Cənnətdə Olmaq İstəyirsinizmi?


Fatimə Zəhra
Bu yazıya 812 dəfə baxılıb.

İctimai tərbiyə, İslamın ən mühüm sütünlarından biridir. Müsəlmanın ilk ictimai tərbiyəsi də camaatla namaz qılmaqdan başlayır. Tövhid üzərində inşa edilən İslam cəmiyyətində birlik və bərabərlik duyğusunu göstərən ən mühüm saleh əməl də budur. Harada camaatla namaz qılınırsa, orada İslamın ruhi və ictimai əhəmiyyəti idrak edilməyə başlanmış deməkdir. İslam, möminlərin camaat halında yaşamalarını, hər barədə bir-birlərini dəstəkləyib köməkləşmələrini və sanki tək bir saf kimi birlik və bərabərlik içində Allah yolunda cəhd göstərmələrini əmr edir.

Allah Təala belə buyurur:

"Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!" (Əs-Səff, 4).

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) də belə buyurmuşdur:

"...Birlikdə olmağınızı və bir-birinizdən ayrılmamağınızı istəyirəm. Çünki şeytan, tək başına yaşayan kəslərlə bərabərdir. İki adam da olsa, birlikdə yaşayanlardan isə uzaqdır. Cənnətdə olmaq istəyən kimsə, camaat namazında iştirak etsin..." (Tirmizi, Fitən, 7/2165)

Namazın hər rükətində oxuduğumuz Fatihə surəsində, "Ancaq Sənə ibadət edər və ancaq Səndən kömək istəyirik!" deyərkən, gündə ən az qırx dəfə, camaat halında olduğumuzu Rəbbimizə ifadə edirik.

Peyğəmbərimizin həm Qubada, həm də Mədinəyə təşrif buyurduqlarında etdikləri ilk iş, bir məscid tikmək olmuşdur. Özləri də şəxsən tikintisində çalışaraq İslam camaatının təməlini atmışdır. Peyğəmbərimizin bu sünnəsini izləyən ümməti də şəhərlərin abadlığında əvvəla mərkəzə əzəmətli bir məscid tikmiş, sonra da şəhəri bu məscidin ətrafına bir nur qalası kimi hörmüşdülər.

Bu səbəbdən namazları camaatla birlikdə yerinə yetirmək, İslamın məqsədinə ən uyğun bir davranış və Uca Mövlamızın əmridir.

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) buyurur:

"Müsəlman bir kimsə, namaz və zikr üçün məscidlərdə çox olarsa, Allah Təala onun bu halından eynilə bir ailənin, qürbətdəki yaxınları döndüyündə sevindiyi kimi, sevinc duyar və xoşlanar" (İbni Macə, Məsacid, 19).

"Hər kim məscidə ülfət etsə, Allah da onunla ülfət edər" (Süyuti, II, 143).

"Sizə Allah Təalanın, səhvləri nə ilə silib dərəcələri nə ilə yüksəltdiyini xəbər verimmi? Soyuq günlərdə dəstəmaz almaq, uzaq yerə camaat namazına getmək və namazı yerinə yetirdikdən sonra digər vaxtı gözləməkdir. Əsl bağlılıq da budur! Əsl bağlılıq da budur! Əsl bağlılıq da budur! " (Muvatta, Kasrüs-Salat, 55)

Allah Rəsulu (sallallahu əleyhi və səlləm), camaat namazına səhlənkarlıq göstərənlərə qarşı güzəşt göstərmədən belə buyurmuşdur:

"Kim, müəzzini eşidib və ona mane olan üzrlü bir səbəb olmadığı halda camaat namazına getməzsə, qıldığı namaz (kamil bir namaz olaraq) qəbul edilməz". Əshabı kiram:

"- Ey Allahın Rəsulu! Üzr nədir?" dedilər. Peyğəmbərimiz:

"Təhlükə qorxusu və ya xəstəlikdir", buyurdu (Əbu Davud, Salat, 46/551).

Camaatı tərk etmək, İslam cəmiyyətinin dağılmasına səbəb olar. Cənabı Haqq, camaatı parçalayan kəsləri bu şəkildə tənqid edir:

"Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur..." (əl-Ənam, 159)

 

***

Allah Rəsulunun (sallallahu əleyhi və səlləm), vəfatına səbəb olan xəstəliyi əsnasında belə vasvasılıq göstərdiyi ən mühüm xüsuslardan biri də camaat namazı olmuşdur. Həzrət Ənəsin bildirdiyinə görə Fəxri Kainat Peyğəmbərimiz, xəstəliyinin yalnız son üç günündə camaat namazında iştirak edə bilməmişdir (Buxari, Azan, 46).

Həzrət Aişə (radiyallahu anhə) deyir ki:

"Nəbiyyi Əkrəmin (sallallahu əleyhi və səlləm) xəstəliyi şiddətləndiyi zaman:

«Səhabələrim namaz qıldımı?», deyə soruşdu.

«Xeyr, ya Rəsulullah, Sizi gözləyirlər», dedik.

«Elə isə mənim üçün su hazırlayın!», buyurdu. Su qoyduq, yuyundu. Qalxmaq istədiyi zaman huşunu itirdi. Bir müddət sonra ayıldı. Yenə:

«Səhabələrim namaz qıldımı?», deyə soruşdu.

«Xeyr, ya Rəsulullah, Sizi gözləyirlər», dedik.

«Elə isə mənim üçün su hazırlayın!», dedi. Su qoyduq, yuyundu.

Qalxmaq istədiyi zaman yenə də huşunu itirdi. Bir müddət sonra ayıldı. Bu hal bir neçə dəfə təkrarlandı. O əsnada insanlar, məsciddə Peyğəmbəri şam namazına gözləyirdilər. Bundan sonra Allah Rəsulu, namaz qıldırması üçün Həzrət Əbu Bəkirə xəbər göndərdi. Əbu Bəkir (radiyallahu anh) kövrək qəlbli bir insan idi, bu səbəblə Həzrət Ömərə:

«Ya Ömər, insanlara namazı sən qıldırarsanmı?» dedi. Həzrəti Ömər isə:

«Sən buna daha çox layiqsən» deyə cavab verdi. O günlərdə namazı Əbu Bəkir (radiyallahu anh) qıldırdı.

Daha sonrakı günlərdə Rəsulullah (sallallahu əleyhi və səlləm) özünü bir az yaxşı hiss edincə iki adamın qollarına girərək, günorta namazı üçün məscidə çıxdı. (Gedərkən taqətsizliyindən ötəri mübarək ayaqlarını yerdə sürüməsi hələ gözümün önündədir.) (Buxari, Azan, 67.)

Həzrət Əbu Bəkir bu əsnada namaz qıldırırdı. Peyğəmbərimizin gəldiyini görüncə geri çəkilmək istədi. Ancaq Rəsulullah (sallallahu əleyhi və səlləm) ona, yerindən ayrılma, deyə işarə etdi. Sonra gəlib Həzrət Əbu Bəkirin yanında oturdu. Bu vəziyyətdə Əbu Bəkir (radıyallahu anh), Həzrət Peyğəmbərə, insanlar da Həzrət Əbu Bəkirə tabe olaraq namazı tamamladılar" (Buxari, Azan, 51).

 

***

Ənəs (radıyallahu anh) belə rəvayət edirdi:

"Həzrət Əbu Bəkir namaz qıldırırdı. Nəhayət, bazar ertəsi günü olunca saf-saf namaza durduğumuz zaman Rəsulullah (sallallahu əleyhi və səlləm) pərdənin arxasından bizə

tamaşa edirdi. Ayaq üstə durmuşdu. Siması Mushaf yarpağı kimi tərtəmiz idi. Sonra təbəssüm etdi, mübarək dişləri göründü. Nəbiyyi Əkrəm Peyğəmbərimizi gördüyümüz zaman o qədər sevindik ki, az qala namazı pozacaqdıq. Həzrət Əbu Bəkir, Allah Rəsulunun namazda iştirak edəcəyini düşünərək safa girə bilməsi üçün geri çəkilməyə başladı. Ancaq Fəxri Kainat (sallallahu əleyhi və səlləm), namazınızı tamamlayın, deyə işarə edib pərdəni örtdü. Bax, bu Onu son görüşümüz oldu, o gün dünya həyatına vida etdi" (Buxari, Azan, 46).

Allah Rəsulu, arxasında, möhkəm inşa edilmiş bir bina kimi tək saf halında və namazlarına camaatla davam edən bir toplum qoyduğu üçün o qədər sevinmişdi ki, onları seyr edərkən mübarək üzündə güllər açmışdı. Aləmlərin Sevimlisi kainatı işıqlandıran bu təbəssümü əshabı kirama ümid vermişdi, lakin O, artıq könül hüzuru ilə Rəfiqi Əlaya yönəlmiş, vüslət anını gözləyirdi.

Rəsul Əkrəmin vəfatı əsnasında son sözləri:

"Namaza, xüsusilə namaza diqqət yetirin. Əlinizin altında olanlar haqqında da Allahdan qorxun", olmuşdur (Əbu Davud, Ədəb, 123-124/5156; İbn-i Macə, Vasaya, 1).

***

Belə ki, camaat namazına davam etmək, imanda sədaqətin bir təzahürüdür.

Necə ki, Peyğəmbərimiz:

"Bir şəxsin daim məscidə getdiyini görsəniz, onun imanlı biri olduğuna şahidlik edin", buyurmuş və:

"Allahın məscidlərini yalnız Allaha və Axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaşdırar. Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar", (ət-Tövbə, 18) ayəyi-kəriməsini oxumuşdur. (Tirmizi, İman, 8/2617)

 

Yazıda möhtərəm Osman Nuri Topbaşın əsərlərindən istifadə olunmuşdur.


Fatimə Zəhra
Bu yazıya 812 dəfə baxılıb.