GÜL YETİŞDİRMƏ SƏNƏTİ


Əlif GÜLDAR
Bu yazıya 1155 dəfə baxılıb.

Kiçik qız anasını sevindirmək üçün bir stəkan su ilə bir dəstə çiçək aparırdı. Nərdivanları çıxarkən ayağı ilişib yıxıldı, stəkan qırıldı. Anası qızının nə etmək istədiyini öyrənmədən qızına bir yumruq vurdu. Bununla da kifayətlənməyib, bir tərəfdən də "gözəl stəkanımı qırdın hə" deyə qışqırırdı. Təqdir və sevgi gözləyən qız, bir də yumruq yemişdi. Edilən haqsızlıq qarşısında çox hiddətləndi, uzun müddət olanları unuda bilmədi. Anasına qarşı daim kin saxladı ona bir daha çiçək hədiyyə etdiyi görülmədi. Uşaqlarımızın duyğularına dəyər verməzsək onlara haqsızlıq etmiş olarıq.

Uşaqlar ana və atalara Cənabı Haqqın bir əmanətidir. İki dünyada göz nuru olacaq övladlar yetişdirmək istəyiriksə bizlər də nümunəvi və mükəmməl ana, ata olmağa cəhd göstərməliyik. Yaxşı bir uşaq yetişdirmək xəzinə dolusu sərvətdən daha xeyirlidir çünki onlar yaşayan xəzinələrdir.

Yaxşı bir münasibət qurmağın yolu uşağı və özümüzü anlamaqdan başlamalıdır. Peyğəmbərimiz (s.ə.s.) buyurur: "Bütün uşaqlar Müsəlman (İslam fitrəti üzərinə) olaraq dünyaya gəlir, daha sonra bunları ana, ataları Xristian, Yəhudi və ya dinsiz edir". Hədisi-şərifdə uşaqların Müsəlman olaraq yetişdirilməsi və ya Müsəlmanlıqdan uzaq olaraq yetişdirilməsində ən mühüm iş uşaqlıqda və gənclikdə aldığı təhsil və tərbiyədir. O halda hər Müsəlman ana və atanın birinci vəzifəsi övladına İslamiyyəti və müqəddəs kitabımız Qurani Kərimi öyrətməkdir. Övlad nemətinin qiyməti bilinməzsə əldən gedər. Bunun üçün uşaq tərbiyəsi dinimizdə çox qiymətli bir elm sayılır. Rəbbimizin lütfü və əmanəti olan balalarımıza sahib çıxmalı və gözəl əxlaqla yetişmələri üçün cəhd göstərməliyik. Dinin əmrlərinə uyğun yaşayan, qadağalarından qaçan, şərəfini gözəlləşdirər, gözəl əxlaq sahibi olar. Gözəl əxlaqlı və möhkəm xarakterli olan insan hər iki dünyada da hüzura, səadətə və salamatlığa qovuşar, rahatlayar.

Ana və ata qətiyyən, kiçik yaşlarda belə olsa uşağı döyməməlidir. Səbirli olub gözəl tərbiyə verməyə çalışmalıdır. Tərbiyə olunan uşaq gözəlləşər, özünə inamı artar. Heç bir zaman alma toxumundan portağal olmaz. Lakin alma cücərtisini böyüdərək lazımlı peyvənd və tədbirlərlə keyfiyyətli bar verən bir ağac kimi yetişdirmək mümkündür. Gül yetişdirmək də böyük bir əmək istəyir. Ana və ata da bir bağban kimi səbirli və çalışqan olmalıdır. İnsan təbiətində olan bəzi arzular yox edilməz, lakin tərbiyə edilə bilər. Tərbiyə metodlarında şiddət ola bilməz. Uşağı döymək əxlaqının pozulmasına və daha da tərsləşməsinə səbəb olar. Döyülərək böyüyən uşaq anlayışlı və mülayim ola bilməz, kobud olar. Döyülmək ana-ataya qarşı kinə gətirib çıxarar. Uşaq öz etdiyinin pis bir şey olduğunu düşünməz özünü günahkar görməz, özünü döyəni günahlandırar. Döyülmək uşağın təcavüzkar olmasını təmin edər, başqalarını da döyə biləcəyini düşünər. Sözdən anlamayan uşağı əsla vurmaq olmaz.

Uşaqların əxlaqının yaxşı olması üçün dostlarının da tərbiyəli olması vacibdir.  Gözəl xüsusiyyətlər bir müddət sonra onun xasiyyətinə çevrilər. "Gənclik bir millətin gələcəyinin aynasıdır". Gənclik bir millətin ümidi və gələcəyidir. Gəncliyin xarakterinin inşasında möhkəm bir modelə ehtiyac vardır. Gənclikdə yoldaş çox əhəmiyyətlidir. Yoldaşın pisi bir gəncin başına gələ biləcək ən böyük fəlakətdir. Gəncliyə özlərinə nümunə ala biləcək öndərlər və şəxsiyyətlər təqdim etməliyik. Bunlar bizim tarixi dərinliklərimizdən məlumdur.

Gözəl bir söz vardır: "Bir il sonrasını düşünürsənsə buğda, on il sonrasını düşünürsənsə ağac ək, əsr sonrasını düşünürsənsə insan yetişdir" demişlər. Uşaqlarımızı məntiqli və yaradılışına uyğun olaraq öyrətməli və yetişdirməliyik. İnsanın qurtuluşu yaxşı bir təhsillədir. Uşağımızı çox tənqid etsək qınama və ayıblama öyrənər, kin və döyüş mühitində böyütsək döyüşməyi öyrənər. Lağ edilsə sıxılıb utanmağı öyrənər. Əgər davamlı utanc duyğusuyla böyüsə özünü günahlandırmağı öyrənər. Xoş münasibət ilə öyrədilsə uşaqlarımız səbirli olmağı öyrənər. Dəstəklənib ürəkləndirilsə yaxşı işlərdə özünə güvən duyğusu inkişaf edəcək. Gözəl hərəkətləri təriflənsə təqdir etməyi öyrənəcək. Dəstək və güvən görmüş bir uşaq ailəsini və özünü sevməyi öyrənəcək. Ailəsinin içində dostluq və yoldaşlıq görmüşsə xoşbəxt olmağı biləcək. Uşaqlarımıza israf etməməyi və təvazökar olmağı, yeri gəldiyində aza qənaət etməyi öyrətməliyik.

Ata uşaqlarla nə çox mülayim olmalı, nə də sərt olmalıdır. Danışmasının səviyyəsini qorumalıdır. Ana və ata uşaqlarına; Xəsisliyin çirkinliyini, comərdlərin cənnətə girəcəyini öyrətməlidir. Nəzakətli və zərif olmağın, səbirli və ədəbli olmağın,  yeri gələndə susmağın, böyüklərə hörmətin Peyğəmbər və İslam əxlaqı olduğunu izah etməlidir. Onları kiçikkən namaz qılmağa alışdırmalıyıq əks halda böyüyüncə namaz qılmaq çətin gələ bilər. Hər işini şüurlu və anlayaraq etməli olduğunu bildirməliyik.

Yemək-içməkdə məqsədin, yalnız qidalanmaq deyil yaşamaq və Rəbbimizə ibadət etmək üçün olduğunu izah etməliyik. Uşaqlara kiçik yaşda;  insanlara, vətəninə, millətinə, torpağına, bayrağına, milli və mənəvi dəyərlərinə faydalı olmaları, insanlarının səadəti üçün çalışmasının vacibliyini anlatmalıyıq. Dünyaya gəliş səbəbimizin də axirətə azuqə yığmaq üçün olduğu, çünki dünyanın heç kimə qalmadığı,  ölümün tez və bir anda gələcəyini izah etməliyik.

Xoşbəxtdir, o kəslər ki, dünyada ikən axirət hazırlığını görür və belə də övlad yetişdirir…

 

 


Əlif GÜLDAR
Bu yazıya 1155 dəfə baxılıb.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Müəllifin başqa yazısı tapılmadı.