Cümə Gününün Fəziləti


Sevinc Vəkilova
Bu yazıya 617 dəfə baxılıb.

Cümə günü müsəlmanların müqəddəs bir günündür. Buna görə müsəlmanlar bu günü həftəlik bayram sevinci ilə qarşılayırlar. Yuyunub təmizlənir və ən yaxşı libaslarını geyinərək məscidə gedirlər. Digər bayramlarımız kimi cümə günü də müsəlmanların birlik, bərabərlik və mənəvi qardaşlıq ruhunu gücləndirir. Cüməyə bu adın verilməsinin səbəbi, müsəlmanların cümə namazını qılmaq üçün toplanmalarıdır. İslamın zühurundan əvvəl ərəblər cümə gününə “ərubə” deyirdilər. Qurani-Kərimdə yer alan surələrin altmış ikincisi “Cümə” surəsidir. Allah Təala “Cümə” surəsinin doqquzuncu ayəsində belə buyurur: “Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz bu sizin üçün nə qədər xeyirlidir”.

Peyğəmbərimiz (s.ə.s.) də cümə gününə xüsusi bir əhəmiyyət göstərərdi. Əbu Əyyub əl-Ənsaridən (r.a) rəvayət olunduğuna görə Allah Rəsulu bir hədisində belə buyurmuşdur: “Kim cümə günü yuyunub gözəl ətirlər sürtər və əlindəki ən gözəl libasını geyinər, sonra sakitcə və vüqarla məscidə gedər, heç kimi narahat etmədən namaz qılaraq (tahiyyətül məscid-məscidi salamlama namazı) daha sonra camaatla namazını qılıncaya qədər də sakitlik içərisində gözləyərsə, bu hal ona iki cümə arasındakı günahları üçün kəffarədir”.

Cümə günündə duaların qəbul olunma saatı vardır və həmin vaxt gizlidir. İmam Buxari və Müslimin Əbu Hüreyrədən rəvayət etdiklərinə görə Peyğəmbərimiz (s.ə.s.) belə buyurmuşdu: “Cümə günü elə bir saat vardır ki, bir möminin namaz qılıb və etdiyi dua, o saata rast gəldiyi təqdirdə onun duası mütləq qəbul olunar. Ona istədiyi mütləq verilər”. Əbu Hüreyrədən belə rəvayət olunmuşdur: Peyğəmbərdən (s.ə.s.) cümə gününə nə üçün bu ad verildiyini soruşulanda belə cavab vermişdir: “Şübhəsiz, atanız Adəmin yaradılışı o gündə olmuşdur. Qiyamət o gündə qopacaq, yenidən dirilmə və insanların hesab üçün toplanması o gündə olacaqdır. Cümə günün üç saatının sonunda elə bir an vardır ki, o anda dua edənlərin duası qəbul olunur”.

Cümə namazı hər bir müsəlman kişi üzərində fərzi-ayndır. Cümə namazı dördü ilk sünnə, ikisi fərz və dördü son sünnə olmaqla on rükətdir. Cümə namazının vaxtı günorta namazının vaxtıdır.


Sevinc Vəkilova
Bu yazıya 617 dəfə baxılıb.