Allah Səni Mümtaz (üstün) qıldı


Atakişizadə Əsmayə
Bu yazıya 737 dəfə baxılıb.

Allah Rəsulunun risalətinin onuncu ili idi. Günlər özü ilə birlikdə hüznü də gətirmişdi. İşgəncələr, çətinliklər və nəhayət, özünü düşmənlərinə qarşı himayə edən əmisi Əbu Talibin 87 yaşındaykən vəfatı... Bu acı ölümün üzərindən daha bir neçə gün keçməmişdi ki, Peyğəmbərimizin can yoldaşı Həzrəti Xədicə xəstələndi.Yorğunluq, sürgün düşdükləri yerdə məruz qaldıqları təzyiq, zülüm və məhrumiyyət, 65 yaşındakı Həzrəti Xədicəni zəiflətmişdi.

O artıq, 25 illik xoşbəxt və müstəsna bir evlilik sonrasında möhtərəm həyat yoldaşı, Allah elçisinə və bu fani aləmə vida etmənin ərəfəsində idi.

Onun ayrılıq anının yaxınlaşdığını anlayan Allah Rəsulu:

“- Ey Xədicə, Allah səni mümtaz qıldı. Səni İmranın qızı Məryəm ilə Fironun həyat yoldaşı Asiyədən üstün qıldı” - diyə nəzakət göstərdi.

Əbu Talibin vəfatının üçüncü günü, Həzrəti Xədicə anamız da altmış beş yaşında dünyasını dəyişdi.

Peyğəmbərimiz -sallallahu əleyhi və səlləm- hicrətdən üç il öncə, ardıcıl gələn bu vəfatlara çox kədərlənmiş və həmin ilə “amul-hüzn”, yəni “hüzün ili” adını vermişdir.

Hüzün ili deyildi o illərə... “Hüzün” nə deməkdir? Ürəyindəki acının bir ömür boyu davam etməsi, yəni ancaq o acını hiss etməkdir. Peyğəmbərimiz – sallallahu əleyhi və səlləm- bir ömür boyu, bir neçə dəfə evli olmasına baxmayaraq, həyatında Həzrəti Xədicənin əskikliyini hər an hiss etdi və onun üçün darıxdı.

Həzrəti Peyğəmbərimiz –sallallahu əleyhi və səlləm- Həzrəti Xədicəni dəfn etmək üçün Məkkənin Hacun adında olan qəbiristanlığa apardı. Onu öz mübarək əlləri ilə dəfn etdi. O günlərdə hələ cənazə namazı vacib sayılmırdı. Sonra isə Həzrəti Peyğəmbər tez tez qəbiristanlığa gedib onun qəbrini ziyarət edirdi.

 

Peyğəmbərimizin uşaqlarının anası

Peyğəmbərimizin Həzrəti Xədicədən ikisi oğlan, dördü qız olmaqla; ümumi altı uşağı dünyaya gəlmişdir. Bu şirin uşaqlar bunlardır: Qasım, Zeynəb, Ruhiyyə, Ümmü Gülsüm, Fatimə, Abdullah...

İlk anadan olan oğlan uşağının adı “Qasım” olduğu üçün, Ərəb adətlərinə görə, Peyğəmbərimizə “Əbul-Qasım” ləqəbi verilmişdir.

Həzrəti Xədicə anamızın ən sonuncu dünyaya gətirdiyi uşaq isə, Abdullahdır. Peyğəmbərimizə nübüvvət verildikdən sonra dünyaya gəldiyi üçün ona “ət-Tayyib” və “ət-Tahir” ləqəbləri verilmişdir. Bəziləri bu iki ləqəbi, Peyğəmbərimizin fərqli uşaqları bilirdilər. Halbuki bunlar Abdullahın ləqəbləridir.

Oğlan uşaqları, çox kiçik yaşda vəfat etmişdilər. Hətta ilk anadan olan oğlu Qasım, hələ süddən kəsilməmiş və yeriməyə başlamadan əvvəl, təxminən iki yaşında vəfat etmişdi.

Peyğəmbərimizin uşaqları arasında ən gənc vəfat edən qızı isə, Həzrəti Fatimədir; o da Peyğəmbərimizin vəfatından altı ay sonra dünyadan köçmüşdür. Həzrəti Fatimədən başqa bütün uşaqlar, Peyğəmbərimiz həyatda olarkən vəfat etmişdir.

Peyğəmbərimizin Həzrəti Xədicədən başqa, bir də Həzrəti Mariyadən İbrahim adında bir oğlu dünyaya gəlmişdir ki, o da hələ iki yaşında olarkən vəfat etmişdir.

Peyğəmbərimizin qızlarının ən böyüyü Zeynəb, xalasının oğlu Əbul As bin Rabiə ilə evlənmişdi. Nübüvvətdən sonra yoldaşı bir müddət müşrik olaraq qaldığı zaman Həzrəti Zeynəb, ondan ayrılmış, lakin sonradan yoldaşının müsəlman olması ilə onunla yenidən nikaha girmişdir.

Digər iki qızı, Ruqiyyə və Ümmü Gülsüm isə, birinci Əbu Ləhəbin Utbə və Uteybə adlı oğulları ilə evlənmişdilər. Lakin İslamiyyətin gəlməsi ilə, qəddar müşrik Əbu Ləhəb, oğullarını Peyğəmbərimizin qızlarından məcburi ayırmışdı. Bununla belə əvvəlcə Ruqiyyə, onun vəfatından sonra da Ümmü Gülsüm Həzrəti Osman ilə evlənmişdir. Bu evliliklər səbəbi ilə Həzrəti Osmana “Zinnureyn” , yəni “iki nur sahibi” ləqəbi verilmişdir. Ən kiçik qız olan Həzrəti Fatimə isə, Peyğəmbərimiz tərəfindən Həzrəti Əli bin Əbu Talib ilə evləndirilmişdir.

Peyğəmbərimizin qiyamət gününə qədər davam edən pak nəsli, Həzrəti Fatimədən, həmçinin onun anası Həzrəti Xədicədən gəlir. Çünki Allah Rəsulunun Həzrəti Mariyadən başqa heç bir həyat yoldaşından uşağı dünyaya gəlməmişdir. Həzrəti Fatimədən doğulan Həzrəti Həsən ilə Həzrəti Hüseyn isə, Peyğəmbərimizin cənnətlə müjdələdiyi və üstünə titrədiyi göz nuru nəvələridir. Hal-hazırda bütün coğrafiyaya yayılmış olan, özlərinə “Ali Rəsul”, “Evladı Rəsul” və “Əhli Beyt” ləqəbi verilən “Səyyid” və “Şəriflər” də Həzrəti Həsən və Həzrəti Hüseynin qohumlarıdır. Allah qiyamətə qədər bu şərəfli ailəni dünyamızdan əskik etməsin. Amin.


Atakişizadə Əsmayə
Bu yazıya 737 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI
  • Allah Səni Mümtaz (üstün) qıldı