Evimiz və Rənglər


Mətanət Kərimova
Bu yazıya 722 dəfə baxılıb.

Rənglərin insanın həyatında rolu danılmazdır. Dünyanı rəngli görmək böyük xoşbəxtlikdir. Rənglər ehtiva etdikləri az və çox enerjiləri ilə bizə təsir edirlər. Emosional, zehni və fiziki dünyamıza müsbət və mənfi cəhətdən təsir etmə gücünə sahibdirlər.

Rənglər ürək damarlarının yığılma ritminə, nəfəs tezliyinə, arterial təzyiqə və əzələ gərginliyinə təsir edir. Belə ki, sarı otaqda nəbz normal, mavidə yavaş olur, qırmızıda isə döyünmə artır. Əgər gözləri bağlı adamın üstünə qırmızı işıq salsan, o qollarını yana açmağa çalışır, göy rəng salsan, əllərini bir yerə yığmağa çalışır. Bu, beyin strukturunun aktivləşmə dərəcəsi ilə bağlıdır: qırmızı rəngin oyandırıcı effekti göy rəngdən daha çoxdur.

Otaqları boyayarkən insanın bioloji tələbatı nəzərə alınmalıdır. Bu daha çox divar kağızı və pərdələrə aiddir. Ailə üzvlərinin birinin daha çox vaxt keçirdiyi, kitab oxuduğu, zehni işlə məşğul olduğu otaqda yaşıl rəngə üstünlük vermək, göy və mavi rəngdən istifadə etməmək məsləhətdir. Əks halda bu otaqda çalışan yuxuya meyl edər. Artıq sübut olunub ki, mavi rəng rahatlıq və yuxu gətirir. Bu səbəbdən də yataq otaqlarını bu rəngə boyamaq məsləhətdir.

Bu səbəbdən evimizdə istifadə etdiyimiz rəngləri seçərkən bizə müsbət təsir edən və bizi rahatladan rəngləri seçməliyik. Rənglərin mənalarına və hansı rəngin harada istifadə olunacağına dair qısa məlumatlarla tanış olaq:

Qırmızı

Bu rəng fəallıq və dinamizm rəngidir. Qida qəbul olunan otaqda qırmızı rəngin olması iştahı artırır. Mətbəx və uşaq otaqlarında istifadə etmək olar. Bu rəng əsəb sisteminə ağrıkəsici təsir edir, həzm prosesini nizama salır. Qırmızı rəngi xoşlayan uşaqlar səmimi və fəal olurlar.

Narıncı

Bu rəng insan əhval-ruhiyyəsini qaldırır, paklıq və sağlamlıq rəngidir. Öz keyfiyyətlərinə görə bu rəng qızmar isti, enerji, yetkinlik, sevinc və mehribanlıq simvoludur. Mətbəxdə, uşaq otağında, yemək otağında isti bir mühit yaradır. Çalışma otağı və yataq otağı üçün uyğun deyil. Narıncı rəngi sevən insanlar hərəkətli, şən və ictimai əlaqələri qüvvətli olurlar.

Sarı

Sarı rəng elm, müşahidə və analizlə bağlıdır. Öz keyfiyyətlərinə görə sarı var-dövlət, arzu, fantaziya, cəsarət, sevinc, yaxınlıq, dostluq, gənclik, həmçinin paxıllıq və qısqanclıq rəngidir. Bulanıq sarı rəng kədər, qəm deməkdir. Çalışma otaqlarında istifadə edilməməlidir. Zehni bulandırıb qarışıqlığa yol aça bilər. Mətbəx üçün çox uyğundur. Sarı rəngi xoşlayan uşaqlar yaradıcılığa daha meylli olurlar. Onlar təklikdə oynamağı, abstrakt oyuncaqları sevir. Belə uşaqlar böyüyəndə azad, orijinal və fərqli düşünən olur. Geyimində sarı rəngə üstünlük verənlər avantürist və xülyaçı olur. Bu insanlar hamı ilə dil tapmağı bacarır, xəyallara dalmağı xoşlayır.

 

 

Yaşıl

Sağlamlığın, paylaşmağın, comərdliyin rəngidir. Sakitləşdirir, güvən və hüzur verir. Bu rəngdən bir sıra ruhi sarsıntıların müalicəsində, isteriya və əsəb yorğunluğunda istifadə edilir. Açıq tonları mətbəx üçün uyğundur. Tünd rəngləri döşəmələrdə, kafellərdə istifadə oluna bilər. Həyət və giriş yerlərində istifadə edildikdə hüzur verir.

Mavi

Mavi müdriklik, sədaqət, sakitlik rəngidir. Ümid, inanc və sərbəstlik hisslərini aşılayır. Sakitlik, stresdən uzaqlaşma məqsədli yerlərdə istifadə olunur. Hərəkətin və çalışmanın çox olduğu yerlərdə istifadə olunmamlıdır. Bu rəngi seçən uşaqlar sakit, təmkinli olur, hər şeyi tələsmədən edir, divanda kitabla uzanmağı, düşünməyi, götür-qoy etməyi sevir.

Bənövşəyi

Bənövşəyi rəng çox güclü təsirə malikdir. Əsaləti, etibarı və özünə inamı təmsil edir. Bu rəngə üstünlük verənlər həssas, tez inanan və qıcıqlanan olur. Bu rəngi seçənlər təsir bağışlamağı xoşlayan və özləri də tez təsirlənən olurlar. Açıq tonları yataq otaqlarında və çalışma otaqlarında istifadə edilə bilər. Xəstəxanaların gözləmə otaqları bənövşəyi rənglə bəzədilə bilər. Çünki bu rəng özünə inam duyğularını hərəkətə gətirir.


Mətanət Kərimova
Bu yazıya 722 dəfə baxılıb.