Könlümüzün aynası


Səma Bəşirli
Bu yazıya 1181 dəfə baxılıb.

Bəzən aynadan sonrasını görmək çətin gəlir bizə... Bəzən həqiqətlərin üstünə pərdə çəkir, yalanlara inanırıq, bəzən də bir şeyin həqiqətini bilmədən gördüyümüz şəklə inanırıq. Kimi zamanlarda aynanı açıb çölə baxmaq lazımdır ki, ruhumuz pəncərəni açmadan könlümüzdə çəkdiyimiz rəsmin həqiqətini göstərsin. Bəzən dünyanı buludların göz yaşları bürüsə də göy qurşağı üçün hər zaman bir yer vardır. Bəzi zamanlarda ən böyük səsdir susmaq... İnsanın içindəki səsi dinləməsidir... Bir səs aynadakı doğrunu qulağımıza fısıldayarkən, digər səs də səhvin rəsmini çəkər ruhumuza... Kim bilir neçə ayna var könlümüzdə... Bəlkə də önəmli olan neçə aynanın olması deyil, hansı aynadan həyata baxmağımızdır. Bəlkə də önəmli olan içimizdəki qəzəbi susdurub o pəncərəni bağlayaraq sevgi ilə baxa bilməkdir. Bəlkə də önəmli olan kiçik görünən ürəyimizi mərhəmət sarayına çevirə bilməkdir. Əgər ürək daşımağın adı insanlıq olsaydı yəqin ki, heç kəs üzülməzdi. Lakin ürək daşımağın adı deyil insanlıq... İnsanı insan edən ət parçası deyil, onun içindəkilərdir. Ağzımızı açarkən sərf etdiyimiz sözlərdir bizim dəyərimiz... Bir başqasına verdiyimiz dəyər, əslində, özümüzə verdiyimiz dəyərdən ibarətdir, çünki insan olan dəyər verməyi və vəfa göstərməyi biləndir. Dəyər verirmiş kimi görünmək deyil, həqiqətdə dəyər verməkdir insanlıq... Çünki saxtakarlıq necə olursa olsun oxunar insanın simasından. Bir gül nə qədər gözəl olursa olsun, təbii deyilsə həqiqi gülün yerini heç vaxt verməz. Könül insanı olmaqdır ürək daşımağım adı... Həyata həqiqət pəncərəsidən baxan insan ola bilməkdir. Sadəcə öz doğrularıyla yaşayanlar deyil, başqalarının doğrularına da həyatlarında yer verməkdir İNSANLIQ...


Səma Bəşirli
Bu yazıya 1181 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.