"Şimal limonu" - Zirinc


Kəmalə Hüseynova
Bu yazıya 1263 dəfə baxılıb.

Zirinc kulinariyada geniş istifadə olunur. Lakin insanların bir çox hissəsinin bu giləmeyvənin faydalı xüsusiyyətləri haqqında xəbəri yoxdur.

Adi zirinc 2-3 m hündürlükdə olub, qol-budaqlı kol bitkisidir. Cavan budaqları sarı-qonur rəngdədir, yarpaqları incədir, ellips və ya yumurtavarı lanset formadadır, kənarı kiprikvarı mişar şəklindədir. Çiçəkləri salxım formasındadır. Meyvəsi şirəlidir, yetişəndə parlaq qırmızı, bəzən isə sarı-qırmızı rəng alır. Dadı turşdur. Bitki aprel-may aylarında çiçək açır, meyvələri sentyabr-oktyabırda yetişir. Onu da bildirək ki, zirinc həddindən çox işıqsevən bitkidir. Ona görə də o, mümkün qədər günəş işıqlarının birbaşa təsiri altında olmalıdır. Kölgədə zirincin məhsulu çox az olur. Küləkli ərazilərdə də yaxşı bitmir. Zirincin təzə yığılmış meyvələri ələkdə sıxılır, yuyulur, qurudulur və yaz əkini vaxtı səpilir.

Adi zirinc Azərbaycaının əksər rayonlarında – ovalıqdan başlayaraq orta dağ qurşağına qədər yayılmışdır. Bu bitkiyə daha çox meşəliklərdə, meşə açıqlıqlarında, çay vadilərində, kolluqlarda rast gəlinir.

Azərbaycanda adi zirincin sənaye əhəmiyyətli ehtiyatı vardır. Dərman məqsədilə adi zirincin yarpaqlarından, köklərindən, gövdə və budaqlarının qabıqlarından, meyvələrindən istifadə olunur. Yarpaqları bitki çiçəkləyən dövrdə, köklərini payızda, qabıqları yazın ilk ayında, meyvələri isə tam yetişəndə (sentyabr-oktyabr aylarında) toplayıb, açıq quru havada qurudur və quru, havası dəyişilən binalarda saxlayırlar. Meyvələrini xüsusi quruducuda və ya peç üzərində qurudurlar.

Zirinci "şimal limonu" adlandırırlar, bu da səbəbsiz deyil. Zirinc bəzi xüsusiyyətlərinə görə həqiqətən limona bənzəyir. İlk növbədə zirinc C vitamini ilə zəngindir. Bundan əlavə zirincdə orqanik turşular, alkaloidlər, efir yağları, pektinlər və s. faydalı maddələr var.

Qədim vaxtlarda zirincdən qandayandıran, iştahanı artıran vasitə kimi istifadə olunurdu.

Müasir tibb zirincin bir çox faydalı xüsusiyyətlərini təsdiq edir. Belə ki, zirincin tərkibində nadir maddə "berberin" var ki, bu maddə qara ciyərin, öd kisəsinin fəaliyyətinə çox müsbət təsir edir, ödqovucu təsir edir. Adi zirincin köklərindən alınan berberin alkoloidindən sulfat duzu şəklində, tablet formada preparat hazırlanır və ondan öd yollarının xəstəliklərinə qarşı ödqovucu dərman kimi işlədilir.

Zirinc "ağır" qidaların mənimsənilməsini sürətləndirir və asanlaşdırır. Bu səbəbdən zirinc tez-tez ət yeməklərinə əlavə olunur. Zirinc orqanizmə antibakterial və virus əleyhinə təsir edir, iltihabı azaldır.

Zirinc dəmləməsi öskürək, angina, nəfəsalma orqanların iltihabları zamanı çox yaxşı müalicəvi təsir edir. Dəmləməni hazırlamaq üçün 1 çay qaşığı qurudulmuş zirinc 1 fincan qaynar suda 1/2 saat ərzində dəmlənilir, 1/2 çay qaşığı bal əlavə olunur və içilir. Belə dəmləmə həmçinin immun siteminə də çox müsbət təsir edir, orqanizmi möhkəmləndirir, orqanizmin virus və bakteriyalara olan davamlılığını artırır. Zirinc yarpağından "öd qovucu çayın" tərkibində də verilir.

 

 

Zirincin meyvələri də çox faydalıdır. Meyvələri C vitamini ilə çox zəngindir. C vitaminindən başqa tərkibində limon və alma turşuları, pektin və şəkərli maddələr və s. vardır.

Xalq təbabətində zirinc meyvələrindən həm təzə – təzə dərilmiş, həm də qurudulmuş halda sinqa, raxit, qan azlığı isitmə (malyariya), eləcə də mədə – bağırsaq xəstəliklərində çox qədimdən mürəbbə, şərbət, firni hazırlanır. Quru meyvələrdən isə çay kimi dəmləyib istifadə edirlər. Zirincin meyvələrindən yeyinti sənayesində də müxtəlif mürəbbə, kompot və s. məmulat hazırlanıb işlədilir.

 

Zirincin köklərinin qabığının həlimi qaraciyər, öd kisəsi xəstəliklərində və dalaq böyüməsində qəbul edilir.

Həlim: 1 çay qaşığı kökləri və ya qabıqları 2 stəkan qaynar su tökülərək, 5 dəqiqə qaynadılır, dəmlənir, süzülür, yeməkdən qabaq gündə 3 dəfə ½ stəkan içilir.

Zirincin yarpaqlarından, köklərindən və qabıqlarından hazırlanan dərmanlar arterial təzyiqi aşağı salır, ürək döyüntüsünü stabilləşdirir.

Zirincli plov

Tərkibi:

1 kq. düyü

1 kq. təzə quzu əti

3 soğan

1 st. zirinc

duz, istiot, sarıkök

lavaş

kərə yağı

Hazırlanması:

Düyünü yuyun, 2-3 saat duzlu suda saxlayın. Əti tikələrə ayırın və soğanı yarımhalqa doğrayın. Duz, istiot vurub qarışdırın. Zirinci suda isladın. Daha sonra düyünü qaynadıb süzün. Zirincin suyunu süzüb düyü ilə qarışdırın.

Qazanın dibinə kərə yağı tökün. Lavaşı dibinə döşəyin. Üstünə azca yağ gəzdirib ətlə soğanı döşəyin. Bunun da üstünə azca yağ gəzdirin. Düyünü üstünə yayın. Düyünün üstündə dəlik açın. Üstünə kərə yağı gəzdirin, sarıkök səpin. Qazanın qapağına təmiz dəsmal bağlayıb, ağzını kip örtün, vam odda dəmləyin. Nuş olsun!


Kəmalə Hüseynova
Bu yazıya 1263 dəfə baxılıb.