlığını daşıyır və onurğa beyninə məxsus kanal təşkil edir.

Beliniz ağrayırsa üzməyə başlayın İnformasiya texnologiyaları əsrində yaşamağımızla fəxr etsək də, nəticədə sağlamlığımız təhlükə altındadır. Hələ xəbərimiz yoxdur. Statistikaya görə, hər dörd, bəzən də üç nəfərdən biri bel ağrısından şikayətlənir. Xüsusilə oturaq iş zamanla canımızdan olmağa yol açır. Peşə xəstəlikləri deyilən xüsusi sənət sahələri var: zərgərlik, dərzilik, pinəçilik, sürücülük... Son 20 ildə bu sənət arasına kompyuter qarşısında vəzifəsini yerinə yetirən müxtəlif sahələr də əlavə olunub. Belə iş-güc sahibləri bel ağrılarından şikayətlənirlər. Bəs saatlarla oturaq işə “məhkum olan” belə insanlar zərərin yarısından necə dönə bilərlər?

 

Doğru oturmaq, yerimək-gözəl qamət yaradır

Mütəxəssislər onurğa sütunu problemlərinin hələ uşaq yaşlarından “pöhrələndiyini” deyirlər. Məktəbdə parta, evdə stol arxasında doğru şəkildə oturmamaq, hərəkətsizlik, xüsusi dartınma idmanlarını etməmək buna səbəb ola bilir. Valideynlərin nəzarəti xüsusi rol oynayır. Bəzən uşaqların yanlış hərəkətləri dayaq sisteminə mənfi təsir göstərir. Gələcəkdə bel əyriliyi, onurğa sütunu xəstəliklərinin meydana gəlməsinə səbəb olur. Pediatrlar gənc anaları bu işdə diqqətli olmağa çağırırlar. Körpəlikdən uşağın doğru (ilk oturan vaxtlarda dəstəkli, arxasında balışla oturması) əyləşdirilməsi gələcək həyatında mühüm rol oynayır. “Körpənin 4-5 aylığından yeridilməsi, yaxud əyləşməyə məcbur edilməsi çox yanlışdır. Bu zaman onurğa sütununda ciddi problemlər meydana gələ bilər”.

Bel yırtığı nədir?

Məlum olduğu kimi, onurğa sütunu 33 fəqərədən ibarətdir. Onurğa sütunu fəqərələri arasındakı kanalda həyatımız üçün vacib olan onurğa beyni yerləşir.

Məlumdur ki, bu hissənin travma alması nəticəsində insan müxtəlif orqanlarından (xüsusən ətrafların hərəkətindən) məhrum ola bilər.

Hazırda xüsusən gənclərdə və orta nəsildə onurğa sütundakı problemlər çoxluq təşkil edir. Bəzən bu problemlər əməliyyat stolunda həll edilmək kimi vəziyyətə çatır. El arasında bel “qrija”sı kimi tanınan, bel yırtığı da onurğa sütünu xəstəliyin ən ağırlarındandır. Fəqərəarası disklərin elastik quruluşa malik olması onurğanın hərəkətliliyini və yüklənməyə qarşı davamlılığına xidmət edir. Disklərin iç hissəsində (pulpoz nüvə) jeleyebənzər sahə, çöl səthində isə (filroz həlqə) xüsusi təbəqə var. Bu nizamlılıq pozulduğunda qorxduğumuz “qrija” meydana gəlir. Bel yırtığı özü də bir neçə mərhələni keçdikdən sonra ortaya çıxır. Şərt odur ki, əvvəlki mərhələdə onun qarşısı alınsın.

Xəstəliyin əsas səbəbləri.

İrsi faktor çox rol oynayır. Ailəsində belə problemi daimi olanlar yüksək risk daşıyırlar. Yaşlı adamlarda fəqərəarası disklərdə boşalma yaranır, disklərin elastikliyi itir. Ağır yük daşıyanlar, ağır yüklə daimi hərəkət bu vəziyyətin alınmasına gətirib çıxarır. Qamətini düz tutmayan, yumaq kimi oturanlar onurğa sütunu xəstəliyinə tez-gec uğrayırlar. Zəif əzələ sistemi olanlar, artıq çəkili insanlar da bu vəziyyətlə qarşılaşırlar. Oturaq işi olanlar, saatlarla kompyüter qarşısında əyləşənlər də bura aid edilir. Nəhayət, hansısa qəza zamanı travma alanlar da onurğa sütunundan əziyyət çəkənlər sırasına daxil olurlar. Bu arada onu da qeyd etmək lazımdır ki, hamilə xanımlar vəziyyətləri boyunca onurğa sütununa diqqət etməlidirlər. Bədənə qarşı laqeydlik gələcəkdə qarşıya problem kimi çıxa bilər.

“Onurga sütunun qayğısına qalmaq istəyən uzsün”

Onurğa sütununun xəstəlikləri baş ağrıları, qan təzyiqinin “oynaması”, başgicəllənmə, ayaqlarda, qollarda keyimə, uyuşma, qəfləti sinir sancıları, oturanda, yatanda qalxa bilməmək kimi əlamətlərlə müşahidə olunur. Çox vaxt bu vəziyyət ciddiyə alınmır, “ötüb-keçəcək” deyə biganəlik edilir. Halbuki vaxtında müayinə əməliyyat kimi ağır nəticələrdən qoruyar. İlk əvvəl qiyabi müayinə

olunan xəstənin tam diaqnozu üçün MRT(maqnit rezonans tomoqrafiya) tələb olunur. Bu mütləqdir. Fəqərəarası vəziyyət dəqiqləşdirilməlidir. İlkin müalicə zamanı üzgüçülüklə məşğul olmaq məsləhət görülür. Həftədə iki dəfə hovuzda üzmək insanı bütün şikayətlərdən xilas edə bilər. Su ilə müalicə dünya təcrübəsində geniş yayılmış, zərərsiz metoddur. Bunu idman növü kimi formalaşdırmaq da lazım deyil. Suda hərəkət insanın əhval-ruhiyyəsinə yaxşı təsir göstərir. Suya girilən andan insanın bütün bədən əzələləri hərəkətə gəlir. Üzgüçülük ürəyin fəaliyyətini bərpa edir, qan dövranını aktivləşdirir, orqanizmdəki durğunluğu aradan qaldırır. Bədənin müqavimətini artırır, qamətin doğru qalmasına kömək edir. Müasir dövrün stress, depressiya kimi bəlasının aradan qalxmasına kömək edir. Hamiləlikdən sonra bel ağrılarından şikayət edən xanımların üzgüçülüklə məşğul olması gərəkdir. Suyun ağırlığı bədəni açır, nəticədə həm də energi, kalori itir. Dərmandan qaçmaq lazımdır. Vaxtında onurğa sütununun qayğısına qalmayan insanlar, əməliyyat olunsalar belə gələcəkdə problemlər yaşayırlar.

İnsanlar doğru hovuz seçməkdə diqqətli olmalıdırlar. Hovuzda üzməyin də öz qaydaları var. Suda müalicəyə üstünlük verirsinizsə xüsusi təlimçinin nəzarəti ilə bunu etməlisiniz. Onu da qeyd edək ki, hovuza girməzdən qabaq yemək olmaz. Ən azı bir saat əvvəl qida qəbul etmək gərəkdir. Acqarnına da suda hərəkət qanda şəkərin qəfildən düşməsinə səbəb ola bilər. Çünki su ağır olduğundan enerji aparır, adam yorulur. Suda ilk vaxtlar 30-45 dəqiqə hərəkət kifayət edir”.

Sonda onu demək olar ki, üzmək həm idman, həm də müalicə olunmaqdır. Üzməyi öyrənmək isə hər hansı ekstrimal vəziyyətdə özünüzün və başqasının gərəyi ola bilər.


Vüqarə Məmmədova
Bu yazıya 1564 dəfə baxılıb.