Kağız üzərində qalan hüquqlar.


Gülnarə Seyidova
Bu yazıya 1798 dəfə baxılıb.

 Bu yazını yazmağa məni vadar edən internet səhifəsində gördüyüm bir uşaq şəkli oldu. Şəkildəki uşaq gördüyü dəhşətlərdən pərişan bir vəziyyətdə idi. Hətta gözlərindəki yaş da donmuşdu. Sanki ağlamağa da qorxurdu. Şəkilə baxıb saatlarla öz-özümə düşündüm. Bəs hanı beynəlxalq kodekslər, uşaq hüquqları və s. Bu uşağın üzündəki ifadə bütün bunların yalnız kağızlar üzərində olan yazılardan başqa bir şey olmadığını təsdiqləyirdi.

Müharibələr ən çox uşaqları vurur.

Uşaqlar döyüşlərdə daha çox öldürülür, yaralanır, fiziki, psixoloji və cinsi zədəyə uğrayırlar. Qarşıdurmalar əsnasında, uşaq ölümlərinin  5 % -i birbaşa vurularaq, 95 % -i aclıq və xəstəlik səbəbiylə olmuşdur. Keçdiyimiz son 10 ildə, 2 milyondan çox uşaq döyüş bölgəsində öldürülmüş, 4 milyondan çox uşaq şikəst olmuşdur. Döyüş əsnasında və sonrasında yaralanmaların və şikəstliklərin ən önəmli səbəbi minalardır. Dünyada 70-dən çox ölkədə 60 milyondan çox mina vardır. Mina  nəticəsində yaralanan və ölənlərin sayı tam olaraq bilinməsə də əhalinin nə qədərinin mina səbəbiylə şikəst olduğu müəyyən olunmuşdur. Buna görə Kambocada 1/236, Əfqanıstanda 1/470 nisbətində şikəst insan vardır. Əfqanıstanda hər iki saatda bir adam mina səbəbiylə yaralanır ya da ölür.

 Müharibələr nəticəsində uşaqların çoxu, tibbi baxım olmadan ya da tək yaşayırlar. 1 milyon uşaq yetim qalmış, 12 milyon uşaq təhlükəsizlik üçün evlərindən ayrılmış, bunların üçdə biri isə mühacir düşərgələrində yaşayır.

Uşaqlara qarşı işgəncə və təcavüz artıq adi hala çevrilmişdir. Bu xüsusilə etnik mənşəli qarşıdurmalarda görülür. Məsələn, Ruandada baş verən soyqırımda 8 yaşından böyük hər qıza təcavüz edilmişdi. Şimali Uqandada, silahlılar kəndlərə tez-tez basqın edərək, hər səfərində 50-100 uşağı qaçırmışlar. Qaçırılan uşaqlardan qızlara təcavüz edilərək, istismar olunub, oğlanlar isə işgəncəyə məruz qalıb ya da döyüşdə istifadə edilmişlər. Və demək olar ki, bütün müharibələrdə bu hallara rast gəlmək olar. Bu təcavüzlərdən sonra ölüm, HİV infeksiyonu və digər xəstəliklər, intihar, sonsuzluqla nəticələnən yaralanmalar və uşaqların cəmiyyət tərəfindən uzaqlaşdırılması kimi problemlər ortaya çıxır. Ölümlər düşünülən ən böyük itki olmasına baxmayaraq, itirdiklərimiz bunlarla məhdud deyil.

 

Müharibənin uşaqlara psixoloji təsirləri

Müharibələrin qiymətləndirilməsi çox çətin və uşaqlar üzərində təsiri çox böyükdür. Döyüşün uşaqlara fiziki təsirindən daha çox psixoloji zərbəsi varki, bunun da müalicəsi bəzən mümkünsüz olur. Döyüşlə birlikdə norma və dəyərləri alt-üst olmuş bir cəmiyyətdə böyümək, özünü bir çox yolla göstərən qüsurlara səbəb olur. Keçmişdə bu təsirləri anlamaqda çətinlik çəkirdik.

Döyüşün psixoloji təsirləri uşağın yaş, cinsiyyət, şəxsiyyət və mədəniyyəti ilə daha əvvəllər yaşadıqları ilə bağlıdır. Hadisələrin gedişatı və uşağın hadisələrə münasibəti də əhəmiyyətli faktorlardır. Psixoloji təsirlər döyüşün yaratdığı digər problemlərdən - fiziki yaralanma, ailə üzvlərinin, evin və ya cəmiyyət dəstəyinin itkisindən yaranır.

Uşaqlar zədə aldıqdan sonra psixoloji pozuqluğun əlamətlərini göstərən, qavrama, düşünmə və dərk etmədə çətinlik çəkirlər. Bu uşaqlar yaşadıqları dəhşətli hadisələri xülyalarda, danışdıqları əhvalatlarda və ya oyun şəklində təkrar-təkrar yaşayırlar. Müharibəni yaşayan uşaqlar arasında depressiyaya və gərginliyə çox rast gəlinir.

Döyüşün yaratdığı əxlaqi çöküntü mənəvi dəyərlərə və uşaqların rəftarına da təsir edir. Qorxudan təsirlənən uşaqlarda təcavüzkar davranış özünü kobud hərəkətlərlə ortaya çıxara bilər. Bu uşaqlara, yaxınları arasında daha üstün bir gözlə baxılar. Özünə dönük davranışlarında, zərər vermə meylində, məsələn oyuncaq silahlarla oynayarkən özünü, gerçək döyüşün içində iştirak edərcəsinə hiss edər.

Cəmiyyətin müqavimətinin içində aktiv iştirak etmək və reaksiyalarını döyüşün təzyiqlərini bu yolla idarə altına almaq bəzi uşaqlar üçün psixoloji baxımdan qoruyucu da ola bilər. Uşaqlar silahlı qarşıdurmalarda rol almağa və özlərini cəsur hiss etməyə meylli olsalar da, özlərini zorla yetkin kimi aparsalar da ruhən inkişaf etməyiblər. Bu səbəbdən də bu cür həyat tərzi onların həyatında dərin izlər qoyar.

Uşaqlara istiqamətli hər hansı bir xidmət uşaqların təhlükəsizliyini zəmanətə almaq məcburiyyətindədir. Bu uşaqlara verilən xidmətin yaxşılaşdırılmasını təmin etmək üçün lazımlıdır.

Uşaqların hüquqlarını qorumaq və müdafiələrini təmin etmək məqsədi ilə yazılmış qanunlar.

Dünyada ilk dəfə 1924 -cü ildə Uşaqların hüquqlarını təmin edən bəyənnamə qəbul edilmişdir. Bu bəyənnamədə deyilirdi: "Bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin". Bu bəyənnamənin qəbul edilməsində ilk işlər Eglantyne Djebb tərəfindən edilmişdir. Birinci dünya müharibəsinin dəhşətlərinin şahidi olan, Eglantyne Djebb müharibənin dəhşətlərindən sarsılaraq, uşaqların xüsusi müdafiəyə ehtiyac duyduqlarını anladı. Bacısı Doroti Bakstonun köməyi ilə 1919-cu ildə, uşaqlara yardım, kömək göstərib, onların müdafiəsini təmin etmək üçün Londonda "Uşaqlara yardım fondu"nun əsasını qoydu.

Daha sonralar BMT -nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olundu. "Ümumdünya Uşaqlar Günü" 1954-cü ildə BMT -nin Baş Assambleyasının №836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyyə olunan bayram kimi qeyd olunub.

Və nəhayət, 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Konvensiyanı ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidirlər. Onlar daimi xüsusi təşkil edilmiş Uşaq Hüquqları Komitəsinə hesabat və həyata keçirdikləri bütün işlər haqda məlumat verirlər. Bu Konvensiya uşaqların hüquqlarını təmin edən birinci universal kodeksdir. O, uşaq hüquqlarına dair bütün məsələləri bir sənəddə cəmləşdirib.

Yeri gəlmişkən xatırlatmaq istərdim ki, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1 İyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Görəsən, heç olmasa ildə bir gün, yəni iyun ayının 1-də uşaqlar müdafiə olunurmu?

Bu kimi bir sıra qanunlar mövcuddur. Amma bu günkü reallığa nəzər salsaq, bu qanunlara əhəmiyyət verilmədiyini açıq görərik. Hazırda dünyanın bir çox ölkələrində müharibələr gedir. Hər zamanki kimi bunların ən böyük zərbəsi uşaqlara, yəni gələcək nəsilə dəyir.

Doğma Azərbaycanımız da bu dəhşətləri az yaşamayıb. Neçə əsirlərdir fasilələrlə törədilən soyqırımların bu günkü nəsildə dərin izləri görünür. Allah Təala bir daha yaşatmasın.

Sonda bütün dünya uşaqlarının daim sülh və səadət içində yaşamalarını arzu edirəm.

 

 

 

 


Gülnarə Seyidova
Bu yazıya 1798 dəfə baxılıb.