Qurbanın Hökmləri


Sevinc Vəkilova
Bu yazıya 575 dəfə baxılıb.

Allah Təalaya (mənəvi cəhətdən) yaxınlaşmaq üçün ibadət niyyəti ilə bəlli bir zamanda kəsilən heyvana qurban deyilir. Qurban kəsmək hicrətin ikinci ilində vacib olmuşdur. Qurban həmçinin Hz. İbrahimdən (ə.s.) gələn bir sünnədir. Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdu: “Bu (qurban) atamız İbrahimin (ə.s.) sünnəsidir” (Əbu Davud). Qurban kəsməyin hökmü Hənəfi məzhəbinə görə vacib, şafi məzhəbinə görə isə sünnədir. Qurban kəsməyin vacib olması üçün kəsən şəxsdə bu şərtlər olmalıdır. Müsəlman olmalı, ağıllı olmalı, həddi buluğ yaşına çatmalı, azad olmalı, muqim olmalı (səfərdə olmamalı), zəngin olmalıdır. Bu şərtlərdən hər hansı biri əksik olana qurban kəsmək vacib deyil. Qurban kəsməyin vaxtı qurban bayramının birinci, ikinci və üçüncü günüdür. Yəni zilhiccə ayının 10, 11, 12-sidir. Ancaq birinci gündə kəsmək daha fəzilətlidir. Qurban, şəhərlərdə və ya bayram namazı qılınan digər yaşayış mərkəzlərində bayram namazı qılındıqdan sonra, bayram namazı qılınmayan yerlərdə isə dan yeri ağardıqdan sonra kəsilməyə başlayır. Peyğəmbərimiz (s.ə.s.) belə buyurur: “Bizim bu günümüzdə ilk edəcəyimiz iş namaz qılmaq, sonra qayıdıb qurbanlarımızı kəsməkdir. Kim belə edərsə bizim sünnəmizə uymuş olur. Kim ki, bundan əvvəl qurbanını kəsəcək olarsa, həmin qurban ailəsinə təqdim edəcəyi ətdən başqa bir şey deyildir” (Buxari, Müslim). Qurban kəsmək vaxtını üç günlə məhdudlaşdırmaq barəsində Hz. Ömər, Hz.Əli və İbn Abbasdan belə nəql edilmişdir: “Qurban kəsmə günləri üç gündür, birinci gün ən fəzilətlisidir”. İmam Şafiyə görə isə qurban kəsmə vaxtı dörd gün olub, təşrik günlərinin sonuna qədər davam edər. Kəsilən qurbanın qəbul olunması üçün iki şərt var. Birincisi vaxt, ikincisi isə qurbanlıq heyvanın sağlam olması. Allaha yaxınlaşmaq məqsədi ilə kəsilən heyvanların qüsursuz olmasına diqqət edilməlidir. Qurban sahibi öz qurbanını kəsə bilməzsə başqa bir müsəlman qardaşına kəsdirə bilər. Ancaq heyvanı kəsən şəxs mütləq “Bismillah, Allahu Əkbər” deməlidir. Qurban sahibi varlı olsun, kasıb olsun, nəzir (deyilmə) qurbanından başqa digər qurbanların ətindən yeyə bilər və ya yedirə bilər. Ancaq qurban ətini satmaq olmaz. Qurban ətini paylayanda üç hissəyə bölmək müstəhabdır. Bir hissəni qonşulara və qohum - əqrəbaya, bir hissəni kasıb və yoxsullara, bir hissəsi də, öz ailə üzvlərinə saxlanar. Qurbanın dərisini satmaq məkruhdur. Ona görə də qurbanın əti kimi dərisi də heç bir əvəz gözlənilmədən ehtiyac sahibi bir müsəlmana verilir. Həmin hissələrdən qəssabın zəhmət haqqı da verilə bilməz. Çünki qurbanın hər bir hissəsi kasıblara təmənnasız verilməlidir. Bundan başqa qurbanın yağ, baş-ayaq, yun və s. kimi hissələrinin satılması da məkruhdur. Unutmamaq lazımdır ki, Allah Təalanın kəsilən

qurbanların nə ətinə nə də qanına ehtiyacı yoxdur. Ona çatan ancaq qurban kəsənin niyyəti, ixlası və təqvasıdır.


Sevinc Vəkilova
Bu yazıya 575 dəfə baxılıb.