Cənnətin qarşısındakı maneə


Fatimə Zəhra
Bu yazıya 926 dəfə baxılıb.

Həzrət Peyğəmbər -sallallahu əleyhi və səlləm- buyurur:

"Cənnətdə, nəfsin sevmədikləri, cəhənnəmdə isə, nəfsə xoş gələn və nəfsin arzuladıqları vardır" (Buxari, Rikak, 28; Müslim, Cənnət, 1).

Əbdürrəhman ibn Avf (r.ə.) buyurur:

"İslam, nəfsə xoş gəlməyən çətin əmrlər gətirmişdi. Biz xeyrlərin ən xeyirlisini, nəfsin xoşlanmadığı bu çətin əmrlərdə tapdıq. Məsələn, Rəsulullah (sallallahu əleyhi və səlləm) ilə Məkkədən çıxıb hicrət etmişdik. Nəfsimizə çətin gələn bu hicrətimizlə bizə üstünlük və zəfər bəxş olundu (zəfər yolları açıldı).

Həmçinin, Allah Təalanın Qurani Kərimdə: “(Qənimətlərin bölüşdürülməsi üsulundan bə’zilərinin narazı qalması) mö’minlərdən bir dəstənin (Bədr vuruşuna getmək) xoşuna gəlmədiyi halda, Rəbbinin səni haqq (cihad) uğrunda öz evindən çıxartmasına bənzər!.. Gözləri baxa-baxa ölümə sürüklənirlərmiş kimi, haqq (Bədr vuruşunun vacib olması) bəlli olduqdan sonra belə, onlar yenə də bu barədə səninlə mübahisə edirdilər” (əl-Ənfal, 5-6) buyuraraq təsvir etdiyi hal üzrə, Allah Rəsulu ilə birlikdə Bədirə çıxmışdıq. Allah Təala burada da bizlər üçün üstünlük və zəfər lütf etmişdi.

***

Rəsulullahın (sallallahu əleyhi və səlləm) iştirak etdiyi son səfər olan Təbük, məşəqqətli, çətin bir səfər idi. İslam ordusu min kilometr yol getmiş və geri dönmüşdü. Mədinəyə qayıdarkən sanki şəkilləri dəyişmiş, dəriləri sümüklərinə yapışmış, saç-saqqal bir-birinə qarışmışdı. Hal belə ikən Rəsulullah (sallallahu əleyhi və səlləm) səhabələrinə:

"Ən xeyirli şəkildə gəldiniz. İndi kiçik cihaddan ən böyük cihada başlayacaqsınız!" buyurdu.

Səhabələr:

"Ən böyük cihad nədir?" deyə soruşdu.

Rəsulullah (sallallahu əleyhi və səlləm):

"Qulun həvəsinə qarşı olan cihadıdır", cavabını verdi (Bəyhaki, əz-Zühdü'l-Kəbir, s. 198/374; Süyuti, Məscid, II, 73/6107).

Başqa bir hədisdə Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm), həva və həvəslərinə qarşı cihad üzrə olan saleh möminləri:

"(Həqiqi) mücahid nəfsinə qarşı cihad edən kimsədir", deyə mədh etmişdir (Tirmizi, Fədailül-Cihad, 2/1621; Əhməd, VI, 20).

 

***

Bir zəfərin şərəfi, ona çatmaq üçün dözülən çətinliklər və yaşanan gözəl həyəcanlar nisbətindədir.

Həzrət Adəmin, bilinən zəlləsi, yəni qeyri iradi etdiyi bir səhv, onun cənnətdən dünyaya göndərilməsinə səbəb olmuşdur. Bu yeni məkanda nəslinin çoxalıb imtahan olunması, bir qisminin ancaq haqq qazanaraq yenidən cənnətə geri dönməsi, insanın yenidən şərəf qazanması üçündür. Ancaq bu şərəf və dəyərin artması üçün Cənab Haqq, insana "nəfs" vermişdir. "Nəfs", əldə olunacaq nəticənin şərəf və dəyərini artıran böyük bir maneədir.

İnsanları, Öz razılığını qazanmağa və cənnətə yenidən qayıtmağa sövq edən Cənab Haqq, onların önünə qoyduğu nəfs maneəsini aşmağın imkan və vasitələrini də lütf etmişdir. Bunların başında, "peyğəmbərlər"in göndərilməsi və onların bəşərə xidmətini qiyamətə qədər davam etdirəcək "övliya" və "üləma" silsiləsini yaşatması gəlir.

Həzrət Mövlana, aşağıdakı hekayəsində "nəfsin varlıq hikməti"ni belə ifadə edir:

"Ata minmiş bir əmir, ağac altında yatan bir kişinin ağzına qara ilanın girdiyini gördü. İlanı ürküdüb qaçırmaq üçün atını sürdü isə də bacara bilmədi. Bundan sonra əmir, yatan kişini faciəvi və kədərli aqibətdən qurtarmaq üçün, bütün bacarıq və məharətindən istifadə etməyə başladı. Ona var gücü ilə bir neçə qamçı vurdu. Kişi, yerindən sıçradı və döyüldüyü əmirdən qorxu içində qaçmağa başladı. Əmir, ondan əl

çəkmədi və onu bir alma ağacının altında tutdu. Ağacdan düşən çürümüş, iylənmiş almaları adamın ağzına yığaraq onu zorla yedirməyə başladı. Bir tərəfdən də:

“Ey dərdli biçarə, hamısını yeməlisən! Bu əziyyətə dözməlisən!” deyirdi.

Yazıq kişi isə, dəhşət, heyrət və çaşqınlıq içində əmrə xitab olaraq:

“Ey əmir! Mən sənə nə etmişəm ki?.. Mənə qəsdin və bu zülmün səbəbi nədir? Həqiqətən də canıma bir qəsdin varsa, bir qılınc vur, qanımı tök! Səni gördüyüm an, nə uğursuz bir zamanmış!.. Sənin üzünü görməyənlər nə bəxtiyar insanlarmış!.. Günahsız bir insana, bu zülmü, ən böyük zalımlar belə etməz. Görürsən, bu sözləri söyləyərkən belə ağzımdan qan fışqırır!.. And içirəm ki sənin qədər mərhəmətsiz və insafsız birini görməmişəm!.. Ey Rəbbim, bu zalımın cəzasını sən ver!..” deyərək lənətlər yağdırırdı. Ancaq əmir, bu sözlərə fikir vermədi. Üstəlik; “Bu düzənlikdə qaç görüm!” deyə qamçılamağa davam etdi.

Yazıq kişi, əmirin qorxusundan və qamçı ağrılarından külək kimi qaçmağa başladı. Arada bir yerə yıxılır, lakin yediyi qırmanclarla yenidən ayağa qalxıb qaçırdı. Yazığın mədəsi çürük almalarla dolmuş, qamçılardan, üzü gözü yaralar içində qalmışdı.

Buna baxmayaraq əmir, onu uzun bir müddət heç dayanmadan qaçırtdı. Yazıq kişinin yorğunluqdan addım atmağa halı qalmamışdı. Halı pisləşdi. Artıq dözə bilmədi və qusmağa başladı. Yediyi hər şey ağzından çıxırdı. Nəhayət çürük almalarla birlikdə, içindəki qara ilan da çölə çıxdı. Çaşıb qalan kişi, mədəsindən çıxan ilanın qorxuncluğu qarşısında dəhşətə gəldi. Dərhal o saleh əmirin qarşısında yerə yıxılaraq:

“Həqiqətən sən, Cəbrayılın rəhməti kimi gəlmisən! Məgər mənim vəli-nemətimmişsən! Səni gördüyüm zaman, nə mübarək zamanmış! Əgər sən olmasaydın mən çoxdan dəhşətli bir şəkildə ölüb gedərdim. Sən mənə həyat bəxş etdin. Xoş o adamın halına ki, sənin üzünü görə, yaxud qəflətən sənin məhəllənə gələ! Ey təmiz və təriflənməyə layiq olan xas qul! Cəhalət və qəflətim, sənə qarşı nə qədər axmaq sözlər dedirtdi mənə. Onlardan ötəri məni bağışla! Əgər bu halı birazca bilmiş olsaydım, nalayiq sözlər söyləməzdim. Sən xəstəsinin şəfası üçün ona acı dərman verən qüdrətli bir həkim olduğunu gizlədin. Bunu mənə azca açsaydın, səni tərifləyərdim. Lakin sən

susur, coşub köpürür və bir şey söyləmədən başıma vururdun! Nəticədə başım gicəldi, ağlım başımdan getdi və bilmədən sənə nələr söylədim. Məni bağışla; söylədiklərim qəflətimdəndir!”

Mübarək və fərasətli əmir isə belə dedi:

“Əgər mən o vaxt, sənin iç aləmindəkilərdən bir parça söyləsəydim, qorxu, səni həlak edərdi. Pişik önündəki siçan kimi məhv olar, qurda qarşı quzu kimi fani olardın. O qara ilanın necə dəhşətli olduğunu sənə bildirsəydim, qorxudan o anda pərişan olardın! Əgər sən içindəki o canavarı bilsəydin, nə alma yeməyə qüvvətin qalardı, nə yol getməyə, nə də qusaraq o qara ilanı çıxarmağa... Mən səndən eşitdiyim yersiz sözlərə səbr edir, içimdən də: “Ya Rəbbi! İlanın çıxmasını asanlaşdır! Bu biçarəni xilas et!” deyə dua edirdim. Sən mənə xoşagəlməz sözlər söyləsən də, mənim könlümdəki ilahi mərhəmət, səni o halda qoymağa razı olmadı. Çünki mənim xilqətim mərhəmətlə yoğurulmuşdur".

Bu Allah dostunun həqiqətini anlayan kişi, nə deyəcəyini bilməyir və belə deyirdi:

“Ey uca adam! Bu zəifin sənə layiqiylə təşəkkürə macalı yoxdur! Sənin bu xeyirli işini Allah mükafatlandırsın!.. Anladım ki, əhli mədəniyyətin verdiyi zəhər belə canlara şəfa, ruha qida bəxş edir...”

Həzrəti Mövlananın hekayəsində zikri keçən yatan insan, qafildir. Ağzına girən qara ilan, nəfsi əmmarədir. Əmir isə, mürşidi kamildir. Onu yuxuda ikən qamçılayaraq döyə-döyə oyandırıb çöldə bayırda qaçdırması, təqva yolunda dünya nemətlərinə qarşı mübarizəsidir. İlanın çıxışı da, nəfsi əmmarədən qurtuluşdur.

***

Müqəddəs Tuva Vadisində Allah Təala, Musa -əleyhissalam- ilə danışarkən ona, sağ əlində olan şeyin nə olduğunu soruşdu. O da:

"O mənim əsamdır. Ona söykənirəm, onunla davarlarıma yarpaq tökürəm. Mənim ona başqa yönlərdən də ehtiyaclarım vardır" (Taha, 18) deyə cavab verdi.

Allah Təala isə:

"Yerə at onu, ey Musa!" (Taha, 19) buyurdu.

Bəzi təfsirçilər, bu ayənin, həzrət Musanın iç dünyasına aid olduğunu bəyan etmişlər.

Musa -əleyhissalam-, izafətləri (fani əlaqələri) zikr edincə, Allah –cəllə cəlalühu-, bunların atılmasını əmr etdi. Nəfs və nəfsə əlaqəli olanlar, böyük bir ilana çevrildi. Həzrət Musaya nəfsin həqiqəti göstərildi. Qorxdu, ürkdü və ondan qaçdı. Ona deyildi ki:

“Ey Musa, bax bu ilan, Allahdan başqasına bağlanmaqdır. Bu xüsusiyyət, şəkillənmiş bir surətdə sahibinə göstərildiyi zaman, ondan qaçar”.

***

Ey Rəbbimiz! Bu qısa aləmdə bizləri nəfsin köləsi! Göz açıb bağlayana qədər bir an belə bizləri nəfsimizin əlində qoyma! Həqiqət dəryasında könlümüzü nurunla doldurub qəlb genişliyi ver Allahım!..

Amin!..


Fatimə Zəhra
Bu yazıya 926 dəfə baxılıb.