Nəfsin meydanı dünyadır


Gülnarə Seyidova
Bu yazıya 546 dəfə baxılıb.

Dünyanın nazı-neməti, şanı-şöhrəti, ədası olmasaydı kim ona meyl edərdi? Dünyanın məhz belə yaradılmasında məqsəd imtahandır.

Əslində insana bir nemət olaraq verilən nəfs tərbiyə və idarə olunmazsa onu dəhşətli bir uçuruma, fəlakətə sürükləyər. Elə bir uçurum ki, oradan geri gələn ya da salamat qurtaran olmayıb. O uçurum bu dünyanın sonu axirətin isə başlanğıcı ola bilər.

Bir az əvvəl qeyd etdiyim kimi nəfs insana əslində nemət olaraq verilmişdir. “Necə bir nemətdir ki insanı yoldan çıxara bilir?”, deyə soruşa bilərsiniz. İnsana nəfs verilməsəydi, nə işləyərdi, nə yeyərdi, nə nəsli törəyib artardı, qısacası bu dünyada yaşamaq istəyi olmazdı. Cansız bir əşyadan fərqi qalmazdı. İnsana yaşama həvəsi, sevgisini verən də elə nəfsdir. Lakin bu neməti canavara çevirmədən ram etmək, özünə tabe etmək gərəkdir. Yalnız o halda insan nəfsə deyil o insana xidmət edər. Necə xidmət edər bilirsinizmi? Nəfsə ağır, Allah Təalaya xoş gələn işlərlə onu tərbiyə etməliyik. Canımızdan çox sevdiyimiz övladlarımız belə özbaşına buraxılarsa gələcəkdə tərbiyədən, mədəniyyətdən uzaq birinə çevrilər, cəmiyyət üçün faydalı insan olmaq yerinə təhlükəli ya da işə yaramaz birinə çevrilərlər.

İnsanın üç böyük düşmənindən birincisinin dünya, ikincisinin nəfs, üçüncüsünün şeytan olduğunu bilirik. Dünya pərdədir. Dünyanın əsli keçici, üzü cazibəli, hiyləli və nəfsin yaradılışına uyğundur. Dünya şeytanın yemidir. Dünyanın cazibə və gözəlliyi olmasaydı, nə şeytan insana hücum edə bilər, nə də nəfs insanı axirət yolundan ayıra bilərdi. Yəni dünyanın həqiqəti, faniliyi ilə birlikdə hiyləlidir.

Bir nəfər Həzrət Əliyə (r.ə.) "Dünyanı necə təsvir edərsiniz?" deyə soruşduğu zaman, o belə buyurdu: "Sağlamı xəstə, təhlükəsizlikdə olanı peşman, kasıbı qəmli, zəngini isə halalının hesabı, haramının əzabına düşəcək. Şübhəli şeylər üçün də danlanacaq. Sizə bunun daha neyini deyim".

Nəfsin mərhəməti yoxdur. Yanlış xüsusiyyətlərə sahib olarsa insanı azdırmağa çalışar. İnsan bu çətinliklərə qarşı daim mübarizə aparmalı və ayıq olmalıdır.

Nəfsin üzü həvəsdir. Qəzəb və şəhvət ləzzətinə həvəs deyilir. Müasir dövr durmadan insanın həvəsini coşdurur. Məsələn, dəbdəbəli villalar, lüks avtomobillər, əsrarəngiz istirahət və əyləncə mərkəzləri insanların nəfsini elə qabardır ki, bütün bunları əldə etmək üçün hər yola baş vururlar. Bu yolda insan öldürmək, qumar oynamaq, rüşvət almaq, faiz yemək, hətta narkotik maddələrin satışı ilə məşğul olmaqdan da çəkinmirlər. Kim nəfsini həvəsindən uzaqlaşdıra bilsə bu mübarizədə də o qalib gəlmiş olar. Onun üçün Allah Təala, "… nəfsini həvəsindən məhrum etsə çatacağı yer cənnətdir" (Naziat/40-41) buyurur.

Aydın olur ki, insan həyatı nəfsin, şeytanın və dünyanın müxtəlif hallarıyla məşğuldur. Dünya, əvvəl bəzək-düzəklə insanı aldadar, sonra həlak edər.

Həzrət İsaya (ə.s.) dünya, yaşlı, zəif, çirkin lakin bəzənmiş bir qadın surətində görünmüş və onunla belə danışmışdır. İsa (ə.s.) soruşur:

- Neçə dəfə evlənmisən?

- Sayılmayacaq qədər çox.

- Bir qadın ömründə bir neçə dəfə evlənə bilər. Sən sayılmayacaq qədər çox evləndiyini söyləyirsən. Ərlərinə nə oldu? Öldülərmi, boşandılarmı?

- Heç boşama olmadı. Hamısını mən öldürdüm.

- Keçmiş ərlərini tək-tək necə öldürdüyünü düşünməyib, onlardan ibrət götürmədən səninlə evlənəcək yeni ərlərin vay halına!

Allah Təala dünyadan uzaq olmağı əmr etmişdir. Çünki dünyanın saxta cazibəsi insanı zəif yerindən tutar və bu aləmə meyl edib, çirkin işlərə səbəb olar. İnsan əsl cövhər və qabiliyyətini itirər və ətdən-sümükdən ibarət, işə yaramaz bir hala gələr.

Əslində təmiz, yer üzündə Allahın əzəmətinə layiq olaraq yaradılmış olan insan, nəfsinin düşmənlərinə uyaraq ibadətin ləzzətini itirər. Tövbə və istiğfardan uzaqlaşıb, qəlbi qatılaşar, əxlaqı pozular.

İki Dünya Sərvəri Peyğəmbərimiz (s.ə.s.), bir hədisində belə buyurur: "Allah Təalanın bir qulundan üz çevirməsinin əlaməti, onun əxlaqının pozulmasıdır". Bəli, Allah Təala bir qulundan üz çevirdiyində ondan rəhmətini, inayətini kəsər, günahlarından dolayı ondan razı olmayaraq öz halına buraxar. Belə bir qul da günahlarla, boş şeylərlə vaxtını keçirər. Hədisi şərifdə çox gözəl ifadə olunur.

"Dünya üçün dünyada qalacağın qədər çalış!

Axirət üçün orada sonsuz qalacağına görə çalış!

Allahu təalaya möhtac olduğun qədər itaət et!

Cəhənnəmə dayana biləcəyin qədər günah işlə!".

İnsan, aldığı hər nəfəsdən atdığı hər addıma, hər yönü ilə hər an Allaha möhtac deyilmi? Bir qığılcıma belə dözə bilməzkən, cəhənnəm atəşinə dözə bilməsi mümkündürmü? Əlbəttə deyil...

Elə isə bir an əvvəl ağlı başa yığaq, dünya həyatını Allah üçün haqqı ilə yaşayaq ki, yoldaşımız peşmanlıq olmasın...


Gülnarə Seyidova
Bu yazıya 546 dəfə baxılıb.