Məktəbəqədər yaşda uşaqların təlim və tərbiyəsi


Həsənova Gültəkin
Bu yazıya 568 dəfə baxılıb.

Məktəbəqədər yaşlı uşaqlarda dini təsəvvürləri formalaşdırmaq lazımdırmı?

Bəzilərinə bu qəribə, lüzumsuz, hətta təhlükəli gələ bilər. Amma əslində uşaqda şüuraltının formalaşdığı bir dövrdə, onda Yaradana qarşı sevgi, şükür, yaradılana qarşı isə mərhəmət və ədalət duyğularının aşılanması onun sağlam düşüncəli bir şəxsiyyət kimi formalaşmasında əvəzedilməz rol oynaya bilər. Bir mühüm məsələni də diqqətdən qaçırmamaq lazımdır. Tarixən bir millətin qiyməti öz mənəvi dəyərlərini yaşaya bildiyi və sonrakı nəsillərə çatdıra bildiyi ölçüdə bilinir. Mənəviyyatın tənəzzül keçirdiyi dünyada hər bir sağlam düşüncəli valideyn övladlarına bu dəyərləri aşılamalı, öyrətməlidir.

Allaha iman və Onun təsəvvürünün uşağın həyatına necə təsir edə bilər?

Qəribə görünsə belə, deməliyik ki, Allah təsəvvürü insan oğlunun bütövlükdə həyata baxışını və münasibətini formalaşdırır. Allah təsəvvürü doğru olan insan, həmçinin uşaq, heç vaxt depressiyaya düşməz. Acı da olsa, deməliyik ki, bu gün dünyada yaşanan psixoloji dram insanın Allahdan qoparılmış bir tərbiyəyə məruz qalmasının nəticəsidir.

Məlumdur ki, uşağın koqnitiv (idrak) inkişafı ilə ətraf aləmlə əlaqə qurma yolları arasında sıx bir bağlılıq mövcuddur. Koqnitiv inkişaf ətraf aləmlə sağlam, dərin və mənalı bir əlaqənin qurulması ilə mümkündür. Modern həyat isə uşağın digər varlıqlarla kerçək əlaqə qurmasını əngəlləyir, gerçək aləmin yerini “digital” vasitələrlə əldə olunan və gerçək olmayan virtual aləmlər alır. Yəni uşaqların ünsiyyət və ətraf aləmlə əlaqədə olmaq ehtiyacı bu gün həmin o “digital”lara bağlanıb. Uşaq valideynləri ilə belə bu vasitəylə ünsiyyətdədir. Bu ünsiyyət formasına “ani ünsiyyət” demək olar. Ətraf aləmlə ani ünsiyyət qurmaq yolu uşaqda koqnitiv imkanların korlaşmasıyla bərabər diqqət dağınıqlığı və hiperaktivliyin artmasına, eləcə də digər psixo-nevroloji patalogiyaların əmələ gəlməsinə səbəb olur.

Niyə belə olur? “Axı haqqında öyrəndiyi varlığı uşaq vizual olaraq şəkildə, yaxud digər “digital” vasitələrlə görərsə, bunda pis nə ola bilər?” - deyə valideynlər, həmçinin tərbiyəçilər də etiraz edə bilərlər. Məsələ burasındadır ki, koqnitv qabiliyyətlərin inkişafı Allahın insana bəxş etdiyi beş hissiyat orqanının inkişafı ilə

sıx əlaqədədir. Özünüz düşünün. Güllər qoxlanmadan, toxunulmadan seyr edilir. Bu bir anlıq əlaqəyə “əlaqə” demək çətindir. Nəticədə valideynlər uşağa “dünyanın gözünü” də alsalar, onu heç cür məmnun edə bilmirlər. Edə bilməzlər, çünki insan, tək maddi tərəfdən ibarət olan bir varlıq deyil. Alınanlarla maddi tərəfi doyuzdurmaq olar, amma mənəvi tərəfi deyil. Uşaqların bu mənəvi aclığı onların Kainatdan qoparılmaları ilə bağlıdır.

Bu günkü dünyaviləşmiş təhsil sistemlərində yaşanan digər problemlərdən biri də ətraf aləmlə əlaqə qurarkən uşaq təsəvvüründə Yaradanın yer almamasıdır. Məsələ burasındadır ki, ətraf aləmin, yəni Kainatın uşaq aləminə daxil olması həm də uşağın bu varlıqlarla bağlılığının onun dünyasına daxil olmasıdır. Yəni bu proses duyğusuz bir proses deyildir. Və burada ən önəmli məqam uşağın Kainatla əlaqəsinə Allahın qatılmasıdır. Uşaq Kainatla nə qədər dərin bir əlaqədə olursa olsun, əgər bu əlaqə Allaha bağlanmırsa, o zaman Kainat uşağa qarışıq, incidici, nəhəng və qorxunc gələcəkdir. Kainat nə qədər insanın içinə qatılırsa qatılsın, insan yenə də bundan doymaz, məmnun olmaz. Çünki “Qəlblər yalnız Allahı anmaqla doyar” (Qurani-Kərim, Rad surəsi,5). Uşağın əsl ehtiyacı Yaradanın onun qəlbinə yerləşməsidir ki, bunun ən doğru yolu Allahın Kainatda görünən xüsusiyyətləri vasitəsiylə insanın qəlbinə yerləşməsidir. Bu xüsusiyyətlərə “Allahın ən gözəl adlarının təcəlliləri” deyilir.

Uşaq üçün əsas ehtiyaclardan biri də özünü güvəndə hiss edə bilməsidir və bu güvənlilik hissi onun koqnitiv inkişafına təsir edən ən güclü amillərdən biridir. O, yalnız Yaradanla qurulacaq bir əlaqə ilə özünü güvəndə hiss edə biləcəkdir. Bu bir pazl oyununa bənzəyir. Siz pazlın parçalarını bir araya yığıb bütöv bir tablonun alınmasına çalışırsınız. Bax o son pazl parçasını yerinə oturtduğunuz an keçirtdiyiniz məmnunluq hissi, yaxud da “Kainat pazlının” bir Yaradanı olduğunu anladığınız an keçirəcəyiniz məmnunluq hissi... Bunlardan hansı daha mühüm və daha qalıcıdır?

Valideynlər adətən öz uşaqlarının gələcək həyatı ilə bağlı xəyallar qururlar, onların ağıllı və xeyirxah olmalarını arzu edirlər. Lakin unudulan bir həqiqət var – uşaqların uşaqkən Yaradana ehtiyacı var. Valideynlərin və tərbiyəçilərin tərbiyə işində diqqət yetirməli olduqları ən önəmli məqamlardan biri budur.


Həsənova Gültəkin
Bu yazıya 568 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.