İslam alimlərinin hikmət dənizindən damlalar


Samirə Mahmudova
Bu yazıya 871 dəfə baxılıb.

İnsanın ən böyük imtahanı Rəbbinin var olduğunu dərk etməsidir.Fitrəti pozulmayan və ruhu xəstə olmayan hər insan Allahın var və bir olduğunu bilir, anlayır və dərk edir. Bu yoldakı dəlillər sadəcə insanı xəbərdar etmək, Allahın var və bir olduğuna dair içindəki məcburi bilgini inkişaf etdirmək üçündür. Maqnit ilə dəmir bir-birinə yaxınlaşınca, maqnit dəmiri necə özünə çəkirsə, insan da daxili və xarici dünyasına nəzər saldıqda kainatda Allahın varlığını sübut edən hadisələrə və nişanələrə baxaraq Allahı anlaya və dərk edə biləcək qabiliyyətdə yaradılmışdır. Elə buna görədir ki, İslam aləminə bir sıra elmi töhfələr verən, doğru yolu tapmaqda Quran və Sünnədən sonra müraciət edəcəyimiz insanlar olan İslam alimləri, ömürlərinin böyük bir qismini Allahın var olması ilə əlaqədar onlara verilən suallara cavab verməklə keçirmişlər. Dərk etmə və qavrama qabiliyyətinə sahib olan insanlar bu alimlərin qənaətbəxş və təsiredici sözləri ilə dininə sıx bağlanmış, kafir və müşrik olanları da Allahın varlığını qəbul edərək İslamla şərəflənmişlər. Bu alimlərin onlara ünvanlanan suallara verdikləri cavablar isə çox ibrətamiz və hikmətlidir. Aşağıda qeyd olunan hadisə bu nöqteyi-nəzərdən çox əhəmiyyətlidir:

Məşhur İslam alimi İmam Əbu Hənifə bir gün tələbələri ilə elm məclisində dərs verirmiş. Qəflətən yolundan azan bir dəstə adam elm məclisinə daxil olaraq onu öldürmək üçün qılınclarını qınından çıxarırlar. Lakin böyük imam bu çətin anda belə səbirli davranır, mətanətini qoruyur və onlara belə bir təklif edir: sizə bir sual verəcəyəm, bu suala cavab verə bilsəniz məni öldürə bilərsiniz. Sualıma cavab verin, sonra istədiyinizi edin. Onu öldürmək niyyətində olanlar bu təkliflə razılaşırlar. İmam Əbu Hənifə sözlərinə belə davam edir: “Sizə bir adam gəlib, “Mən silah və əşya dolu bir gəmini, sahilə çırpan dalğalar, müxtəlif yöndən əsən fırtınalar arasında dənizin ortasında gördüm. Onu idarə edən nə bir kapitan, nə də işçi var idi” desə, sizcə bu əqlən mümkündür?” Onlar da “Təbii ki, bu ağlın qəbul etməyəcəyi bir şeydir” – dedilər. İmam Əbu Hənifə: “Sübhanallah! Gəminin dənizdə kapitansız və işçisiz üzməsi əqlən mümkün deyilsə, bəs fərqli halları, müxtəlif vəziyyətləri, ucsuz-bucaqsız genişliyi və uzunluğuna rəğmən bu dünyanın heç bir yaradıcısı və qoruyucusu olmadan ayaqda durması necə mümkün ola bilər?” –dedi. Bu məntiq qarşısında onlar “Doğru deyirsən” deməkdən və tövbə etməkdən özlərini saxlaya bilmədilər.

Bir başqa vaxt yenə bir adam Əbu Hənifənin yanına gəlib ona belə bir sual verdi: “Ey imam, Rəbbini gördünmü? İmam: “Rəbbim nöqsanlıqdan münəzzəhdir, onu ağıl idrak edə bilməz”. Adam “Sən onu duydun? Duyğularınla Onun varlığını hiss etdin? Ona toxuna bildin?” dedi. İmam: “Rəbbim münəzzəhdir. Onun heç bir bənzəri yoxdur. O, hər şeyi eşidən və görəndir”- dedi. Adam: “Onu görmədin, hiss etmədin, ona toxunmadın deyirsən, bəs Onun var olduğunu necə deyə bilərsən?” dedi. Bu səfər İmam həmin adama sual verməyə başladı: “Sən heç ağlını gördün mü?” Adam: “Xeyr” dedi. İmam: “Ağlını duyğularınla hiss etdinmi?” dedi. Adam: “Xeyr” dedi. İmam: “Ağlının səsini eşitdinmi?”- dedi. Adam: “Xeyr”- dedi. İmam: “Ağlına toxundunmu?”- dedi. Adam: “Xeyr” cavabını verdiyi zaman İmam: “Yaxşı, elə isə de görüm ağıllısan, yoxsa dəlisən?”-dedi. Adam: “Ağıllıyam”- dedi. İmam: “Bəs onda ağlın hanı?” dedi. Adam: “Amma ağlım var”-dedi. Bunun üzərinə İmam: “Onun kimi Allah da vardır. Allah hər şeyin üstündədir, amma altında heç bir şey yoxdur. Onun heç bir bənzəri yoxdur. O, hər şeyi eşidən və görəndir”- cavabını verdi.

Digər böyük İslam alimi İmam Şafeiyə belə bir sual ünvanlanır: “Yaradıcının varlığının dəlili nədir?” O belə cavab verir: “Tut yarpağıdır. Belə ki, onun dadı, rəngi və qoxusu eynidir, sizə görə də elə deyilmi?” “Bəli” - deyirlər. İmam Şafei sözünə belə davam edir: “Ancaq onu ipək böcəyi yeyər, ipək çıxar. Arı yeyər, bal çıxar. Qoyun yeyər, peyin olar. Ceyran yeyər, müşk kisəsindən müşk çıxar. Hamısının yediyi eyni şey olduğu halda, hər birini fərqli qılan şey bəs nədir?” Bu cavab qarşısında sayları on yeddi nəfərə çatan bu insanlar utanar və İslamı qəbul edərək müsəlman olarlar.

Məşhur İslam alimi İmam Əhməd ibn Hənbələ Allahın varlığı haqqında sual verildiyi zaman O, heç bir açıq yeri olmayan tam qorunmuş möhkəm bir qalanı misal verər. Qalanın çölü əridilmiş gümüşdən, içi isə saf, təmiz qızıldandır. Sonra divarlar yarılınca içindən görən və eşidən bir məxluq çıxarsa bunu yaradan biri olmalıdır. Bununla imam qala ilə yumurtanı, içindəki məxluqla cucəni misal vermişdi.

Bir başqa böyük İslam alimi İmam Malikə Allahın varlığı haqqında sual verildiyində o, yaradılan insanların irq və dillərinə diqqət çəkmiş, müxtəlifliyinə işarət edərək Rum surəsinin 22- ci ayəsini misal göstərmişdir:

Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda bilənlər (ağıl və elm sahibləri) üçün (Allahın vəhdaniyyətinə, Onun hər şeyə qadir olmasına dəlalət edən) nişanələr vardır!

Tanınmış İslam alimi İmam Cəfər Sadiqin yanına bir nəfər gələr və Allahın varlığı xüsusunda onunla mübahisəyə başlayar. İmam Cəfər ona: “Sən heç gəmiyə minib dənizə çıxdınmı?” - deyə soruşar. O, “bəli” cavabını verincə İmam ona belə bir sual verər: “Dənizin dalğaları arasında qorxulu anlar yaşadınmı? O da: “Bəli, bir gün elə qorxunc bir fırtına əsdi ki, gəmiləri çırpıb parça-parça elədi, dənizçiləri suda boğdu. Mən də bir taxta parçasından tutdum. Nəhayət ki, bu çılğın dalğalar məni sahilə kimi gətirdi”. İmam Cəfər: “Başda dayağın və güvənəcəyin şey gəmi və onun kapitanı idi. Sonra onlar əldən gedincə bir taxta parçasına bel bağladın. Bunlar da əldən çıxınca özünü ölümə tərk etdin, yoxsa hələ də qurtulacağına ümidin var idi?” - deyə soruşdu. Adam: “Əksinə, hələ də qurtulacağıma ümidim var idi” – dedi. İmam: “Kimə ümid edirdin” – deyə soruşunca adam susdu. İmam Cəfər Sadiq belə buyurdu: “O vaxt səni xilas edəcəyini ümid etdiyin güc Yaradanındı və boğulmaqdan da səni o xilas etdi”.

Göründüyü kimi insanlıq aləminə parlaq zəkaları və bəsirət gözlərinin açıq olması səbəbilə hikmət dəryalarından damlalar bəxş edən bu mübarək insanlar, ömürlərini Allahın rızasını qazanmaq yolunda sərf etmiş, neçə qafil, qaranlıq dünyası ilə boğuşan insanları haqq yoluna çəkərək müdriklik və əzmkarlıq göstərmişdir.

Allah onların hamısından razı olsun. Amin!


Samirə Mahmudova
Bu yazıya 871 dəfə baxılıb.