Cənnət Gənclərinin Baş Tacı Həzrət Hüseyn


Bizim Ailədən
Bu yazıya 825 dəfə baxılıb.

Məhərrəm ayı tarix boyunca insanlıq üçün sevindirici və kədərləndirici hadisələrin baş verdiyi bir aydır. Xilafətdə iki böyük siyasi güc formalaşmışdı. Bir tərəfdə Əli bin Əbu Talibin, digər tərəfdə isə Əməvilərin nümayəndələri bir-birlərinə qarşı mübarizə aparırdılar. Əli bin Əbu Talib 661-ci ildə Xaricilərdən olan Əbdülrəhman ibn Məlumun sui-qəsti nəticəsində öldürüldü. Hakimiyyət xəlifələrin qatı düşməni olan I Müaviyənin əlinə keçdi.

Məhərrəm ayının İslam dünyasında bu qədər məşhurlaşmasının səbəbi bu ayda Kərbala faciəsinin baş verməsidir. Hicri tarixlə altmış birinci ildə Peyğəmbərimizin (s.ə.s.) nəslindən gələn bir qrup seçkin insan Kərbalada vəhşicəsinə şəhid edilmişdir. Bu faciə İslam tarixinin gördüyü ən dəhşətli hadisələrdən biridir. Bu cinayətin İslam dünyasının bağrında açdığı yara hələ də qanamaqdadır. Hz. Peyğəmbər də əhli-beyti, səhabələri sevməyimizi və onları özümüzə rəhbər tutmağı tövsiyə etmişdir. Əhli-beyti sevmək və onları hər zaman xeyirlə yad etmək hər bir müsəlmanın vəzifəsi olmalıdır.

İslam tarixinin silinməz yaddaşına həkk olan Kərbala faciəsinin səbəbkarları və bu cinayəti işləyənlərin hər biri Allahın qəzəbinə düçar olmuşdur. Onun üçün bu gün bizlərə yaraşan qardaşlıq havası içində bu cinayəti törədənləri qınamaq, Kərbala faciəsi haqqında kitablar oxuyaraq Hz. Hüseyni yad etmək, bu cür hadisələrin bir daha təkrarlanmaması üçün Uca Allaha dua etmək və bu hadisədən ibrət almaqdır. Hz. Hüseyn şəhid edilməsindən bir müddət əvvəl, öz sevimli bacısı Hz. Zeynəbə onun ölümü üzərinə matəm saxlamaması üçün nəsihət edərək belə demişdir: “Mənim əziz bacım! Sənə and verirəm (Allaha), mən ölsəm paltarlarını yırtma, üzünü-gözünü cırma, mənə görə kiməsə lənət oxuma, öz ölümünü istəmə!” (əl-Kamil, İbn Kəsir IV).

Demək olar ki, bütün mühüm tarixi hadisələr düşmənlərin əli ilə təhriflərə məruz qalır. Kərbəla qiyamının mahiyyətini təhrif etmək üçün də düşmənlər xeyli səy göstərmişlər.

İmam Hüseyn hərəkatının ilk günlərindən başlayaraq Bəni-Üməyya onu İslam xilafətinə qarşı qəsd, ölkədaxili əmin-amanlığa və asayişə hədə, üsyankarlıq kimi göstərməyə çalışdı.

Hətta İmam Hüseyn və tərəfdarlarını şəhid etdikdən sonra onların kəsik başlarını "üsyankar" adı ilə şəhərbəşəhər gəzdirdilər. Şəhidlərin ailə üzvlərindən ibarət əsirlər karvanını isə gah üsyankarların, gah da İslam məmləkətinə hücum etmiş kafirlərin ailəsi kimi təqdim etdilər. Lakin qısa zaman ərzində bu təhriflər öz qüvvəsini itirdi. Beləliklə, düşmən bu hadisəni təhrif edə bilmədi.

İmam Hüseyn İslamda şəhadət məktəbi yaratmış, ədalət uğrunda aparılan mübarizənin nümunəsini vermişdir. Müqəddəslərimiz istəyirdilər ki, İmam Hüseyn məktəbi diri qalsın. İstəyirdilər ki, "mən şərəflə ölməyi - səadət, zalımlara tabe halda yaşamağı - zillət sayıram", - şüarı hər il yaddaşlarda canlansın. Amma təəssüf ki, bəzi adamlar bu məqsədi başa düşməmişlər. Uca Allah cümləmizi bu hadisəni doğru oxuyub və ondan ibrət alan qullarından etsin!


Bizim Ailədən
Bu yazıya 825 dəfə baxılıb.