Xalqımızın "El atası"


GÜNEL İSMAYİLOVA
Bu yazıya 850 dəfə baxılıb.

Uca Allah Qurani-Kərimdə möminlərin vəsflərini sadalayarkən onların qeybə inanmaq kimi, namaza bağlılıqları kimi önəmli xüsusiyyətlərilə bərabər, bir də onların infaq edici olduqlarını buyurmaqdadır. Yəni Allahın (c.c.) bütün məxluqatına şəfqət və mərhəmətilə ehsan etdiyi kimi, möminlərin də Allahın qullarına qarşı onlara verilən ruzilərdən ehsan sahibi olmalarıdır. Comərdliklərilə, yardımsevərliklərilə ümməti Muhammədin zehnində və könlündə özlərinə əbədi yer etmiş neçə-neçə ərlər vardır. Bunlardan birisi də Əhli-Beytin Zeynəlabdini, Ümmətin Zeynəlabdinidir. Gecələr yoxsulların və möhtacların qapılarına kürəyində yardım daşımaqdan çiyinləri yaralı Zeynəlabdin... Ondan sonra neçə-neçə Zeynəlabdinlər gəlib-gedib zaman içərisində... O cümlədən xalqımızın da Ondan nəsibini almış bir Zeynəlabidini var. Dininə bağlı, irsinə və el obasına bağlı. O Zeynəlabidin ki, 1838-ci ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olmuş, 10 yaşında olanda isə anası Ümmü xanım vəfat edir. Yoxsulluğun ucbatından atası onu 10 yaşında bir bənnanın yanına palçıq daşıyan qoyur. 15 yaşında bənnalıq edən Tağıyev 20 yaşında artıq müəyyən qədər vəsait toplayaraq ev tikintisi və daşyonma işləri təşkil edir. Daha sonra isə o ticarət və sənayedə də böyük müvəffəqiyyətlər əldə edir. Tağıyev 1873-cü ildə 2 nəfərlə şərik olub Bibiheybətdə icarəyə yer götürür, onun quyusu gözlənilmədən fontan vurur. Bununla da başmaqçı Tağının oğlu palçıqçı Zeynəlabdin milyonçu olur.

Tağıyevlə bağlı xalqın yaddaşında qorunan xatirələr bu gün də canlı və maraqlıdır. Deyilənə görə, Tağıyev uzun illər işlətdiyi baltanı zəngin evinin ən görkəmli yerində divardan asıbmış. Buna təəccüblənənlərə belə cavab verirmiş: “Hər gün bu baltanı görüb, keçmiş günlərimi unutmuram”. Elə unutmadığı üçün də ömrü boyu yoxsullara və möhtaclara yardımını əsirgəmədi. İlk yaratdığı xeyriyyə cəmiyyəti də Müsəlman Xeyriyyə Cəmiyyəti oldu. O hər zaman milli-mənəvi dəyərlərinə mərdcəsinə sahib çıxardı. Tarixi mənbələrdən aydın olur ki, III Aleksandrın tacqoyma mərasimində Zaqafqaziya müsəlmanlarını

Tağıyev təmsil edirmiş. III Aleksandr öz əyalları ilə tanış olarkən Tağıyevi, rusca başa düşmədiyini zənn edib deyirlər ki, əlahəzrət, bu şəxs vəhşi xalqın nümayəndəsidir. Tağıyev isə cavab verir ki, “Mənim xalqım vəhşi deyildir. Biz çoxəsrlik tarixə malikik”. O yazma və oxuma bilməməsinə rəğmən bütün Rusiyada öz mesenatlığı və maarifpərvərliyilə tanınmışdır. Məktəblər tikdirən, o cümlədən Azərbaycanda 1901-ci ildə 300 min manat sərf edərək qızlar üçün məktəb tikdirmişdir. Tağıyev, müsəlman qaraguruhçuları işə mane olmasın deyə müsəlmanların müqəddəs ziyarətgahlarındakı müctəhid və din xadimlərinə sənəd və şəhadətnamə təsdiq etdirir ki, qızların elm oxumalarında heç bir xilaf yoxdur, əksinə, bu çox vacib və lazımdır. Qaraguruhçular yenə coşurlar. Bununla da yetinməyib qizlarını bu məktəbə qoyanlardan evinə girib öldürdükləri də olmuşdur. Tağıyev qaraguruhçulardan birinə səslənir: “Qulaq as, bəs srağa gün 20 yaşlı ortancıl qızın sancılanmışdı, az qalmışdı ölsün. Lopabığ Ambarsum həkimi gətizdirdin qızı yoxladı, dava-dərman elədi. İndi de görüm lopabığ Ambarsumun əvəzinə müsəlman arvad həkimi olsaydı, şəriətə hansı düzgün gələrdi?”

Əlbəttə ki, bu bir cahillikdir. Ümumi baxanda indi də vəziyyət fərqli deyil. Hal-hazırda da təsadüf deyil ki, çox vaxt mütəxəssis qadın həkimi olmadığı üçün kişi həkimlərə baş vurulur. Və ya əksinə. O zaman yalnız dünyəvi elm tərk edilərək “din yaşanmaq” istənirdi, indi isə din tərk edilərək yalnız dünyəvi elmlərə rəğbət çoxaldığı üçün halal-haram, məhrəm-naməhrəm hüdudları pozulmuşdur.

Ümid edirik ki, dinin azadlığı və elmin inkişaf etdiyi bu çağımızda bu tarazlığı qoruya bilən nəsillər yetişəcəkdir...

100 illik müqavilə

Yəqin ki, mövzunun adına baxıldıqda bu müqavilənin kiminlə əlaqədar olduğu bir çoxumuza məlumdur. Bəli, mövzumuz yenə Zeynəlabdin Tağıyev haqdadır. Onun bir neçə xatirəsini sizlərlə paylaşmaq istədik. Tağıyevin xalqına qarşı bir sıra xidmətlərilə bərabər, həmçinin

azərbaycanlıların xaricdə təhsil almasına kömək etmişdir. Bu gənclərdən olduqca məşhur olanlar da var, məsələn, M.Ə.Rəsulzadə, N.Nərimanov.

1918-ci ildə Bakıda və Azərbaycanın digər yerlərində erməni və ruslar tərəfindən türklərə qarşı qətliamlar həyata keçirilir. Bu ağır vaxtda Tağıyev xalqının yanında olur və xalqın silahlanmasına maliyyə yardımı göstərmişdir. İlk milli cümhuriyyətimiz dövründə o, müstəqil dövlətimizi dəstəkləmişdir.

Tağıyev 1911-ci ildə Almanyaya səfəri zamanı orada yerləşən bahalı restoranlarından birində nahar etmək qərarına gəlir. Hacının üzündə həmişə saqqal olardı və o restorana daxil olaraq künc masalardan birində əyləşir. Gözləyir ...ancaq xitmətçi onu aşağı təbəqəli şərqdən gələn bir insan hesab edərək ona yaxınlaşmır. Hacı çox gözlədikdən sonra restoranı tərk edir. Bir müddətdən sonra restoran rəhbərliyi xəbər tutur ki, onların saqqallı və şərq görünüşlü qonağı Bakıdan gələn bir millionerdir. Cəld şəkildə ağanın dalıyca bir elçı göndərirlər. Onu restorana gətirərək üzr istəyirlər və onun üçün 20 nəfərlik bir masa açıb müxtəlif təamlarla bəzəyirlər. Hacı soruşur: “Bu masanın bir günlük qiyməti nə qədərdir?” rəhbərlik hesablayır və cavab verir. “Bəs 1 həftəlik?...bəs 1 aylıq?...bəs 1 illik?...bəs 100 illik?” Rəhbərlik sualdan son dərəcə çaşqın olsalar da hesablayıb cavab verirlər. O restoran rəhbərliyilə 100 illik müqavilə imzalayır və müqavilədə qeyd olunur ki, 100 il ərzində bu restorana gələn hər bir müsəlman belə bir masada təmənnasız yeyib içsin. Və belə də olur. Və yalnız 2011-ci ilin yanvarında Almaniyanın səfirliyi Azərbaycan səfirliyinə məktub yazaraq qeyd edir ki, 1911-ci ildə sizdən bir azərbaycanlı belə bir 100 illik müqavilə imzalamışdır. İndi aranızda bu müqaviləni uzadacaq bir kişi varmı?

Bir gün Axund Hacı Turab Tağıyev üçün Yasin surəsini oxuyub tərcümə edirdi. 82-ci ayəyə, yəni “Allah bir şeyə iradə eləsə, ona “Ol” deyər , o da olar” çatanda, Hacı soruşdu, yəni mənim bu qədər var-dövlətim var. Allah istəsə bir anın içində əlimdən alar? Axund cavab verir ki, bəli!

Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə demək olar ki, bütün sərəvəti əlindən alınan Hacı vəsiyyət edir ki, öləndə onu Hacı Turabın ayağının altında dəfn etsinlər, “Onun ayağı bildiyini mənim başım bilmir”.

H.Z.Tağıyevin zamanında bir çox milyonçu və xeyriyyəçilər vardı. Amma o etdiyi xeyriyyəçiliyiylə özünü Rəbbinə sevdirməsi ixlası nisbətindədir. Rəbbi də onu sevdiyi üçün onu daim bəndələrinə sevdirməkdədir. Onun xatirəsi həmişə canlı tutulur və adı yaşadılmağa çalışılır.

Yeni-yeni Zeynəlabdinlərin yetişməsi ümidilə...


GÜNEL İSMAYİLOVA
Bu yazıya 850 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI
  • Xalqımızın "El atası"